“Fövqəlnazir”ə 80 milyonluq «hədiyyə»

Heydərovun təyyarəsi üçün Qəbələdə aeroport tikiləcək

 

Bu ilin büdcəsində Qəbələdə aeroport tikintisi üçün külli miqdarda vəsait nəzərdə tutulub – 80 milyon manat.
Bu məbləğ builki büdcə xərcləri daxilindədir. Yəqin ki, gələn ilin büdcəsindən də bu qədər məbləğ tutulub həmin aeroportun tikintisini davam etdirəcəklər. Bu məbləğin üst-üstə nə qədərinin mənimsəniləcəyini hesablamaq lazımdır. Amma indidən – hesablamadan belə bir sual qoymaq olar ki, Qəbələdə aeroport tikmək lazımdırmı?
Bizim təcrübəmizdə belə bir ironik fakt var axı… Lənkəranda yeni aeroport tikiləndən sonra oradan Bakıya təyyarə ilə… bir nəfər sərnişin uçmuşdu. Qəbələ aeroportundan olan uçuşlarda isə beş-on nəfərin olacağı proqnozlaşdırılır.
Qəbələyə ən yaxın rayonlar olan Zaqatala və Yevlaxda aeroportlar var. Gəncədə də böyük bir aeroport işləyir. Qəbələ aeroportuna gündə dünyanın neçə şəhərindən təyyarələrin gələcəyini təxmin etmək müşkül işdir. Buna görə də təxminsiz belə bir qənaətə gəlmək olar ki, bu aeroport fövqəlnazirin o rayondakı biznes strukturlarının perspektivi üçün nəzərdə tutulur. Eyni zamanda və əsasən, cənab nazirin şəxsi təyyarələri də (minik və yük) bu hava limanının daimi qonaqları olacaq.

 

İnformasiya şöbəsi