Cabbar Savalanlının polislərə qarşı məhkəməsi davam edir

AXCP-çi gənci müdafiə edənlər məhkəmə önündə izdiham yaratdı


Fevralın 5-də narkotiklə şərlənərək həbs edilən AXCP-nin gənc üzvü Cabbar Savalanlının işi üzrə Sumqayıt Şəhər Məhkəməsində dünən növbəti proses keçirildi. Bu məhkəmə də Cabbarın vəkillərinin şikayəti əsasında baş tutur. Müdafiə tərəfi tələb edir ki, C.Savalanlı saxlanarkən polis prosessual pozuntulara yol verib və məhkəmə onlara hüquqi qiymət verməlidir.

İctimaiyyətdən Cabbara böyük dəstək

Saat 15-ə təyin olunan prosesdə Cabbara dəstəyini nümayiş etdirmək üçün 150-dək insan məhkəmə binasının qarşısına gəlmişdi. Onların arasında AXCP rəhbərliyi, Qadınlar Şurası ilə yanaşı, AXCP Gənclər Komitəsinin fəalları, sıravi cəhbəçilər, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, vəkil Xalid Bağırov, keçmiş siyasi məhbus Adnan Hacızadə, Bütöv Azərbaycan Birliyinin rəhbəri Aqil Səmədbəyli, Siyasi Azadlıqların Müdafiəsi Alyansı (SAMA) və Demokratiya Hərəkatının nümayəndələri də vardı. Məhkəmə binasının dörd bir yanı yenə də mülki geyimli xüsusi xidmət əməkdaşları və polislərlə dolmuşdu. Məhkəmə binasının arxasındakı orta məktəbin həyətində isə bir avtobus tam dəyənəkli, dəbilqəli polis “hazır vəziyyətə” gətirilmişdi.

Polis əndişədə

Məhkəmə önündəki izdiham ətrafdakıların aşırı diqqətini çəkmişdi. Yəqin ki, Sumqayıt məhkəməsi bu çağacan ictimai diqqət yaradan belə bir prosesi aparmamışdı. Yolla ötən hər kəs baş verənlərlə maraqlanır, 19 yaşlı gəncə qarşı hakimiyyətin təxribatını lənətləyirdi. Orada olarkən məlumat aldıq ki, polis məhkəmənin yanındakı musiqi məktəbində müəllimlərə tapşırıb ki, çölə (yığılanlara) baxmaq olmaz. Öyrəndiyimiz daha bir məlumat aksiyanın keçiriləcəyindən ehtiyat edən polislərin həmin əraziyə vətəndaşların gediş-gəlişini məhdudlaşdırması haqda idi.

Uzuc təxribat

Məhkəmə önündə də bir neçə təxribat cəhdləri olsa da bu, toplaşanların sayıqlığına görə effekt vermədi. Məsələn, iki dəfə ağıldankəm, öyrədilmiş adamı toplaşanların arasına dava salmağa göndərsələr də, həmin adamlar dərhal “tərksilah” edildi. Daha bir sərxoş adam izdihamın içinə soxulub dava salmağa cəhd edəndə cəbhəçi gənclər onu tutub polisə təhvil verdilər. Bu zaman maraqlı hadisə baş verdi. Yolun əks tərəfində dayanan bir yaşlı kişi polislərə xitabən “siz də Cəbhə-Müsavata işləyirsiniz? Niyə imkan vermirsiniz bunları dağıdaq?” dedi. Az sonra bəlli oldu ki, bu, Cabbarın dəstəkçilərini döydürmək istəyən Sumqayıtdakı maşın bazarının direktoru Sabir Tanrıverdiyevdir. Sabir Tanrıverdiyev iki dəfə avtomobilini adamların üstünə də sürdü.

Cabbarın işi Sumqayıt hüquq-mühafizə orqanlarına dərs oldu

Hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən iclas qapalı olduğundan ictimaiyyət nümayəndələri prosesə buraxılmadı. Yalnız vəkillərə icazə verildi. Iki saat çəkən iclasdan sonra vəkillər məhkəmə önünə gələnlərə bilgi verdilər. Məhkəmə iclasına bu dəfə Cabbarın özü gətirilməmişdi. Vəkil Əsabəli Mustafayev məhkəmə araşdırmasının başa çatdığını və çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istədiklərini bildirdi. O, C.Savalanlının tutulması zamanı bir çox prosessual pozuntuların baş verdiyini dedi: “Məhkəmə gedişi zamanı etiraflar olmasa da, qeyri-rəsmi formada bildirildi ki, polisin indiki praktik fəaliyyəti düzgün deyil. Istintaq işləri insan hüquqlarının pozuntuları ilə aparılır. Prokuror müavini Kamran müəllim də bildirdi ki, vətəndaşlar saxlanan zaman istintaqın təkmilləşdirilməsi ilə bağlı tədbirlər görürlər. Yəni, bu proses bir dərs, nümunə yaradır. Polislərə və prokurorlara bəlli oldu ki, belə gedişdən ictimaiyyət çox narazıdır. Növbəti prosesdə çıxışımızdan sonra hakimin qərar çıxarması gözlənilir”.

“Bu işi Avropa Məhkəməsinə qədər aparacağıq”

Cabbarın o biri vəkili Anar Qasımov isə C.Savalanlının saxlanarkən üzləşdiyi qanunsuzluqlara hüquqi qiymət verilməsini tələb etdiklərini dedi. Vəkillər Cabbarın barəsində seçilən həbs-qətimkan tədbiri haqda qərardan Avropa Məhkəməsinə şikayət verəcəklərini də bildirdilər. A.Qasımov C.Savalanlının anası Təravət Əliyeva və qardaşı Yamin Savalanlının ifadə verdiyini dedi: “Onlar evə baxışın vaxtı ilə bağlı ifadə verdilər. Qeyd etdilər ki, polis əməkdaşları evdə fevralın 5-dən 6-na keçən gecə, saat 3-4 radələrində axtarış aparıblar. Lakin iş materiallarında axtarış vaxtı fevralın 5-i saat 24 radələri kimi qeyd edilib. Hal şahidləri də ifadə verdilər. Onların ifadələrindən bəlli oldu ki, həm Cabbar Savalanlının üstünə baxış keçirilməsi prosesində iştirak ediblər, həm də evdə axtarış aparılan zaman hal şahidi olublar. Qanunla Cabbar Savalanlının üstünə baxış keçirilməsi prosesində iştirak edən hal şahidləri ev axtarışı zamanı hal şahidi ola bilməzdilər”.
A.Qasımov dedi ki, onlar məhkəməyə Cabbarın həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda da vəsatət veriblər. Vəsatətə növbəti prosesdə baxılacaq.
Vəkilin sözlərinə görə, hal şahidləri onun suallarına “bilmirəm”, “yadımdan çıxıb” kimi cavablar verib.
Növbəti proses fevralın 25-də saat 16.00-da davam edəcək.


 

Natiq