Sülhəddin Əkbər: «ABŞ başa düşüb ki, müsəlman ölkələrin diktator liderləriylə yox, azadlıq istəyən xalqlarıyla bir olmaq lazımdır»
ABŞ dövlət katibi Hillari Klintonun Yaxın Şərqdəki inqilabi dəyişikliklər və prosesin mümkün davamı ilə bağlı son açıqlaması kifayət qədər diqqətçəkəndir. Iraqın “Əl-Hurra” televiziyasına müsahibəsində xanım Klinton olduqca açıq mesajlar verib: “Öz dostlarımıza bizim ardıcıl mesajlarımız var – dəyişiklik olmalıdır! Dəyişikliyin nizamla, dinc şəraitində baş verməsi hələ də mümkündür və faktiki arzuolunandır. Ancaq bu dəyişiklik nəticə verməlidir, xüsusən də gənclər üçün”. Misir və Tunisdən sonra növbə kimindir sualını isə H.Klinton belə cavablandırıb: “Bu, regionun insanlarından asılıdır. Bizim ümidimiz isə onadır ki, iqtisadi və siyasi islahatların keçirilməsi ilə bağlı davamlı öhdəliklər olacaq. Mən Dohadakı çıxışımda da bu haqda danışdım. Və bu, bizim regiondakı bir çox dostlarımıza xəbərdarlıq idi. Indi onlardan bir çoxu irəliləyiş əldə etmək üçün yollar axtarır və biz nələrin baş verəcəyini görmək istərdik”.
Bir sözlə, ABŞ dövlət katibi bu açıqlamaları ilə bəzi ölkələrdə islahatların və dəyişikliklərin qaçılmaz olduğunu çatdırıb. Bu fikirlər Azərbaycan üçün nə dərəcədə keçərlidir?
Siyasi ekspert Sülhəddin Əkbər hesab edir ki, Birləşmiş Ştatlar avtoritar, totalitar dövlətlərlə bağlı siyasətində dəyişiklik etməyə başlayıb: “Birləşmiş Ştatlar demokratik dəyərləri yaymağı özünün xarici siyasətinin prioritetlərindən biri hesab etsə də, uzun müddət avtoritar rejimləri müdafiə siyasəti aparırdı. Amma bu gün anlayır ki, bu, yanlış siyasətdir. Bunu Buş dönəmində Kondoliza Rays da etiraf etmişdi. Bu baxımdan Amerika başa düşüb ki, müsəlman ölkələrin avtoritar, diktator liderləriylə yox, azadlıq istəyən xalqlarıyla bir hərəkət etmək lazımdır. Ona görə ABŞ rəsmilərinin bu istiqamətdəki açıqlamaları son vaxtlar intensivləşib. Bu, ABŞ-ın milli maraqlarına da cavab verir”.
S.Əkbər hesab edir ki, Klintonun bu mesajı Azərbaycana təsirsiz ötüşməyəcək: “Yaxın və Orta Şərqdən fərqli olaraq Azərbaycan fərqli geopolitik məkana daxildir. Orta Şərqdə ABŞ hakim qüvvədirsə, bizim məkanda da Rusiya hakim qüvvədir. Rusiya da avtoritar rejimlərin müdafiəçisi rolunda çıxış edir. Bu baxımdan Azərbaycandakı daxili siyasi proseslərə Rusiyada gedən proseslər daha ciddi təsir edir, nəinki Amerikanın hakim olduğu geopolitik məkanda baş verən proseslər. Amma istənilən halda Orta Şərqdə gedən proseslər Azərbaycana təsirsiz ötüşməyəcək. Ərəb dünyasında baş verən proseslər demokratik inkişafa müsbət təsir göstərəcək”.
Gültəkin