“İlham Əliyev Peyğəmbərin övladıdır”mı?

Bunu Rafiq Tağı yazmayıb və «Məhəmməd Peyğəmbər» Nəşriyyatı nəşr edib

Ərəb diktatorlar bir-birinin dalınca güdaza gedir. Nəyin güdazına? Tamahkarlığın, acgözlüyün, hakimiyyət hərisliyinin… Diktatorları hakimiyyətə bağlayan müqəddəs heç bir duyğu yoxdur. Amma diktatorlar hakimiyyəti insanların ən müqəddəs dəyərlərini – duyğularını sinikcəsinə istismarla zəbt edirlər.
Hüsnü Mübarək, “mən hakimiyyət hərisi deyiləm” dedi. Müəmmər Qəddafi özünün heç nəyə yaramayan “Yaşıl kitab”ı ilə Liviya ərəblərinin zəhləsini tökmüşdü. O biri diktatorların da bu cür “müqəddəs” arqumentləri vardı. Amma bu arqumentlər yalnız onların öz bütpərəst təfəkkürlərinin və material iddialarının doğduğu “müqəddəsat”dır. Bu dəyərlər normal və şüuru bəşəri bilik, vərdiş və həyat üçün hesablanmış bütün insanlar üçün müqəddəs deyil, iyrəncdir.
Bugünlərdə Azərbaycanda bir kitab çıxıb. Bu kitabın müəllifi iddia edir ki, “Heydər Əliyev peyğəmbərdir, onun oğlu Ilham Əliyev isə peyğəmbərin varisidir”. Mən bu kitabı yazan insanın dəyərlərinin hansı meyarlar əsasında müəyyənləşə biləcəyi barədə mülahizələr yürütmək istəmirəm. Amma birmənalı olaraq dərk edirəm ki, bu sayaq iddialar təsadüfdən irəli sürülmür. Bu iddialar zərurətdən də yaranmır. Onlar ənənələr üzərində doğur. Çağdaş Azərbaycanın iyrənc gerçəkliyini oluşduran ənənələr üzərində.
Heydər Əliyev tipik diktator idi. Bu gün bir-birinin ardınca devrilən ərəb diktatorların sırasından olan bir diktator. Onun oğlu Ilham Əliyev də həmin sıradan olan diktatorlardan biridir. Yalnız diktatorlar özlərinin bu qədər fetişləşdirilməsinə rəvac verirlər. Yalnız onlar yaltaqlığın və məddahlığın ürək bulandıran ölçüsündə özlərini rahat hiss edirlər.
“Heydər Əliyev peyğəmbərdir” ifadəsi ortalığa birdən-birə çıxmayıb ki… Bu vaxta qədər dəfələrlə müxtəlif azərbaycanlıların dilindən hətta “Heydər Əliyev bizim Allahımızdır” kimi ifadələr də səslənib və bu cür ifadələr hər zaman yaramaz bir sükutla, vicdansızcasına razılıqla, ən yaxşı halda passiv (müşahidə olunmayan) etirazla qarşılanıb.
Heydər Əliyev Azərbaycanda dünyəvi bir hökumətin başçısı idi. Onun hesabına var-dövlət və mənsəb qazananlar onu “ümummilli lider”, yerdə qalan bütün azərbaycanlılar isə Azərbaycanda avtoritar bir rejim yaradan, Sovet hökumətinin zamanında isə burada ən qəddar üsuli-idarənin əsasını qoyub minlərlə insanı sovet repressiya maşınının təkər- ləri altına atan bir hökumət başçısıdır. Onun oğlu Ilham Əliyev isə ölkə vətəndaşlarına münasibətdə atasından daha qəddar mövqe tutan, iri və çox iri neft pulları hesabına çox iri bir repressiya aparatı yaradan, dövlətin idarə edilməsində qanunsuz vasitələrin istifadəsini maksimum həddə çatdırmağı, korrupsiya hesabına dövlət əmlakının misilsiz səviyyədə mənimsənilməsini təşkil etməyi bacaran hakimiyyət rəhbəridir. Onların hər ikisi hakimiyyətin idarə edilməsində klan quruculuğu və klanları istiqamətləndirmək, yalnız bu klanların mənafelərini təmin etmək prinsipini sarsılmaz xətt kimi intixab etmiş dövlət başçılarıdır. Onlar bu sayaq idarəçiliyin hesabına öz klanlarını Azərbaycanın və dünyanın ən varlı ailəsinə çevirməyi bacarmış, milləti isə dünyanın ən yoxsul millətləri səviyyəsinə endirmişlər.
Bu gün ardıcılları və teoloji sistemi olan elə bir din yoxdur ki, həmin din bu keyfiyyətlərin daşıyıcısı olan tarixi və ya mifik şəxsiyyəti “Peyğəmbər” elan etsin. Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmanlardır. Islam dininə görə, bu epitetin Allahın iradəsi dışında kiməsə aid edilməsi kafirlikdir. Yəhudilik və xristianlıq da eyni dəyəri bölüşür. Deməli, “Heydər Əliyev peyğəmbərdir, onun oğlu Ilham Əliyev isə peyğəmbərin oğludur” ifadəsi bir müsəlmana və ya sair səmavi dinlərə etiqad edən birisinə məxsus ola bilməz. Bu, küfrdür, kafir ifadəsidir.
Bəlli bir həqiqət də var ki, Prezident Administrasiyası Heydər və Ilham Əliyev haqqında kitab yazmağı məhdudlaşdırıb, müəlliflərə və naşirlərə tapşırıb ki, lisenziyası olmayan kəslər belə kitabları yaza və ya çap edib yaya bilməzlər. Bu, senzura deyil və görünür, adı çəkilən şəxsləri şit, bayağı yaltaqlığın doğura biləcəyi ictimai ikrahdan qorumaq cəhdidir. Hər halda, bu başdan-başa “Əliyevşina”nın daxili problemidir.
Amma bu cür elan edilməmiş bir yasaq varsa, deməli, bizim bəhs etdiyimiz kitab həmin yasağın lisenziyasını alaraq dərc edilib.

***

Sözügedən kitab nə az, nə azacıq, “Məhəmməd Peyğəmbər” adlı bir Nəşriyyat tərəfindən 2011-ci ildə, lap bizim günlərdə dərc edilib. Deməli, bu kitabın naşirləri iddia edirlər ki, onlar müsəlmandırlar.
Kitabın müəllifi də müsəlman adı ilə təqdim edilir: Kərbəlayi Şeyx Ağazal Qurbanov. Ad kifayət qədər gurultulu səslənir və adın əvvəlindəki titula görə şiə məzhəbindən olduğu bilinir.
Kitabın adı da hədsiz müsəlman arqumentasiyasına bağlıdır: “Sonuncu Peyğəmbər” adlı bu kitab Islam peyğəmbəri Həzrəti Məhəmmədə həsr edilib.
Bu kitabda bölmələrdən birinin adı isə Islamın bu ən güclü dəlillərindən birini (“Məhəmməd sonuncu peyğəmbərdir”) dəlilini inkar edir və “Rəhbər Peyğəmbər” adlanaraq Heydər Əliyevə həsr edilir.
Kitabın digər bir bölməsi isə Ilham Əliyevə həsr edilərək “Peyğəmbər övladı” adlanır.
Mənim demək istədiklərim bu qədər.
Amma ikicə əlavəm var. Biri budur ki, Bakı şəhərində “Məhəmməd Peyğəmbər Məscidi” darmadağın edilib və orada minbərdə – minarədə Heydər Əliyevin adı-şəkli yox idi. Ikinci əlavəm budur ki, Azərbaycanın dini elitası və iman adamları bu küfrün nəşrini necə qarşılayırlar (Lütfən, gəlin gedək Rafiq Tağını öldürməyək, qoyun yaşasın…)?