Mənim korrupsiya ilə mübarizəm və başıma gələnlər
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun mənə qarşı etdiyi qanunsuz hərəkətlər və özbaşınalıqlarla əlaqədar olaraq 5 ildir mübarizə aparıram. Bu müddət ərzində K.Həsənovun və onun tərəfdarlarının hər an təqib və təzyiqlərinə məruz qalmış, qanunsuz olaraq işdən çıxarılmışam. Dəfələrlə məni qurama ittihamlarla həbs etdirmək istəmiş, şəxsən özü mobil telefonuma zəng edərək məni ölümlə hədələmişdir. Üzləşdiyim haqsızlıqlarla bağlı yazmadığım instansiya, döymədiyim qapı, şikayət etmədiyim hüquq-mühafizə orqanları, məhkəmələr qalmayıb. Ancaq K.Həsənovun “əli uzun olduğundan” şikayətlərin heç bir əhəmiyyəti olmayıb.
Qəzetlər necə susdurulur?
K.Həsənov, hətta bəzi müstəqil və müxalifyönlü qəzetlərə belə, çıxaraq onları susdurmağa nail olub. Çünki dəfələrlə şahidi olmuşam ki, qəzetlər üzləşdiyim haqsızlıqlar, onun və onun rəhbərlik etdiyi komitə ilə bağlı korrupsiya faktlarını işıqlandırmaqdan imtina edib. “Azadlıq” qəzetinə təşəkkürümü bildirirəm ki, üzləşdiyim problemlərə biganə yanaşmayıb və bunları işıqlandırıb.
Təəssüflər olsun ki, ölkə başçısı Ilham Əliyevin tapşırığı ilə başlanan antikorrupsiya kampaniyasından sonra K.Həsənov köhnə şakərindən əl çəkməyərək məni şantajla yenidən həbs etdirmək istəyir. Belə çıxır ki, prezidentin göstərişlərinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Əvvəllər olduğu kimi, yenə də atını minib köndələn çapmaq istəyir.
Kərəm Həsənovun boş qoyduğu papaqlar
Qeyd edim ki, mən 2001-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsi sistemində işləmişəm. Komitə rəhbərliyi tabeliyində olan bütün idarə və müəssisələrdə işləyənlərin hamısından 2006-cı ildə müxtəlif təzyiqlər göstərərək işdən azad olunmaq ilə bağlı tarixsiz ərizələr alıb. Mən işlədiyim müddətdə anladım ki, bu cür ərizənin alınması metodu K.Həsənovun genişmiqyaslı korrupsiya və qanunsuzluqlarını həyata keçirməkdə çox karına gəlir. K.Həsənovun qanunsuz tapşırıq və göstərişlərinə əməl etməyənləri işdən azad etməklə hədələyir, müxtəlif şirnikləndirici təkliflər verir, müxtəlif üsullarla tabeliyində olanların korrupsiya cinayətinə əlini bulaşdırırdı. Onunla razılaşmayanlar mənim kimi saxta ərizə ilə işdən uzaqlaşdırılırdı. K.Həsənov komitəyə rəhbərlik edəndən çox papaqları boş qoyub. Neçə iş adamını qanunsuz həbs yoluyla əmlakından “könüllü” imtina etməsinə nail olub. Paytaxtda və ölkənin cənub zonasında saysız-hesabsız obyektlər ələ keçirən K.Həsənov qısa müddətdə aşırı dərəcədə varlanıb və özünün imperiyasını yarada bilib. Onun demək olar ki, “qurbanları” saysız-hesabsızdır. Həbsxanalara atılan iş adamlarının təkcə mal-mülkləri əllərindən alınmadı, hətta bəziləri çoxsaylı işgəncələrə məruz qalaraq dəmir barmaqlıqlar arasında dünyasını dəyişdi. Bir sözlə, o, bəzi ailələri başsız qoydu.
“Fərhad Əliyevin adamısan” ittihamı…
Sabiq Iqtisadi Inkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra yeni görəv və status alan Kərəm Həsənov sabiq nazirin adamı adı ilə ürəyi istədiyi işçini qanunsuz olaraq işdən qovdurdu. Məni də F.Əliyevlə əlaqələndirməklə işdən kənarlaşdırmağa çalışdı. 2006-cı ilin fevralından mayınadək, yəni 3 ay heç bir səbəb olmadan məni işə buraxmadı. Mən məcbur olub K.Həsənovun qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə, müxtəlif instansiyalara, o cümlədən F.Əliyevin istintaqı aparılan MTN-ə müraciət etdim. O zaman məndən izahat alındı, araşdırma aparıldı, görəndə ki, mənim korrupsiya və rüşvətlə heç bir əlaqəm yoxdur, sərbəst buraxdılar. Bir müddət K.Həsənov məndən əl çəkdi, mənə dəyib-dolaşmadı. Həmin ərəfədə korrupsiyaya əli bulaşanların və özəlləşdirmə paylarını mənimsəyənlərin hamısını yüksək vəzifələrə irəli çəkdi.
3 milyon manatlıq uşaq bağçası
Vəzifəsindən sui-istifadə edərək bir sıra iri dövlət müəssisələrini, torpaq sahələrini ucuz qiymətə K.Həsənov öz yaxın adamlarının adına özəlləşdirdi. Böyük qazanc əldə etmək məqsədilə sonradan həmin mülkləri iş adamları və vəzifəli şəxslərə daha baha qiymətlərə satdı. Özəlləşdirmə apardığı yaxın adamlarından biri Qasımov Adəm Məmməd oğlu və onun qardaşı olub. Araşdırma aparılsa məlum olar ki, hərraca çıxarılan çoxsaylı mülk onun adına özəlləşdirilib. Sual oluna bilər? Təkcə A.Qasımov və onun qardaşı bu qədər pulu haradan alırdı? Fikir verin: 2006-cı ildə prezidentin sərəncamı ilə Bakı şəhərindəki kinoteatrlar və o cümlədən bir neçə uşaq bağçaları özəlləşdirməyə açıq elan edildi. Həmin uşaq bağçalarından biri Dövlət Neft Şirkətinə məxsus Səbail rayonu ərazisində yerləşən uşaq bağçası olub.
Qanunla həmin bağçanın kollektivi özəlləşdirmədə iştirak etməli idi. Amma kollektivi özəlləşdirmədən məhrum etmək üçün K.Həsənov formal hərrac keçirərək şişirdilmiş qiymətlə, yəni 3 milyon manata bağçanı guya Qasımov Adəm Məmməd oğluna satdı. Bu, böyük qalmaqala səbəb olsa da, K.Həsənov istəyinə nail oldu. Elə “Şuşa” kinoteatrının arxasında yerləşən obyekt də həmçinin. Bu mülk əslən Qubadan olan yəhudi əsilli iş adamının əlindən qanunsuz olaraq alındı. Hətta Milli Məclisin deputatı Yevda Abramov işə qarışdı, nəticə olmadı. Obyekt ekskovatorların qabağına qatılaraq uçuruldu.
Həmin obyektin ərazisini K.Həsənov Araz Ağalarovun adından istifadə edərək ələ keçirdi. K.Həsənov nə qədər qanunsuz hərəkət etdisə, ölkə başçısının, R.Mehdiyevin, prezidentə yaxın olanların adından istifadə edərək həyata keçirdi və bu gün də əməllərindən qalmır.
Bank maxinasiyaları
K.Həsənov, həmçinin bank maxinasiyalarında da iştirakdan çəkinmədi. Belə ki, ƏMDK-nin bank hesabları “Kapitalbank”da olduğu halda. Əməliyyatlar əksər hallarda maxinasiyalara meylli özəl banklarda aparılır. Elə əsas məsələlərdən biri budur. Bu barədə hüquq-mühafizə orqanlarının məlumatı olsa da, maraqlıdır ki, heç bir tədbir görmürlər.
K.Həsənovun çoxsaylı “qurbanları” olduğunu qeyd etdim. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirəm.
Mülk qurbanları
Ilk “qurbanlar” Nurəddin Zülfüqarlı və onun qardaşları oldu. Poladəritmə zavoduna rəhbərlik edən qardaşlar həbs edilərək əmlakları əllərindən alındı.
“A” standart MMC-nin rəhbəri Mirməcid Əhmədov, “Goradil” quşçuluq fabrikinin direktoru Əsabil Qasımov, şifer zavodunun direktoru Telman Səfərov, “Altay-A” MMC-nin rəhbəri Vidadi Əsgərov, Mingəçevir kabel zavodunun direktoru Təyyar Şükürov, “Ismayıllı Ət-Süd” ASC-nin Ruslan adlı rəhbəri həbs edilərək mülkləri əllərindən alındıqdan sonra azad ediliblər.
Hətta son parlament seçkisi ərəfəsində də heç nədən çəkinməyərək öz həmkəndlisi, nüfuzlu el ağsaqqalı olan iş adamı Hacı Mirmahmud Miriyevi həbs etdirməkdən belə, çəkinmədi.
K.Həsənov Cəlilabaddakı biznesinə rəhbərlik edən əmisi oğlu Ilqar Həsənovun vasitəsilə rayonun Günəşli kənd sakini M.Miriyevi şərlədərək həbsə atdırıb. Həmin şəxs hələ də məhbəs həyatı yaşayır. Bununla kifayətlənməyən K.Həsənov M.Miriyevin həyat yoldaşı Suğra Ağayevanı “Moskva” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin direktoru vəzifəsindən azad etdirib və əmisi oğlu I.Həsənovu ora direktor qoydurub. Elə Günəşli kəndinin qara günləri də bundan sonra başlayıb. Hətta iki il əvvəl Hacı Mirmahmud Miriyevin Akif adlı oğlunu da qurama işlərlərə bağlı K.Həsənov 4 il 6 ay həbs etdirməyə nail olub.
Bu parlament seçkisində isə bölgədə heç bir nüfuzu olmayan qardaşı Malik Həsənovu deputat seçdirməyə nail olub. M.Həsənovun rəhbərlik etdiyi tikinti şirkəti də qanunsuz olaraq onun əlinə keçib. Çünki adıçəkilən şirkətin şərikləri M.Həsənovla birlikdə Vəli Nağıyev və Zakir adlı iş adamları olub. Onlar K.Həsənovun təzyiqləri ilə qanunsuz olaraq uzaqlaşdırıldıqdan sonra şirkətə M.Həsənov rəhbərlik etməyə başladı.
Həsənovun “göydələn”ləri
Onun tikinti şirkəti paytaxtın bir neçə yerində “göydələnlər” tikərək xeyli vəsaitə nail olub. K.Həsənovun Şamaxıda, Zaqatalada və bir sıra bölgələrdə obyektləri, o cümlədən mehmanxana kompleksləri var. “Qara Nadir”ə məxsus dəyirmanın 15 ha ərazisini də qanunsuz olaraq ələ keçirib. Bakı Mexanikitökmə zavodunu və ərazisini də onun rəhbəri Vəli Gözəlova hədə-qorxu gələrək əlində cəmləyə bilib. Bu siyahıya çoxsaylı daş karxanaları, Cəlilabadda hektarlarla üzüm plantasiyaları, quşçuluq fabriki, heyvandarlıq və ticarət komplekslərini də əlavə etmək olar.
Qeyd etdiyim kimi, bu dəfə də K.Həsənov ənənələrinə sadiq qalaraq, məni həbs etdirmək istəyir. Məsələ özünün pik həddinə 2007-ci ilin may ayında ƏMDK-nin sədr müavini Rafiq Cəlilov mənə torpaq verilməsi məqsədilə məndən aldığı 38.500 manat pulun tələb edilməsindən sonra çatıb. Onlar məni susdurmaq üçün barəmdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində sifarişli cinayət işi açdırıb məni həbs etdirmək istədilər. Səbəb də o idi ki, mən komitədəki korrupsiya faktlarını istintaq zamanı ortaya qoydum. Cidd-cəhdlə çalışdılar ki, məni susdursunlar. Amma buna nail ola bilmədilər. O zaman da mən baş prokuror Zakir Qaralovun qəbulunda oldum. O, bunun K.Həsənov və R.Cəlilovun sifarişi olduğunu biləndən sonra işə xitam verdi.
Həyatımız təhlükədədir
Bundan bir nəticə hasil olmadığını görəndən sonra K.Həsənov başqa yollara əl atdı. Məni ölümlə hədələməkdən belə, çəkinmədi. Aramızda, hətta məhkəmə çəkişmələri oldu. Bir neçə dəfə K.Həsənov mənə adamları vasitəsi ilə xəbər göndərdi ki, işlə təmin edəcək.
Nəhayət, 27 yanvar 2011-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması məsələləri, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların aradan qaldırılması barədə tapşırıqlar verdi. Bu tədbirdən sonra kütləvi informasiya vasitələrindən mənə məlum oldu ki, K.Həsənov komitədə geniş iclas çağırıb və nəticədə 15 nəfər əməkdaşı işdən azad edib, 40 nəfərə isə töhmət verib. Mən dərhal komitənin aparat rəhbəri Ilqar Həbiyevlə 31 yanvar 2011-ci il tarixdə telefon əlaqəsi saxlayıb vakant yerlərdən birinə məni yerləşdirilməsinə kömək etməsini ondan xahiş etdim. Çünki K.Həsənov bir ay əvvəl mənə iş verəcəyini qəti şəkildə I.Həbiyevə söz vermişdi. I.Həbiyev mənə komitəyə gəlməyi məsləhət gördü. Fevralın 1-də K.Həsənov yenidən məni həbs etdirmək istədi. Bu dəfə terrorçu damğası ilə. Xətai rayon 37-ci polis bölməsinin əməkdaşları məni komitədən zorla bölməyə aparıb haqqımda protokol tərtib etdilər. AR IXM-nin 296-cı maddəsi ilə məni 50 (əlli) manat cərimələdilər. Mən isə Xətai Rayon Məhkəməsinə fevralın 3-də iddia ərizəsi ilə müraciət etdim. Lakin Xətai məhkəməsinin hakimi Raziyyə Ataşova işə ədalətli baxmayıb. Bürokratik əngəllər yaradır. Gah bəhanə edir ki, aidiyyəti üzrə düzgün müraciət etməmisən. Guya mən Səbail rayonunda yaşadığım üçün Səbail Rayon Məhkəməsinə müraciət etməli imişəm. Heç bir bildiriş göndərmədən mənim işimə qiyabi olaraq 14 fevralda baxılıb. Hansı qərar çıxarılması barədə isə mənə məlumat verilmir və məndən gizli saxlanılır.
Qeyd edim ki, mən hazırda K.Həsənovun hədəfindəyəm. Ailəmin və özümün həyatı təhlükədədir. Izlənirəm. Hər an həbs oluna bilərəm.
Oruc Orucov,
ƏMDK-nin sabiq əməkdaşı