Həqiqətən də qəribə ölkədir. Iqtisadçılar deyirdi ki, korrupsiya cilovlansa, bu, qiymətlərin azalmasına gətirib çıxaracaq. Indi guya korrupsiyaya qarşı ciddi mübarizə aparırlar, amma qiymətlər də durmadan artır. Səbəb? Məsələ elə bundadır ki, bunların korrupsiyaya qarşı mübarizəsi rüşvətin yalnız bazisinə təsir göstərir, “stavka”lar isə artır. Nə qədər ki, sistem və insanlar dəyişmir, məmurlar və dövlət qulluqçuları həmin bu rüşvəti hansı yolla olursa-olsun toplamağa çalışacaqlar. Məmurlar iqtisadiyyata ikili üsulla nəzarət edirlər – həm dövlət qulluqçuları, həm də iş adamları kimi. Hər iki sfera onlar üçün biznesdir, əgər bir sferada yığım azalırsa, o biri sferada o, artmalıdır, bunu başa düşmək üçün elə bir ağıl tələb olunmur. Bütün hallarda soyulan kimlər olur? Təbii ki, cəmiyyət! Həmin cəmiyyət ki, onun dözüm potensialı sözün əsl mənasında böyük heyrət doğurur. Amma cəmiyyəti qınamalı da deyil, o, neçə illərdir ki, lap kinodakı kimi, kadr arxasında qalıb, rejissorlar onu heç bir halda ön plana vermək istəmirlər. Ona görə də korrupsiyaya qarşı cihad çox kiçik bir detala hesablanıb. Bir neçə adam həbs olunacaq, bir neçəsi isə işdən çıxarılacaq və bunun ətrafında böyük kampaniya aparılacaq. Bəs son nəticə nə olacaq? Beynəlxalq təşkilatların reytinq cədvəlində ölkə bir qədər irəliləyəcək və bunlar da kreditlərini asanlıqla ala biləcəklər. Məqsəd budur, burada başqa məqsəd yoxdur. Yoxsa rüşvət də bir imtiyaz kimi dar bir qrup üçün nəzərdə tutulacaq? Bunu düşünmək də gülməlidir. Heç vaxt belə hala təsadüf olunmur – bir qayda olaraq alanda hamı alır, sadəcə, “stavka”lar bir az fərqli olur. Elə cəmiyyət də böyük ümidlərə qapılmır. Cəmiyyətin 30-40 faizi artıq rüşvəti normal hal kimi qəbul edir. Elə ölkədəki yaşayış, qiymətlər də həmin bu 30-40 faizə hesablanıb. Çox maraqlıdır. Bazar iqtisadiyyatının anormal bir durumu elə buradan aydınlaşır. Məsələn, milyardçı C.Ford nə etmişdi? O, başa düşdü ki, avtomobili ucuz istehsal edib çox satmaq daha yaxşıdır, hamı onu ala bilsin. Beləcə, o, avtomobilin kütləvi istehsalını tez bir zamanda təşkil edə bildi. Bizdə də normal iqtisadiyyat olsaydı hər şeyi ucuz və çox satmağa çalışardılar. Elə Çindəki istehsal siyasəti də məhz bu amilin üzərində qurulub – hə, hamının ala bilməsi üçün ucuz və çox istehsal etmək! Amma bizdə necədir? Az və baha satmaq! Buradakı siyasət də məhz həmin 30-40 faizə hesablanıb. 30-40 faizin baha almaq, bahalı xidmətdən istifadə etmək imkanları var, ona görə də bütün iqtisadiyyat onlara yönəlib.
Karl Marks aktuallaşır?
Bəli, doğrudan da aktuallaşır. Aktuallaşır deyəndə ki, onun “Kapital”ı böyük böhrandan sonra əsl bestsellərə çevrilib. Hə, bir-iki il bundan əvvəl ən çox satılan kitab “Kapital” olub. Söhbət zamanı məlum olur ki, bizim insanlarda, lap dəqiq desək, ziyalılar arasında solçuluq meylləri artır. Burada qeyri-adi bir şey yoxdur. 18-ci əsrə uyğun kapitalizm quranda başa düşmək lazım idi ki, belə halda Marksın tənqidi tam aktuallaşacaq. Həm də sosial hüquqlar boş yerdən yaranmamışdı, bəşəriyyət onları yüz illər ərzində böyük əziyyət nəticəsində qazanmışdı. Heç birdən-birə də onlardan tamam imtina etmək olarmı? Özü elə sosial dövlətdən çıxmış ölkədə! Burada bir detalı da qeyd etmək lazımdır ki, dünyanı bürüyən qlobal iqtisadi böhran heç də bir amilin nəticəsi deyildi. Inkişaf etməmiş ölkələrdə böhranı vəhşi kapital yaradırdısa, zənnimcə, inkişaf etmiş ölkələrdə onun səbəbi bir az fərqlidir. Kapitalizmin ifrat dərəcədə sosiallaşması, bəli, inkişaf etmiş kapitalist ölkələrində faktiki olaraq sosializmin bərqərar olması da böhrana gətirib çıxaran səbəblərdən biri tək iddia oluna bilər.
41 ilin Qəddafisi
Yazı lap iqtisadi mozaika oldu. Bir az da siyasətdən yazaq, hərçənd iqtisadi problemlərə də elə siyasi iqtisad aspektindən yanaşırıq. Bəli, mən bu yazını yazanda Liviyada da vəziyyət gərginləşmişdi, hətta etirazçılar arasında 100 nəfərin öldüyü bildirilirdi. Qərəz, Qəddafinin başı yaman qarışıb, deyəsən, o da…