“Rusiyadakı rejimin sonu Misirdəkindən pis olacaq”

Mixail Qorbaçov: “Rusiyada agentura sistemi yaradılıb”

 

SSRI-nin ilk və son prezidenti Mixail Qorbaçov “Azadlıq” radiosunun rus versiyasına müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

 

– Rusiya hakimiyyətindən əsas narazılığınız nədən ibarətdir?
– Kreml demokratiya sahəsindəki problemlərin aradan qaldırılmasında passivdir.

– Passivdir? Siz çox mülayim tənqid etdiniz…
– Hər halda, “tamamilə iş görülmür” demək doğru olmaz. Proseslərə dünyada baş verən hadisələrin kontekstində yanaşmaq lazımdır. XX əsrin sonlarında yüzdən artıq ölkədə avtoritar və diktatura rejimləri siyasi səhnədən silindi. Lakin bir neçə il sonra avtoritar liderlər yenidən siyasətə qayıdaraq seçicilərin səsini qazanmaq uğrunda mübarizəyə başladı.

– Söylədiklərinizi Rusiyaya aid etmək olar?
– Əlbəttə. Bizdə demokratiya üçün hər şey var. Parlament, məhkəmə hakimiyyəti və mətbuat mövcuddur. Lakin real nəticələr isə yoxdur. Demokratik institutlar yaranıb. Ancaq onların effekti nəzərə çarpmır. Onlar qanunsuzluq və ədalətsizliyin kölgəsində qalır.

– Sizcə, nə üçün vəziyyət bu həddədir?
– Bizimkiləri zora söykənən idarəçilik qane edir. Buna görə də əzələləri böyütmək və demokratik mexanizmləri məhv etmək zərurəti yaranır.

– Nə üçün Rusiyada hakimiyyətə gələnləri yenidənqurmanın tərəfdarı kimi qəbul etmək mümkün deyil?
– Çünki onların seçilməsində xalqın iradəsi nəzərə alınmayıb. Hakimiyyətə gələn insanlar əsl demokratik hərəkatın və demokratik institutların formalaşmasında iştirakçı olmayıb.

– Nəyə görə, düşünürsünüz ki, Rusiya hakimiyyəti avtoritarizmə meyllənir?
– Bu hakimiyyətdə kimin əyləşməsindən asılıdır.

– Şəxsi keyfiyyətlərdən?
– Bəli. Insanın şəxsi keyfiyyətləri və onun təcrübəsindən asılıdır. Bizimkilərin təcrübəsi zor və qorxu yaratmaq üzərində qurulub. Narkotiklərə qarşı federal mübarizə xidmətinin rəhbəri olmuş Viktor Çerkesov etiraf etmişdir ki, Rusiyada agentura sistemi yaradılıb.

– Siz bununla razısınız?
– Əlbəttə. Həqiqətən də gücləndirilmiş agentura sistemi mövcuddur. Bu anormallıqdır. Güc strukturlarının siyasi məsələlərin həllinə müdaxiləsi yolverilməzdir. Bunun üçün də ilk növbədə seçki sistemi təkmilləşdirilməlidir. Insanlara öz iradələrini əks etdirmək üçün real imkanlar yaradılmalıdır.

– Bir müddət öncə Dmitri Medvedevin 2012-ci ildə, Vladimir Putinin isə 2018-ci ildə prezident seçiləcəyini söyləmisiniz…
– Mən belə söyləməmişəm. Ancaq hər ikisinin kimin prezident olacağını müzakirə etməsi utancvericidir. Şəxsən mən onların əvəzinə utanıram. Medvedev və Putinin bu hərəkəti qeyri-ciddidir. Sanki cəmiyyət, konstitusiya və seçki sistemi yoxdur. Onlar ikisi hər şeyi həll edəcək. Bəs 140 milyonluq xalqın iradəsini kim nəzərə alacaq? Bu mənim xoşuma gəlmir. Medvedev və Putin özlərini xilaskar kimi aparır. Mən isə düşünürəm ki, onlar bundan uzaqdırlar.

– Sizcə, Rusiyadakı siyasi rejimin sonluğu Misirdəki kimi ola bilər?
– Hətta daha pis sonluq ola bilər.

– Belə görünür ki, Rusiyada siyasi vəziyyətin dəyişməsi üçün uzun zaman lazımdır…
– Hardan bilirsən? Çox şey bildiyini göstərməyə çalışma.

– Belə düşünürəm…
– Düşünə bilərsən.

– Bəs siz necə hesab edirsiniz?
– Jurnalistlər Lenindən inqilabın nə vaxt olacağını soruşanda o, belə cavab vermişdi: “Bu gələcək nəslin işidir”. Bu söhbət 1917-ci ilin yanvarında oldu. Həmin ilin fevralında isə inqilab baş verdi.

– Siz Putinin 2018-ci ildə yenidən Rusiyanın prezidenti olmasını istəyirsiniz?
– Xeyr.