Bizdən uzaqlardakı demokratiya (IV yazı)

Bir daha demək gərəkir: politologiya liderliyin üç tipini tanıyır – avtoritar, demokratik, liberal. Bunlar eləcə də yönətim stili olaraq anlaşılır. Biz lider tiplərini – liderlərin yönətim stilini bir-birindən ayırmağı bacarmaqla istər hakimiyyətdəki, istərsə də müxalifətdəki liderin (liderlərin) siyası xarakterini, xarakteristikasını özümüz üçün çox asanlıqla aydın eləyə bilərik. Çağdaş dünyada bütün siyası liderlər -, hakimiyyətdə-müxalifətdə yer tutmasından asılı olmayaraq, – özlərini demokrat olaraq göstərməyə çalışırlar. Onların gerçək kimliyinin bir başlıca, gizlənilməz-danılmaz göstəricisi var: yönətim stili. Yönətim stili istənilən liderin xarakter-dünyagörüş göstəricisidir. Bunlarsa istənilən liderin gündəlik davranışlarında istər-istəməz ortaya çıxan görsənişlərdir.

Avtoritar stil – bütün qərarlarında administrativ resurslara söykənməklə “dəmir əl” funksiyasını yerinə yetirən direktiv başqanlıq görsənişləridir. Avtoritar liderlik istər hakimiyyətdə, istərsə də müxalifətdə demokratiya ritorikası ilə pərdələnməklə bütün yönətim rıçaqlarının bir əldə toplanması yolu ilə gerçəkləşdirilir. Avtoritar lider ələ keçirdiyi, yiyələndiyi hakimiyyəti yol verilən-verilməyən bütün metodlardan yararlanmaqla qoruyub saxlamağa çalışır. Avtoritar liderlər üçün insan faktoru dekorativ-deklorativ xarakter daşıyır. Elə buna görə də avtoritar rejimli ölkələrdə insan hüquqlarının tapdanması, kütləvi hüquq pozuntuları qanunauyğunluq olaraq ortaya çıxır. Azərbaycanın suverenlik tarixində avtoritarizmin ən parlaq örnəyini Heydər Əliyev, onun “Yeni Azərbaycan” partiyası yaradıb. Qısaca desək, avtoritarizm mərkəzləşdirilmiş yönətim sistemidir. Burada seçkilər də, seçkili orqanlar da aldadıcı-deklorativ xarakter daşıyır.

Demokratik stil – kollegiallığa, başqa cür desək, kollektiv qərarlara bağlı yönətim sistemidir. Burada qərarlar çoxluğun istəyinə uyğun olaraq çıxarılır, yerinə yetirilir. Hakimiyyətin bölünüb-paylanması, yetki sınırlarının bəlirli olması, hamının qanun qarşısında birliyi – bütün bunlar xarakterik demokratik yönətim görsənişləridir. Bəlli olduğu kimi, demokratiyanın başlıca, özül prinsiplərindən biri QANUNUN ÜSTÜNLÜYÜ prinsipidir. Demokratiyanın bu başlıca prinsipi harda gerçəkləşdirilmirsə, orda demokratiyadan, demokratik yönətimdən danışmağa dəyməz. Seçki sistemindən tutmuş, məhkəmə-hüquq sisteminədək QANUNÇULUQ demokratiyanın, demokratik yönətimin atributiv göstəricisidir. Bu gün qonşu Gürcüstanda Saakaşvilinin başçılığı ilə baş verənlər – Gürcüstanı hər baxımdan Avropaya yaxınlaşdıran proseslər – bütün xırda-xuruş çatışmazlığı ilə yanaşı, gerçək demokratiya, demokratik stil görsənişləridir.

Liberal stil – burada lider (başçı) adamları, prosesləri, olayları özbaşına buraxır. Beləliklə, özbaşına axar rejimi yaranır. Bu rejimin üstünlüyü adamlara geniş özgürlük verilməyindədir. Ancaq bu rejimin başlıca problemi də adamlara geniş özgürlük verilməyindən yaranır. Özbaşına buraxılmış proseslərdən, olaylardan gec-tez ortaya çözümü çətin problemlər çıxır. Proseslərə passiv yanaşma, baş verən olaylara çağında, gərəyincə reaksiya verməmək liberal stil daşıyıcılarının xarakter özəllikləri olaraq özünü göstərir. Azərbaycan kimi totalitar sistemdən demokratiyaya keçən ölkələrdə liberal yönətim stilinə üstünlük verilməsi çox keçmədən hansısa “dəmir əl” yiyəsinin, başqa cür desək, diktatorun hakimiyyətə “çağırılıb” gətirilməsi ilə sonuclanır (Elçibəy faktında olduğu kimi).

Demokratiyaya keçid dönəmində hakimiyyət başına gələn lider çağına, yerinə uyğun olmayan yönətim stili ilə özünün də istəmədiyi bir başlanğıca – diktatura başlanğıcına yol açmış olur. Demokratiyaya keçid dönəmində hakimiyyət başına gələn lider demokratik yönətim stilinə üstünlük verməli, bu yolda dönməzlik göstərməlidir!