Müxalifət nə zaman meydanlara çıxacaq?

Fuad Qəhrəmanlı: “Yazda aksiyalara başlayacağıq, ona qədər də hazırlıq gedəcək”

 

Son vaxtlar müsəlman dövlətlərində baş verən inqilablar Azərbaycanın ictimai rəyində də canlanma yaradıb. Baş verənlərdən həm hakimiyyət, həm də demokratik qüvvələr özü üçün müəyyən nəticələr çıxarmaq fikrindədir. Məsələn, Azərbaycan müxalifəti demokratik dəyişikliklər tələbini aktuallaşdırmaq üçün kütləvi aksiyalara başlamağı qərarlaşdırıb. Hələlik aksiyaların dəqiq vaxtı ilə bağlı qərarlar verilməsə də, bu istiqamətdəki müzakirələr intensivləşib. 
 

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirir ki, aksiyalara başlamaqla bağlı təmsil olunduğu partiyada da müzakirələr aparılır: “Belə qərara gəlinib ki, yazda  aksiyalara başlanılsın. Ona qədər də hazırlıq işləri getsin. Mətbuatdan bilirik ki, digər partiyalarda da bu istiqamətdə müzakirələr gedir. Bizim istəyimiz odur ki, bu dəfə proses daha kütləvi təşkil olunsun. Tək partiya üzvlərinin deyil, bütünlükdə cəmiyyətin bu proseslərdə iştirakı təmin edilsin. Orta Şərq ölkələrində baş verən kütləvi etiraz dalğalarından sonra cəmiyyətdə kütləvi aksiyalarla bağlı sosial sifariş yaranıb. Narazı təbəqə indidən bu aksiyaların keçirilməsi ilə bağlı müraciətlər edir. Bu da o deməkdir ki, aksiyalar tək müxalifətin yox, həm də cəmiyyətin qərarıdır. Bu da siyasi proseslərin inkişafına ciddi təsir göstərəcək”. 

Müsavat başqanının müavini Tofiq Yaqublu hesab edir ki, son zamanlar dünyada baş verən demokratik dəyişikliklər, xalq azadlıq hərəkatları Azərbaycan cəmiyyətini də ruhlandırıb. Bu baxımdan kütləvi aksiyalar keçirmək yenidən müxalifətin gündəminə daxil olub: “Hamı daha çox inanmağa başlayıb ki, dünya ölkələrinin demokratikləşməsi qarşısıalınmaz prosesdir. Diktator rejimlərinin sonu gəlməkdədir. Bütün bunlar Azərbaycanda da kütləvi aksiyalar məsələsini aktuallaşdırır”.
T.Yaqublu son günlər Müsavat Partiyasında aksiyalarla bağlı müzakirələrin intensivləşdiyini və yaxın günlərdə bu istiqamətdə konkret qərarların qəbul ediləcəyini bildirdi: “Aksiyalara başlamağı düşünürük. Fevralın sonu, martın əvvəllərində ola bilər. Konkret qərar yaxın günlərdə qəbul olunacaq. Xüsusən də AXCP ilə birlikdə kütləvi aksiyalar keçirmək planlarımız var. Məsləhətləşmələr aparıb qüvvələri birləşdirmək lazımdır”.

Gültəkin