ABŞ diktatorlarla açıq danışmağa başlayıb

Rahim Hacıyev: «Beynəlxalq aləm diktatorlarla mübarizə məsələsində yekdil rəyə gəlib»

 

Diktatorların öz xalqlarından oğurladıqları milyardların taleyi ilə bağlı “Washington Post” qəzetində dərc edilmiş məqalədə kifayət qədər açıq mesajlar var. Məqalədə qeyd olunurdu ki, Tunis xalqı prezident Ben Əlini hakimiyyətdən devirdikdən sonra Isveçrə hökuməti ölkəsində yerləşən banklara ona məxsus şübhəli pul vəsaitlərinin toplandığı bank hesablarının dondurulması haqqında göstəriş verib. Bir neçə gün sonra isə Avropa Ittifaqı da B.Əlinin bütün aktivlərinin dondurulması barədə qərar qəbul edib. Elə həmin ay Isveçrə hökuməti ölkəsindəki banklara bu dəfə Hüsnü Mübarəklə bağlı müraciət ecərək onun 30 illik hakimiyyəti dövründə topladığı 100 milyardlarla vəsaitin dondurulmasını tələb edib. Lakin müəllif təəccübünü gizlətməyərək sual etmişdi ki, əgər Ben Əli və Hüsnü Mübarək öz varidatlarını həqiqətən də qeyri-qanuni yollarla toplamışlarsa və onları xarici banklarda gizlədirmişlərsə, o zaman Isveçrə hökuməti, Avropa Ittifaqı və ABŞ nədən bu diktatorların devrilməyini gözlədilər və buna qədər heç bir tədbir görmədilər?
Olmazdımı ki, demokratiyaya və şəffaflığa sadiq ölkələr bu diktatorlara məxsus çirkli pulları onlar hələ hakimiyyətdə olarkən ortaya çıxarardı və donduraydı? Müəllif xalqın pulu hesabına varlanan diktatorlar sırasında Azərbaycan prezidentinin də adını çəkmişdi. Və qeyd etmişdi ki, korrupsiya ilə toplanmış çirkli pullar onlara təkcə dəbdəbə üçün deyil, həm də rəqiblərin satın alınması, sıradan çıxarılması, çoxsaylı polis qüvvələrinin saxlanması üçün lazımdır. 
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, “Washington Post” qəzetindəki son məqalədə həm diktatorlara, həm də demokratik ölkələrə açıq mesajlar verilib: “Washington Post”dakı yazıda diktatorlarla davranış yolları təklif olunur. Avtoritar liderlərin xalqdan talan etdiyi sərvətlərə həbs qoyulması tələbi xüsusən diqqətçəkəndir. Görünür, diktatorların bu sərvətlər hesabına xalqa qarşı planlaşdırdıqları aqressiv hücumlar hər kəsi narahat edir. Onsuz da kimliyi bəlli olan bir neçə diktator üçün bu aqibət gözləniləndir. Ancaq onlara imkan vermək olmaz ki, xalqların sərvətlərindən özlərinə qarşı istifadə etsinlər. Buna qədər Qərb jurnalistləri diktatorları tənqid edir, onların qeyri-qanuni yollarla sərvət toplamasını ifşa edirdilər. Indi isə daha irəli gedərək demokratik dövlətlərə çağırış edirlər. Onlardan konkret tədbirlər görməyi tələb edirlər”. 
R.Hacıyev deyir ki, “Washington Post” kimi nüfuzlu bir media orqanının açıq şəkildə belə bir mövqe sərgiləməsi o deməkdir ki, beynəlxalq ictimaiyyət diktatorlarla mübarizə məsələsində yekdil rəyə gəlib.

 

Gültəkin