Dubaydakı korrupsiyadan başlamaq

Bir “Barmek” vardı, xatırlayacaqsınız. Uzun illər sonra mənzilləriniz doğru-dürüst işıq gördü onun sayəsində. Evləriniz aydınlandı. 
Amma bunlar qaranlığı sevirlər axı. Işığa qarşıdırlar axı. Qaranlıqda dövlətin və millətin cibinə girmək asandır axı. Ona görə də əvvəlcə Aygün Kazımovaya “Qoy işığı söndürüm” mahnısını sifariş etdilər, sonra da “Barmek”in başına açmadıqları it oyunu qalmadı, qosqoca şirkətin torbasını tikib qapısını bağladılar. Yerində “Bakelektrikşəbəkə” adlı bir idarə qondardılar, o idarə “Barmek”in 4 ildə əkdiyi ağacın meyvəsini yığmaqla məşğul oldu.

Sonra? Sonra köhnə hamam, köhnə tas. Yenə də Azərbaycan bir az külək əsdimi, bir az yağış yağdımı, bir az qar düşdümü işıqların söndüyü, kəndlərin, şəhərlərin başdan-ayağa qaranlığa gömüldüyü ölkəyə çevrildi.

Bir yana baxanda, nə yaxşı biz küləkli bir şəhərdə yaşayırıq. Yoxsa bu hakimiyyətin korrupsiya əməlləri necə ifşa olunardı? Külək əsməsə, ən uzun bayraq dirəyinin bayrağı sevməkdən çox büdcəni sökmək ehtirasından tikildiyini hardan biləcəkdik? Külək əsməsə, “Bakelektrikşəbəkə”yə ayrılan pulların basılıb yeyildiyini hardan öyrənəcəkdik?

İndi hakimiyyət 2011-ci ildə “investisiya layihələri” adı altında 4 milyard manatın başına daş salmağa hazırlaşır. Mən bunu əminliklə deyirəm, çünki məsələn, o 4 milyard manatın 50 milyon manatını “Bakelektrikşəbəkə”yə ayırıblar. Oysa “Barmek” bu ölkədə dörd il dizini yerə qoyub çalışdı, yoxdan var yaratdı, amma büdcədən qara qəpik pul almadı. Yəni nə qədər pul dövlətin özünə qaldı. Hakimiyyət baxdı ki, belə olmaz, bundan onun cibinə bir şey girmir, həmən “Barmek”in arxasına bir təpik vurdu. Sonra da “Bakelektrikşəbəkə”ni qurdu ki, xalqın pullarını basıb yemək üçün daha bir bəhanələri olsun.

Çünki ölkədə “Barmek” varsa, “Barmek”lər çoxalarsa, Ilham Əliyevin və ətrafının korrupsiya imkanları azalır. Ona görə də su, nəqliyyat, rabitə kimi sahələri hələ də nəzarətdə saxlayır, bu sahələrə nəzarət edən dövlət şirkətlərini özəlləşdirmək, etibarlı əllərə təhvil vermək istəmirlər. Öz əllərində saxlayırlar ki, ətək-ətək dotasiyalar, investisiya layihələri adı altında millətin pulunu dədə malı kimi qamarlasınlar, sümürsünlər, silsinlər, süpürsünlər. Yoxsa necə ayı əti yeyəcəkdilər ki? Delfinlərini necə bəsləyəcəkdilər ki? Dubayda villaları necə alacaqdılar ki?

İndi bütün bunlardan sonra yaptokratlar zərrəcə utanmadan, qızarmadan istəyirlər, biz onların “korrupsiyaya qarşı mübarizə”sinin səmimiyyətinə inanaq. Korrupsioner də korrupsiyayla mübarizə apara bilər? Quzuyu da qurda tapşırmaq olar? Korrupsiya ilə mübarizə aparanın da Dubaydan belə dünyanın dörd yanında villaları olar? 
Bir ara yaptokratlar deyirdilər Azərbaycanda korrupsiya yoxdur. Biz də sübut etməyə çalışırdıq ki var, özü də lap yekəsindən.
Amma indi yaptokratlar valı dəyişib. Deyirlər, Azərbaycanda korrupsiya var. Bu dəfə də mən deyirəm ki, Azərbaycanda korrupsiya yoxdur. Korrupsiyanın yekəsi Dubaydadır, hünəriniz çatırsa, ürəyiniz varsa, mübarizənizi də ordan başlayın.

Zülmün böyüməsi

Hakimiyyətin ərəb ölkələrindəki inqilab dalğasından altını batırıb tələm-tələsik “korrupsiyaya qarşı mübarizə” şousu başlatması, məmurlara vətəndaşları incitməmək göstərişi verməsi bəzilərini mənasız yerə ümidləndirmişdi. Rejimin könlünə insaf endiyi, haqq yoluna qayıtdığı barədə düşük illüziyalar yaratmışdı.
İlham Əliyev həmin illüziyaları yaratdığı kimi də dağıtdı. 7 il sərasər Yevlağın anasını ağlar qoyan, zülmü ilə dillərə dastan olan Elmar Vəliyevi daha böyük bir şəhərə – Gəncəyə icra başçısı təyin etdi. Beləcə, ona at oynatmaq üçün daha böyük meydan verdi.  
Əcəb də elədi. Günah əlahəzrətdə deyil, günah hələ də bu ölkədə küllükdən dağ olacağına inananlardadır.