“Şeir yazmağa gərək yox, şeir sən özünsən…”

Əslində hər zaman Azərbaycan qadınının simvolu olaraq gördüyüm bu xanımla bağlı tamam fərqli şeylər yazmaq istərdim. Məsələn, onun yaşadığımız cəmiyyətdə hər kəsə nümunə ola biləcək kübarlığı, təvazökarlığı, ailəcanlılığı haqqında…

Və ya onun sabahkı doğum gününə məşhur hind filosofu Oshonun qadınlar haqqında dediyi bu sözləri ithaf edərdim: “Kişilərlə yarışırsansa, yarışmana gərək yox; onsuz da sən üstünsən. Şeir yazmağa gərək yox, şeir sən özünsən. Sevginlə canlı bir musiqisən!..”.
Amma onun bütün bunlarla razılaşmayacağını da yaxşı bilirəm. Çünki özü bizə tez-tez böyüklərindən aldığı bu nəsihəti xatırladır: “Nənələrimdən eşidib qulağıma sırğa etdiyim bir öyüd var – ”kişi qadının başının tacıdır””.

Bu sözü o xanım deyir ki, ən çətin məqamlarda öhdəsinə ən çətin işləri götürür, hər dəfə öz zərif çiyinlərini ən böyük ağırlığın altına verir. Tale belə gətirib ki, ölkəmizin 80-ci illərdən başlanan azadlıq və demokratiya davasında o, nənələrdən örnək aldığı kimi, kişilərlə çiyin-çiyinə mübarizə aparmaq yolunu seçib. Cəmiyyəti başdan-başa cənginə almış bu haqsızlıqlar, polis qabalığı qarşısında qadın zərifliyini qorumaq, içindəki üsyanı, barışmazlığı üzünə və duyğularına yansıtmamaq çox da asan gəlməsin sizə. Bəlkə də, Solmaz xanım illər boyu bunu bacara bilən nadir xanımlardandır.
Heç şübhəsiz ki, bu dəyərləri ona dünyaya göz açdığı ziyalı ailəsi verib. O, Azərbaycanın məşhur energetika alimlərindən biri, AMEA-nın müxbir üzvü, professor Firudin Hüseynovun qızıdır.

Az qala yüz il bundan öncə seçki hüququ qazanmış bir millətin qadınının bu gün təməl insan haqları uğrunda dava aparması qəribə görünür, deyilmi? Hər kəs bilir ki, Solmaz xanım təmsil etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçki kampaniyalarında hər dəfə hamıdan artıq zəhmət çəkir. Amma hər dəfə də öz “seçilmək hüququ”ndan təvazökarlıqla imtina edir, intellekti və bacarığı ilə buna hər kəsdən artıq layiq olsa da, yolunu gənclərə verib kənara çəkilir.  
80-ci illərdən bu yana dünyada çox şey dəyişib. Azadlıq hərəkatlarının yeni mərhələyə qədəm qoyduğu indiki zamanda mübarizə meydanına atılan qadınların sayı gündən-günə artır. Artıq qadın hüquqsuzluğundan bol-bol söhbət açılan müsəlman ölkələrinin əksəriyyətində qadınlar demokratiya mübarizəsinin ön sıralarına çıxır.
Azərbaycanın son 20 illik mübarizə tarixində keçirilən elə bir etiraz aksiyası yoxdur ki, orda Solmaz xanımın imzası olmasın. Hətta belə aksiyalara ciddi qadağa qoyulduğu kritik məqamlarda da o, ölü səssizliyi pozmağa cəsarəti çatan sayılı insanlardan olub. Hökumətin müxalif cəbhənin toplaşmaq azadlığını yasaqladığı 5 illik fasilədən sonra keçən ilin aprel ayında cəbhəçilərin şəhərin mərkəzində keçirdikləri icazəsiz hay-küylü aksiyanın da təşkilatçılarından biri məhz o idi.
Aksiyaların birində onu “ləyaqətli” polislərimizin xüsusi qəddarlıqla həbs etdiyini xatırlayıram. Həmin həbs zamanı maraqlı bir hadisə baş vermişdi. Polis bölməsində Solmaz xanımı dindirən müstəntiq onu tanıyıb, “siz Firudin müəllimin qızısınızmı?” deyə soruşduğu zaman həmin qoluzorlu polislər qorxacaq halda yoxa çıxmışdılar. Bundan çox keçməmiş də onu azad etmişdilər.

Solmaz xanımın ən böyük arzusunun Azərbaycanda demokratik, ləyaqətli bir insan cəmiyyəti qurulması olduğunu bilirəm. O gözəl günü tezliklə görmək arzusuyla, neçə gözəl illərə, əzizimiz Solmaz xanım!