yap-bina-emblem

Biləsuvarda YAP-çı partiyanı tərk etdi

Tərlan Məmmədov: «Icra strukturlarının qanunları saya salmadıqlarına etiraz əlaməti olaraq, bu qərara gəldim»

 

“Azadlıq”ın dünənki sayında Biləsuvar rayon sakini Xanəli Məmmədovun şikayət məktubunu dərc etmişdik. Xanəli Məmmədov bildirirdi ki, 2010-cu ilin sentyabrın 27-də Biləsuvar sakini Xanbaba Əliyevin sifarişi ilə oğlanları Əlibaba, Müslüm, Amid və Elçin onu vəhşicəsinə döyüb.
Məmmədov həmin xəsarətlərə görə 22 gün Mərkəzi Xəstəxanada stasionar müalicə alıb. Lakin polis onun işini araşdırmaqda maraqlı olmayıb. Buna görə də zərərçəkmiş müxtəlif orqanlara şikayət məktubları göndərib. Bundan sonra işə baxılıb. Lakin rayonun baş müstəntiqi T.Şahbazov işə baxmaq, yəni cinayətkarı tutmaq üçün Məmmədovlardan 800 manat istəyib. X.Məmmədovun sözlərinə görə, o bu pulu vermədikdə, T.Şahbazov qarşı tərəfdən 10.000 manat alaraq işi onların xeyrinə həll edərək məhkəməyə göndərib.
X.Məmmədovun müstəntiqin bu hərəkətlərindən etdiyi şikayətləri araşdırmaq üçün onu bu il fevralın 1-də Daxili Işlər Nazirliyinin Təhqiqat və Istintaq Idarəsinə çağırırlar. Lakin burada da məsələ həllini tapmayıb. Idarənin rəisi general S.Mehrəliyev müstəntiqi müdafiə edib. Nazirlikdə Akif adlı şəxs isə X.Məmmədova deyib ki, onu döyənlər düz ediblər.
Dünən isə Xanəli Məmmədovun oğlu Tərlan Məmmədov redaksiyamıza müraciət edib. Tərlan Məmmədov bildirir ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Atasının dediklərini təsdiq edən YAP üzvünün sözlərinə görə, baş verənlərlə əlaqədar müxtəlif qurumlara etdikləri müraciətin nəticəsi olmadığına görə o, hakim partiyanın sıralarından istefa vermək qərarına gəlib. “Biləsuvar rayonunda Azərbaycan qanunları işləmir. Qanunlar, fərmanlar, sərəncamlar yalnız kağız üzərindədir, icra olunmur. Mən də Biləsuvarda icra strukturlarının qanunları saya salmadıqlarına etiraz əlaməti olaraq, YAP sıralarından istefa verirəm”.

 

Məktublar şöbəsi