Cabbar Savalanlı ABŞ səfirliyinin diqqətindədir

Beynəlxalq təşkilatlardan Cabbar Savalanlıya dəstək

 

Azərbaycan hakimiyyətinin iki həftədir həbsdə saxladığı gənc fəal, AXCP üzvü Cabbar Savalanlı ölkə və dünya ictimaiyyətinin diqqətindədir.
ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Bricit Buçet ötən gün bir daha Cabbarın ailəsi ilə əlaqə saxlayıb. Bu barədə “Azadlıq”a Savalanlının ailəsi məlumat verib.
Səfirlikdən Cabbarın anası Təravət xanıma deyiblər ki, onlar Savalanlının məhkəmə proseslərini izləyirlər. Cabbarla bağlı bütün məsələləri diqqətdə saxlayan ABŞ səfirliyindən hər həftə onun ailəsinə zəng edəcəklərini deyiblər.
IWPR – Britaniyanın Müharibə və Sülh Araşdırmaları Institutu da Azərbaycan hökumətini Cabbar Savalanlını azad etməyə çağırıb. IWPR-ın saytında yerləşdirilən məlumatda deyilir ki, Savalanlı internetdə hökumət əleyhinə çıxışlarına görə həbs olunub. Onun narkotik istifadəsində ittiham olunması isə absurddur. Institut Azərbaycan hökumətini fərqli düşüncəli insanlara qarşı təqiblərə son qoymağa çağırıb.
Xatırladaq ki, C.Savalanlı fevralın 5-də saxta narkotik ittihamı ilə Sumqayıtda həbs olunub. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Fevralın 16-da Apelyasiya Məhkəməsində qərarın dəyişdirilməsi ilə bağlı vəkillərin qaldırdığı vəsatətlər təmin olunmayıb. Ölkədəki əksər ictimai və siyasi təşkilatlar həbsin siyasi motivli olması ilə bağlı bəyanatlar yayıb.

 

Elmin