Guya varlıları yaşamağa qoyursuz ki?..

Şərqin şər rejimlərini inqilab kəllə-mayallaq edir. Inqilab əleyhinə son 10 ildə aparılan əks-təbliğat işləri öz mənasızlığına qərq olur. “Inqilab kataklizmdir, qarşıdurmadır, dağıdıcılıqdır” kimi şablon fikirlər indi çox az adamı düşündürür. Inqilabı bizim kimi ölkələrdə həmişə gözdən salmağa çalışıblar. Ancaq o, bütün xəbis niyyətlərə baxmayaraq, öz cazibəsini qoruya bildi.

İndi kim Misirdəki, Tunisdəki və ətraf ölkələrdəki inqilabi coşqu qarşısında “kepkasını” çıxarmaya bilir? Öz haqları uğrunda meydanlara çıxan, tiranları böyrü üstə qoyan insan selindən gələn müsbət impulsları canımızda duyuruq. Tənbəllik, bir az da cəsarətsizlik bizə hələ ki, meydanlara axışmağa macal vermir. Ancaq bu naqis keyfiyyətimiz belə, Yaxın Şərqdəki proseslərə sevinməyə mane olmur. Insanlar “o əjdahadan bizdə niyə yoxdur” deyib köks ötürür.
Bu arada Azərbaycan hakimiyyətinin baş verənlərə reaksiyası gülüş doğurur. Hər gün bir adamını televiziyaya çıxartdırıb, “Bizdə Misirdəki kimi sosial problemlər yoxdur, əhalini yoxsulluq əzmir” dedirdirlər. Öz aləmlərində düşünürlər ki, Ilham Əliyev hər çıxışında “Azərbaycan Qafqazın lider dövlətidir” deməklə, reallıqda da belə olur.

Deyəsən, Engelsin sözüdür: “Biz paltar şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəziləri əmələ gəlməyəcəkdir”.
Bunu xüsusən, Azərbaycanın analoqsuz inkişafı ilə öyünənlərin dəftərlərinin bir küncünə yazmasını istərdim. Inkişaf sözdə yox, real həyatda hiss olunsaydı, bu gün nə Ilham Əliyev, nə də onun məmurları ölkənin çiçəkləndiyini sübut etmək üçün bunca çox danışmazdılar, sübut üçün indiki qədər özlərini yormazdılar. Qaranlıq otaqda pişik tutmaq çətindir axı, xüsusən pişik orda yoxdursa…

“Bizdə Misirdəki sosial problemlər yoxdur”u elə ürəklə deyirlər ki, sanki bu fikir ağızdan çıxmağıyla inqilabi prosesləri tormozlayacaq. Guya, Hüsnü Mübarəkin ağılı olmayıb, məsələn, o durub desəydi ki, “Bizdə Tunisdə olan problemlər yoxdur, xalqımız rifah içində yaşayır, ölkəmiz çiçəklənir”, bu gün taxt-tacında kef çəkirdi?! Nə qədər bayağıdır…

Hökumətin rəsmi hesabatına görə, ölkədəki yoxsullar əhalinin 9 faizini təşkil edir. Azərbaycanda yoxsulluq, iraq olsun, dilənçiliyə bərabər bir şeydir. Düşünün ki, Azərbaycanda ali təhsilli həkimin maaşı 150 manatdırsa, onun yoxsulu nə gündədir?
Əhalinin 9 faizi – 800 mindən çox insan deməkdir. 800 min balaca rəqəmdirmi? Bir qarın çörəyə möhtac olan 800 mini necə görməzdən gəlmək olar? Onların dərd-səri problem deyilmi?

9 faizin kənarında qalanları düşünək. Hakimiyyət hansı ağılla onları inqilabi heyətdən kənarda qoyur? Harda yazılıb ki, inqilabı, dəyişikliyi mütləq kasıblar etməlidir? Varlıların günü heydərizmdə xoş keçir bəyəm? Iş adamlarına tutulan divan hər halda, “bir həsir bir məmmədnəsir olanlara” edilənlərdən yüngül sayılmaz. Ədalətsizlik hamını əzib bu ölkədə: YAP-çını da, cəbhəçini də.
Elə bir ay olmur ki, hakim partiyanın hansısa üzvü partiya vəsiqəsindən imtina etmək barədə radikal müxalifət qəzeti – “Azadlıq”a müraciət etməsin. Bu, dəyişikliyin zərurət olduğunu göstərən bariz işarədir.