«Dünyada avtoritar rejimlər, diktatorlar qalmamalıdır!»
Dünən “Təbriz” kinoteatrında Müsavat partiyasının 100 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Müsavat başqanı Isa Qəmbər bu il dəyişikliklərin olacağından danışıb.
“Biz Azərbaycanı dəyişəcəyik. Dünyada böyük bir dəyişim dövrü başlayıb. Yeni bir mərhələ başlayıb. Bəşəriyyətin iradəsi budur ki, dünyada avtoritar rejimlər, diktatorlar qalmamalıdır, hamısı getməlidir. Gedəcəklər də, qala bilməyəcəklər. Sadəcə necə gedəcəklər, o ayrı söhbətin mövzusudur. Onu da yeri gələndə müzakirə edəcəyik”, – deyə Isa Qəmbər bildirib.
Isa Qəmbərin bu çıxışından sonra zalda hakimiyyətin ünvanına “Istefa!” şüarları səslənib.
Yubiley tədbirində çıxış edən AXCP sədri Əli Kərimli isə yaxın gələcəkdə Azərbaycan xalqını birləşdirəcək daha bir məqamın olacağını bildirib. Onun fikrincə, bu birləşmə Azərbaycana demokratiya və azadlıq gətirəcək.
Sabiq millət vəkili Pənah Hüseyn də azadlıq uğrunda mübarizənin elə də uzaqda olmadığını deyib: “Ya bu, ya da gələn ay Azərbaycana layiq olmayan hakimiyyətə, qaranlığa, istibdada qarşı mübarizəmiz başlayacaqdır və biz qalib gələcəyik”.
“Azadlıq” radiosu