“Allah qayıdır?!”ın təqdimatı oldu

Roman Azərbaycan reallıqlarından bəhs edir

 

Fevralın 19-da “Əli və Nino” kitab mağazasının kafesi yenə bayram ovqatında idi. Bu dəfə Zümrüd Yağmurun “Allah qayıdır?!” kitabının təqdimat mərasimi keçirilirdi.
Qeyd edək ki, “Allah qayıdır?!” Zümrüd Yağmurun “Günahkarın ölümü” romanından sonra “Qanun” nəşriyyatında çıxan ikinci kitabıdır.
Təqdimat mərasiminə yazarlar, tənqidçilər, siyasət adamları ilə yanaşı, ümumiyyətlə, kitabla maraqlanan gənclər də toplaşmışdılar.

“Burada bütün təbəqələrin problemləri əks olunub”

Tədbiri giriş sözü ilə açan yazıçı Kənan Hacı dedi ki, “Allah qayıdır?!” romanı artıq bir hadisəyə çevrilib. Buna görə də müəllifi təbrik etdi.
Professor Nurəddin Məmmədli romanın oxunaqlı olduğunu qeyd edərək, onun reallığı əks etdirməsini xüsusi vurğuladı: “Mən indiyə kimi belə bir kitab görməmişəm ki, orada cəmiyyətin bütün təbəqələrindən olan insanların problemləri ehtiva olunsun. Zümrüd xanımın kitabında mən bunu görə bildim”.

“Zümrüd Yağmur cəsarət nümunəsi göstərib”

Cəsarətli insanlar barədə danışmağın onun üçün daha asan olduğunu deyən “Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangirin fikrincə, Zümrüd Yağmur bu romanı ilə ortaya böyük bir cəsarət nümunəsi qoyub.
“Irticaçı rejimlər haqqında əsər yaratmaq o qədər də asan deyil. Markesin ”Patriarxın payızı” əsəri totalitarizm haqqında dünyanın ən gözəl əsərlərindən biridir. Markes özü də etiraf edir ki, bu əsəri çox çətinliklə yazıb. Zümrüd xanım da son 20 ildə Azərbaycanda gördüklərini qələmə alıb. O, əsərində jurnalistləri qəhrəman seçməklə yanılmayıb. Çünki bu tarixin ən çətin məqamlarında elə jurnalistlər, söz adamları dik dayanmağı bacarıb”, – deyə Səadət Cahangir qeyd edib.

“Yazıçı cəmiyyəti dəyişməyi bacarmalıdır”

Yazıçı Rafiq Tağı maraqlı bir təsadüfə diqqət yetirdi – Zümrüd Yağmurun kitabının təqdimat mərasiminin yağmurlu bir günə təsadüf etməsinə…
“Mən ”Allah qayıdır?!” romanını hələ oxumamışam. Ancaq elə bura gələrkən Zümrüd xanımın “Dilsiz Bənənyar” hekayəsini oxudum. Hekayə çox xoşuma gəldi. Biz yazıçıdan inqilabçı olmağı tələb edə bilmərik. Yazıçı cəmiyyəti təkamüllə dəyişməyi bacarmalıdır. Biz Zümrüd xanımı siyasətçi kimi yox, yazıçı kimi təqdim etməliyik. Zümrüd xanımın ədəbiyyatçı olaraq, istedadına inanıram”, – Rafiq Tağı da fikirlərini bölüşdü.

“Bu roman bizi hər gün məşğul edən problemlərə baxışdır”

Publisist Natiq Güləhmədoğlu çıxışının əvvəlində internet əsrində kitabla insanları təəccübləndirməyin çətinliyindən danışdı: “Indi internet var, televiziya var. Məsələn, bu yaxınlarda hansısa ölkədə canlı yayımda bir adamın öldürülməsini göstərirdilər. Yazıçının romanla müasir insanı maraqlandıra bilməsi çətin məsələdir. Ona görə də yazarlara qibtə edirəm. Son zamanlar yazılmış bir neçə siyasi roman var ki, bunlar məni sevindirir. Yazıçılarımız artıq uzaq tarixdən yox, daha yaxın zamandan yazırlar. Zümrüd xanımın romanı bizi hər gün məşğul edən problemlərə baxışdır”.

“Istedadlı yazıçı dövrünün reallıqlarını yazmalıdır”

Siyasətçi Ibrahim Ibrahimli deyir ki, bədii ədəbiyyatın da öz yükü var. Yazıçı da problemlərin bədii həllini tapan adamdır: “Indiki durumumuz elədir ki, sən siyasətlə məşğul olmasan, siyasət sənlə məşğul olacaq. Zümrüd xanımın romanında siyasi yük üstünlük təşkil edir. Biz elə bir dövrdə yaşayırıq ki, istedadlı bir yazıçının gördüklərini, reallıqları yazmaması mümkün deyil”.
Ibrahim Ibrahimlinin əsərin adıyla bağlı fikirləri də maraqlı oldu: “Mənim azadlığım Allahımdır, mənim sevgim Tanrımdır. Mən əsərin adını da məhz bu mənada başa düşürəm. Yəni, azadlıq qayıdır”.
Kitabın oxucularından olan Seyidin sözlərinə görə, bu əsər son 20 ilin ən yaxşı romanlarındandır: “Bu kitab Azərbaycan reallıqlarını çox gözəl təsvir edir. Sanki bir rəssamın yaratdığı tablodur”.
Tədbirin sonunda Zümrüd Yağmurun özü çıxış edərək, fikirlərini bölüşdü. Həmçinin tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, sentyabrda daha bir romanını oxuculara təqdim etmək niyyətindədir.