İndi doğrudan da inqilablar dövrüdür. Az qala bütün barmaqlarımızı qatlayıb, hazırda inqilab cəhdləri yaşanan ölkələrin adlarını sadalaya bilərik. Daha çox sayda ölkədə isə “inqilab olmalıdır”, “tezliklə inqilab olacaq” deyə fürsət gözləyirlər. Bir sözlə, inqilab kabusu azadlığın düşmənlərinin başında qara bulud kimi hərlənir. Başqalarının haqları ilə futbol topu kimi oynayan siyasi vəhşilər də dünyanın əvvəlki dünya olmadığını hiss edirlər. Müqavimət göstərirlər, amma bilirlər ki, köhnə üsullar keçmir. Nəticə çox ciddidir: DÜNYANI ƏVVƏLKI QAYDALARLA IDARƏ EDƏ BILMIRLƏR, DÜNYA DA ƏVVƏLKI QAYDALARLA IDARƏ OLUNMAQ ISTƏMIR.
Bu haqda danışanda isə ilk olaraq Internetdən söhbət gedir (bu sözü böyük hərflə yazmaq lazımdır). Daha sonra, GOOGLE-dən, FACEBOOK-dan, TWITTER-dən, bloqlardan söz açılır. Hətta bəziləri Misirdə, Tunisdə baş verən inqilabı Internet inqilabı adlandırmaqdan çəkinmir.
İnternetsiz də bu inqilablar olacaqdı, Internetsiz də dünya daha azad bir mərhələyə qədəm qoyacaqdı. Lakin Internet bu yolda olan əngəllərin aşılmasına əvəzsiz kömək edir. Ona görə Internet Inqilabın ekvivalenti kimi anlaşılır. Lakin bu iki “I” hərfi arasında bağlılıq sadəcə texniki bağlılıq deyil. Onların hər ikisi eyni mahiyyətə – AZADLIĞA bağlıdır.
İnternetə Azadlıq öz-özünə gəlmədi. Bu işin peyğəmbəri var. Internetə azadlıq iksiri qatan isə GOOGLE, FACEBOOK, TWITTER, WORDPRESS kimi internet sənayeçilərinin yaradıcıları və bosları deyil. Bu iksiri dünyaya internetdə WEB2 mərhələsini başlayan Tim O´Reylli bəxş etdi. WEB2 texniki anlayış deyil, nə də proqram adı deyil. Son inqilablar da sübut etdi ki, o, yeni ictimai hərəkatdır. Bu anlayışın müəllifi də 1954-cü il Irlandiya doğumlu Tim O´Reyllidir. Onun 2005-ci ildə dərc olunan yazısı belə adlanırdı: “WEB2 nədir?”
Hər şey ondan başladı. WEB2 ümumdünya Internet torunun, yəni WEB-in alternativi deyildi. WEB2 elmi anlayış da deyil. Tim peyğəmbərlik etdi, o, bu terminlə WEB aləmində yeni bir dalğa yaratmağa başladı. Əvvəllər azad proqram təminatı və açıq kodlu (yəni hər kəsin istifadə edə biləcəyi) proqramlar üçün mübarizə aparan bir hərəkatın öncüllərindən olan Tim O´Reylli WEB2 anlayışı ilə yeni mübarizə hədəfi göstərdi. Hər kəs yaza biləcək! Hər kəs danışa biləcək. Hər kəs əlavə edə biləcək. Vebdəki məzmun daha yaxşılaşır, zənginləşir, çoxalır, bütövləşir, tamamlanır, dəqiqləşir və təbii ki, yenilənir. Yalnız sahibləri, idarəçiləri və redaktorları tərəfindən dəyişdirilən saytlar dövrü arxada qalır və istifadəçilərin də saytların yenilənməsində iştirak etməsi, hər kəsin öz saytı ilə çıxış edə biləcəyi WEB2 dövrü başlayır. Bloqlar yağır göydən. Bloqlar. Arxasınca sosial şəbəkələr gəlir…
Azadlığın yeni hüdudlarını cızan Tim qalib gəldi. O, dünyanı dəyişdi. Maks Veberin izlədiyi sosial toplum arxada qalmışdı. Yeni sosiallaşma başladı:
– hər kəs özünü və saytını istədiyi kimi təqdim etdi və məhz özünəməxsus bir virtual istifadə məkanı yarada bildi və bura öz faylları, albomları, video və mətnlərini yerləşdirdi;
– Internet məkanındakı kollektiv ağıla, kollektiv mövcudluğa, ünsiyyətə bir inam yarandı:
– Özünütəsdiq, paylaşma, faydalılıq internet istifadəçilərini birləşdirdi.
Bunun ardınca azadlıq istəyənlərin yenidən təmərküzləşməsi gəlməli idi. Gəldi də.
Mən bütün bunları niyə yazdım? Bu mövzuya əvvəllər də toxunmuşdum. Lakin bütün bunları mən yalnız və yalnız bir sualı səsləndirmək üçün yazdım: NIYƏ SIZIN BLOQUNUZ YOXDUR? NIYƏ BLOQLARINIZ ZƏNGIN DEYIL? NIYƏ YAZMIRSINIZ? Əslində bunlar elə Tim O´Reyllinin suallarıdır.
Nədən küçənizdəki çaladan tutmuş uzaq ölkədəki inqilaba münasibətiniz yazıya, fotoya, videoya çevrilmir. Nədən Tovuzdan, Lerikdən, Ağdaşdan, Bakıdan bloqçular səsini bütün ölkəyə yaymır. Axı yaxındakılara və üzünü görmədiyiniz uzaq dostlara qədər sözünüz yetə bilər. Yoxsa bu yeni dünyanın sizin üçün yeniliyi nədir?