Əliyevin yerdəyişmə oyunu nəyə xidmət edir?

Hökumətin antikorrupsiya tədbirləri adı altında ciddi addımlar atacağı ilə bağlı gurultulu anonslar verilsə də, prezidentin son sərəncamı bunun yalan olduğunu göstərdi. Belə ki, son dövrlər regionlarda əhalinin məmur özbaşınalıqlarından narazılığı artmaqda idi. Əhalinin qismən sakitləşdirmək üçün bu məmurlardan bəzilərinin cəzalandırılacağını ehtimal etmək olardı. Lakin Ilham Əliyev narazılıqların artdığı rayonların icra başçılarının bəzilərinin yerlərinin dəyişdirilməsi, bəzilərinin isə daha yüksək vəzifəyə keçirilməsi ilə bağlı sərəncam verdi. Bununla da ölkə əhalisi ilə hesablaşmadığını bir daha sübut etdi. Ölkə başçısının xalqla hesablaşmamağının əsas səbəbi nədir?

«Korrupsiya o qədər dərinlərə işləyib ki, bu sistemdə hər hansı dəyişiklik hakimiyyət strukturlarını deqradasiya vəziyyətinə gətirə bilər»

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Azərbaycanda korrupsiya o qədər dərinlərə işləyib ki, bu sistemdə hər hansı dəyişiklik və yaxud korrupsiyanın başında oturan insanlardan birinin cəzalandırılması hakimiyyət strukturlarını deqradasiya vəziyyətinə gətirə bilər. Ona görə də belə bir şəraitdə hər hansı islahat aparmaq imkanları perspektivsizdir. Sadəcə olaraq korrupsiyaya qarşı mübarizə kampaniyası xalqı aldatmaq, onların etirazını azaltmaq üçün reallaşdırılan hərəkətdir. Bunun da perspektivi yoxdur.
N.Məmmədlinin sözlərinə görə, əhali arasında korrupsiyaya qarşı mübarizənin perspektivinə inanan yoxdur. Bu mənada hakimiyyət artıq ciddi addımlar atmaq imkanlarını da itirib.

«Xalqı itaətdə saxlayan, daha çox sıxan, repressiyaya məruz qoyan insanlar yüksək vəzifələrə gətirilir»

ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, hakimiyyət onun həyata keçirdiyi siyasətə daha çox xidmət edənləri dəyərləndirir. Bu iqtidarın mahiyyəti ondan ibarətdir: “Iqtidar xalqın mənafeyi baxımından siyasət aparmır. Öz hakimiyyətinin mənafeyini güdür. Ona görə müəyyən yerlərdə xalqı itaətdə saxlayan, daha çox sıxan, repressiyaya məruz qoyan insanlar yüksək vəzifələrə gətirilir”.

Fizzə