AXCP-yə qarşı daha bir təxribat iflasa uğradı

Turqut Ərə qarşı kitab yazmağa cəbhəçi axtarışı səmərə vermədi

 

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat attaşesi Turqut Ərin “Azadlıqdan tiranlığa” kitabına hakimiyyətin cavab hazırladığı barədə “Azadlıq”ın ötən sayında məlumat vermişdik. Xatırladaq ki, bu barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, kitab demək olar tam hazırdır, sadəcə, bəzi tamamlama işləri qalıb. Yaxın günlərdə kitabın yayımlanması planlaşdırılır. Olayın diqqətçəkən məqamı isə hakimiyyətin bir kitabla iki hədəfi susdurmaq istəyidir. Hakimiyyət Turqut Ərə qarşı bu əks-təbliğat kitabının müəllifliyini bir cəbhəçiyə həvalə etmək niyyətindədir. Yəni, kitab nəzəri və texniki olaraq, Prezident Administrasiyasının boz otaqlarında hazırlanır, sadəcə, müəllif kimi bir tanınmış AXCP üzvü göstərilir.

 

Hakimiyyətin müəllif kimi cəbhəçini seçmək istəyi təəccüblü deyil. Çünki bu kitab oxucu auditoriyasında cəbhəçilərin ağırlıq təşkil etdiyi “Azadlıq” qəzetində yayımlanıb. AXCP sədri Əli Kərimli də son aylar çıxışlarında Turqut Ərə yaradıcılığına görə təşəkkür edərək, “Azadlıqdan tiranlığa”nı heydərizmi ifşa edən ciddi əsər kimi dəyərləndirib.

Bəs, məkrli kitaba imza atacaq şəxs kim olacaq? “Xural” qəzeti bazar günü işıq üzü görən sayında ad açıqlamasa da, ipucu verərək, həmin şəxsin tanınmış vəkil olduğunu yazıb. Məlumatda o da qeyd olunur ki, həmin vəkil Turqut Ər əleyhinə kitabın onun imzası ilə çapına külli miqdarda qonorar müqabilində razılaşıb.

Olayın izi ilə gedən “Yeni Müsavat” isə dünənki sayında vəkil Elçin Qəmbərovun bir qədər əvvəl “Bakı-Xəbər” qəzetində Turqut Ərə cavab xarakterli məqalələrini xatırladıb. Vəkillə əlaqə saxlayan qəzet onun mövqeyini də öyrənib. Elçin Qəmbərov cavabında “hakimiyyətin özünün xeyli kitab yazanları var, bu halda mənə nə ehtiyac var idi ki?”, – deyə təkzib mövqeyi nümayiş etdirib.

Heç zaman Turqut Ərə qarşı kitab yazmayacağını deyən vəkil jurnalistin “Bəlkə bu xəbərdə siz nəzərdə tutulmursunuz, bəlkə başqa bir adam doğrudan da kitab yazır?” sualını da cavablandırıb: “Yox, burada ad çəkilməsə də, söhbətin məhz məndən getdiyi görünür. Lakin orada yazılanlar cəfəngiyyatdır”.

E.Qəmbərov uzun illər AXCP üzvü olub. AXCP mətbuat xidmətinin məlumatına görə, Elçin Qəmbərovun partiya üzvlüyünə ötən ildən son qoyulub. O, öz ərizəsilə AXCP sıralarını tərk edib.

Ötən illərin təcrübəsi göstərib ki, hakimiyyət AXCP-ni tərk etmiş şəxsləri partiya üzvü kimi təqdim edərək bir çox yaramazlıqlara əl atıb. Partiya sıralarında populyarlaşmış insanlar istefadan uzun müddət sonra da cəmiyyətin nəzərində siyasi kimliyi olan şəxs kimi qaldığından, bəzən hakimiyyətin bu çirkin planı müəyyən uğur qazana bilirdi. Lakin indiki vəziyyət göstərir ki, məkrli plan vaxtından əvvəl ifşa olunduğundan, üstəlik köhnə cəbhəçi Elçin Qəmbərov belə plana heç bir halda tərkib olmadığını bəyan etməklə hakimiyyətin oxu daşa dəyib… Zatən, bir həqiqəti yüz yalançı kitabla heç kim ört-basdır etməyi bacarmayıb.

S.Novruz