Azadlıq adına “Azadlıq” meydanında

Son dövrün hadisələri bir daha sübut etdi ki, insanları cinsinə, dininə, milli mənsubiyyətinə görə ayırmaq yanlışdır. Çünki insanlıq deyilən bir şey bunların üzərindədir və bütün bunlardan öncə yaranmışdır. Xüsusən, Misir inqilabı dünyanı bir daha utandırdı – orada müxtəlif dinə sahib olan insanların bir arada zülmə qarşı dirənməsilə…
Bir də son dövrə qədər xüsusilə Qərb dünyasında belə bir düşüncə hakim idi ki, Islam demokratik düşüncə ilə bir araya sığmaz. Amma indi dünyanın ən qatı dindarları, Islam dininə etiqad edənlər demokratik dəyərlər uğrunda savaşır, ölür və bütün bunlara baxmayaraq, geri çəkilmir. Dünənə qədər Islam dininə “terrorist” ləkəsini vurub, bununla da böyük bir çoğrafiyada yaşayan insanları təhqir edən düşüncə yerlə-yeksan olur. Dünən terrorist kimi baxdıqları insanlar bu gün meydanlarda azadlıq savaşı verir, zülmə qarşı dirənir.

Hətta bəzən xəbərlərdə hansısa Qərb ölkəsinə səfər edən ərəb mənşəli insanların, məsələn, “təyyarədə terrorçu var” deyə şikayət edildiyinin, bu kimi təhqiredici, aşağılayıcı münasibətə məruz qalması hallarının da şahidi olmuşuq.

Başqa bir məsələyə də diqqət çəkmək istərdim.

“Euronews” kanalında inqilablar bürümüş coğrafiyadan reportajlara baxırdım və orada diqqətimi çəkən kadrlar oldu. Iranda və başqa ölkələrdə başı qapalı, hətta qara çadralı qadınlar qəzəblə rejimə “yox” deyən şüarlar səsləndirirdilər. Bu, əslində, “qapanmaq, baş örtüsü qadını geri salır, özgürlükdən məhrum edir” düşüncəsinin də nə qədər boş və mənasız olduğunu sübut etdi. Insan azadlığının geyimlə, zahiri olanlarla heç bir bağlantısı yoxdur. Çünki “azadlıq” deyilən şey insanın iradəsində, düşüncəsindədir. Və mən sabah Azərbaycanda da inqilabın yetişdiyi bir vaxtda dünənə qədər nisbətən fərqli, asi geyindiklərinə görə qınağa tuş gələn qızlarımızın da meydanlarda olacağına şübhə etmirəm. Çünki insan azadlığını seçmək istərkən geyindiyi paltara, qiyafəyə baxmır, ilk olaraq öz yanaşma və arzularnı saf-çürük edir. Bu üzdən, əxlaqlı qadının ancaq qapalı qadın olduğunu hamıya sırımaq istəyən zehniyyət artıq əhəmiyyətini itirir.
Son hadisələr həm də onu göstərdi ki, inqilablar tək meydanda olmur. Tək əlləri havaya qaldırıb etiraz etmək, qışqırmaqla iş bitmir, azadlıq insanların qəlbində, ürəyinin təpərində, ən başlıcası isə, düşüncəsində olur. 30 il bir diktatorun zülmü altında əzilən xalq – misirlilər az qala, yarım əsrə çatacaq qorxunu bir anın içində necə dəf edə bildilər?! Öldürüldülər, amma dinc aksiyalarından əl çəkmədilər. Zor gördülər, amma zora qarşılıq zor işlətmədilər, onları öldürənlərin əməllərinə tabe olub nifrəti ürəklərinə yaxın buraxmadılar, azadlıq istəklərini diktaturanın çirkabına bulamadılar. Bu zor inqilabı deyildi. Bu, insanlığın zülmə qarşı dirənişi, intellektlərdə, düşüncələrdə baş vermiş inqilabın həyatda təzahürü idi.

Azərbaycanda da ölkədə olanlara, baş verənlərə laqeyd görünən insanlar, başı əyləncəyə qarışmış bir gənclik gözə dəyir. “Gözə dəyir” dedim, çünki bizim gözlə gördüyümüz heç də həmişə həqiqət deyil. Əsl həqiqəti biz Azərbaycanda da etirazların başladığı vaxt “Azadlıq” meydanında görəcəyik. Mən əminəm ki, indi əylənib başını qatmağa çalışan gənc də, ancaq gündəlik yaşamını keçindirməyə çalışan adamlar da, uzaqdan yaxşı geyinib gəzmək üçün yaşadığı təəssüratını verən qadınlar da o meydanda olacaq. Çünki hamı adam kimi yaşamadığının, bir qrup məmurun başımızda oturub hər şeyi ayaq altına aldığının, bu hakimiyyət iqtidardan getməyincə kimsənin bu ölkədə rahat yaşamasının mümkün olmadığının fərqindədir.

Hamı da yaxşı, adam kimi yaşamaq istəyir…

Insanca yaşamaq demək, bu hakimiyyəti iqtidardan uzaqlaşdırmaq deməkdir.
Əminəm, gün o gün olacaq ki, hamı “Azadlıq” meydanına azadlıq adına toplaşacaq!