Yaxın Şərqdə başlamış proseslərin gedişi, dünya dövlətləri və birliklərinin bu gedişata xeyir-duaçı reaksiyaları göstərir ki, artıq ox yayından çıxıb və hədəfə çatmayana kimi durmayacaq. Indi heç bir qüvvə bu ox uçuşunun qarşısını ala bilməz.
2003-cü ilin oktyabrında Bakıda baş vermiş hadisəni yada salsaq və gözümüzün önümə gətirsək, əmin olacağıq ki, o zaman oktyabr olayı spontan baş vermişdi, təbii şəraitdən törəmişdi və öncədən məğlub olmağa, qan içində boğulmağa məhkum idi. Çünki o vaxt üçün dünya beyin mərkəzlərinin, “Dünya hakimiyyəti”nin, dünyanın idarəsini əlində cəmləşdirən “Üçyüzlər”in baxışı tam başqa idi. “Üçüncü növ” dövlətlərin yerli idarəçiliyində demokratiya, insan haqları məsələləri onlar üçün prioritet deyildi. Onlar hələ ki, təkcə iqtisadi maraqlar və bu maraqların təmin olunmasını asanlaşdıran zorən sabitliklə kifayətlənirdilər. Ona görə də istənilən avtoritarizmi, hətta diktaturanı üzəvari tənqid eləməklə işlərini bitmiş sayırdılar.
Görünür, durum dəyişdi. Azadlıq hissinin insan xislətinə o qədər də yad olmadığı və köləliyin insan təbiətini o qədər də dəqiq ifadə etmədiyi anlaşılanda taktika dəyişilməyə başladı. Taktikanın dəyişilməsinin bir səbəbi də yerli diktaturaların beynəlxalq mərkəzlərin yeni taktiki göstəriş və tələblərinə məhəl qoymaması oldu. Çünki haçansa hakimiyyətə gətirilən bu tip boynuyoğun iqtidarlara onlardan haçansa bəşəri islahatlar keçirmək tələbi qoyulmamışdı. Bir yandan oyuncaq diktatorların yerlərdə artan qüdrət və əzəməti, bir yandan isə allahlıq iddiasına düşüb gerçəklik hissini unutmaları, əslində iplə idarə edilən kuklalardan başqa bir şey olmadıqlarını unutmaları vəziyyəti dramatikləşdirdi və yeni şəraitə uyğun yeni taktika və tələblərə məhəl qoymamağa başladılar. Artıq həm canı boğazına yığılmış vətəndaşların, həm də “Dünya hakimiyyəti”nin maraqları üst-üstə düşməyə başladı. Əsas olan indiki durumda məhz budur.
Indi biz bu günləri yaşayırıq. Inqilabların qələbə çalacağı şəksizdir. Beyin mərkəzləri hər gün yeni inqilab xəritəsi hazırlayıb nəşr edir, xalqlara öz fikirlərini açıqlayır, yəni inqilabın növbəti ocağının harada olmasını ehtimal və arzu etdiyini sərgiləyir. Bir yandan başqa bir nüfuzlu mətbu orqan bir sürə əvvəl başladığı prosesi davam və inkişaf elətdirərək o həddə qədər çatdırır ki, diktatorların adını elan eləyir və təbii ki, həmin siyahıya bizimkinin də adı salınır.
Indi inqilab baş vermiş başqa ölkələrdə olduğu kimi Azərbaycanda da məsələnin ən ciddi və gözlə görünməyən prosesi gedir. Bu, hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi, konflikt halına gəlməsi, tərəflərin sonunda fəlakətdən daha az ziyanla çıxması üçün gözlənilən fövqəladə vəziyyətdə tutacağı mövqeni indidən müəyyənləşdirməsi kimi məqamlarla şərtlənir. Hakimiyyətdaxili proses yetişən kimi, yəni baş verə biləcək xalq hərəkatının qələbəsi heç olmasa əlli bir faiz qarantı halına çatacağı an hadisələr start götürəcək və “Mübarək” sonluqla bitəcək.
Dediyimiz kimi, bu prosesin durdurulması və həmişə olduğu kimi diktatorların xeyrinə bitməsi artıq mümkün deyil. Bütün hakimiyyəti dövründə heç bir qoruq-qaytaq tanımayan və fövqəlbəşəri ərköyünlük sərgiləyən müstəbidlərin heç olmasa bu məqamda gerçəkliyi anlayıb insan qanı tökmədən, üzüsuluykən (bu onların suçlarını bəlkə bir az yüngülləşdirə bilərdi), dinc yolla hakimiyyəti xalqa təslim eləyib getmələri onların öz ölkələrinə ilk və son xidmətləri ola bilər.
Ancaq beyinləri yarımallahlıq narkotikindən zəhərlənib sıradan çıxmış hökmdarlar bunu bacararmı? Proseslər “Yox” deyir. Biz isə “HƏ” deməyə alışmış insanlarıq. Bəlkə bu “HƏ” bir dəfə karımıza gəldi? Nə bilmək olar…