Devrilmiş diktatoorun gizli xəzinəsi tapıldı
Tunisin devrilmiş lideri Zeynal Abidin Ben Əlinin gizli xəzinəsi aşkarlanıb. Tunis xüsusi xidmət orqanları bu ilin yanvarında devrilmiş prezidentin sarayında axtarış aparıb.
“Reuters” agentliyinin məlumatına görə, axtarışlar zamanı sarayda pərdə, şəkil, kitab rəfinin arxasında gizlədilmiş gizli xəzinə ortaya çıxıb. Gizli xəzinədə milyonlarla dollar və avro, nadir almazlar və qızıl-zinət əşyaları tapılıb. Aşkarlanan xəzinənin ümumi dəyəri hələ açıqlanmır.
Bu arada Tunis hökuməti Səudiyyə Ərəbistanında olan eks prezident barəsində cinayət və cinayətə sövq etmək maddəsiylə cinayət işi açıb. Tunis hakimiyyəti devrilmiş prezident Zeynal Abidin Ben Əlinin ekstradisiya olunması üçün Səudiyyə Ərəbistanına müraciət edib.
Tunisin Xarici İşlər Nazirliyi yaydığı açıqlamasında bildirib ki, Ben Əliyə qarşı yeni ittihamlardan sonra onun ekstradisiya olunması üçün lazımi tədbirlərin görülməsi haqda qərar çıxarılıb.
Xatırladaq ki, Tunis hökuməti devrilmiş prezidenti dinc nümayişçilərə qarşı güc işlədilməsinə əmr verdiyinə görə də cəzalandırmaq istəyir. Bununla bərabər Ben Əli dövlət əmlakını talamaq və xarici ölkəyə qaçırmaqda ittiham olunur.
İnformasiya şöbəsi