Qərblilər əksinqilabi planı necə ifşa etdilər?
Ingiltərə öz vətəndaşlarına Qarabağa getməməyi tövsiyə etmişdi. Bu, bir neçə gün öncə idi. Və belə şərh olunurdu ki, Qərb Azərbaycanla ikili münasibətlərində rəsmi Bakının bəhanələrini tam kəsmək fikrindədir. Yəni Ermənistan işğalına münasibəti bir faktor kimi aradan qaldırmaq məqsədi güdülür. Bunun ardınca isə Fransa və Almaniya eyni addımı atıblar. Görünür, biz bu məsələnin bir daha və yenidən şərh olunması zərurəti ilə üz-üzəyik.
Əslində, bir müddət öncədən başlayan və Azərbaycan hakimiyyətinin də ciddi səs-küyə çevirmək istədiyi bir məsələ ilə başlamaq olar. Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozonun Bakıya səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünə dair verdiyi bəyanatın ardından Azərbaycan hakimiyyəti sözügedən diplomatı ciddi tənqidə məruz qoydu. Rəsmi əsaslandırma belə idi ki, Borrozo qayıdandan sonra təmsil etdiyi qurumun internet səhifəsində onun Bakıda verdiyi bəyanat təhrif olunub. Yəni Borrozo Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə Bakıda dediklərindən imtina edib. Əlbəttə, sual oluna bilər ki, bu proseslərin arasındakı üzvi əlaqə nədən ibarətdir? Belə görünür ki, hələ aylar öncədən Azərbaycan hakimiyyəti Qərb dairələrindən Rusiyanın təsirindəki avtoritar siyasətdən imtina üçün təzyiqlərlə üzləşib. Bu zaman isə “Qarabağın demokratiyaya mane olduğu” üzə çıxıb. Bu müzakirələrin davaya çevrilməsi isə Rusiya prezident Administrasiyasının rəhbəri Narışkinin Bakıya səfəri ərəfəsində və sonrasında baş verdi… Beləliklə, Rusiya Ermənistanla sərhədlərin açılmasında Türkiyəyə qarşı Azərbaycandan istifadə etmək təcrübəsindən indi Avropaya qarşı yararlanır.
Qarabağ – şəri birləşdirən dəyər
Qarabağ artıq Ermənistanın işğal etdiyi torpaqlar statusundan çıxıb. Bu, Rusiya və iki Cənubi Qafqaz ölkəsinin ortaq dəyərinə çevrilib. Bu dəyər isə regionda və öz ölkələrində şərin hökmranlığını qorumaqdır. Rusiya Cənubi Qafqaza nəzarət üçün əlindən gələni edir və Azərbaycanla Ermənistanın hazırkı siyasi rəhbərliyi Kremlin bu planına tam gücləri ilə dəstək verirlər. Görünür, rəsmi Bakı və Irəvan Rusiyanın dəstəyi olmadan hakimiyyətdə qalmağın mümkünsüzlüyünü anlayırlar. Ona görə də Qarabağ kartından yararlanan Rusiya özünü bu iki ölkənin yaxın ürək dostu saya bilir. Təbii ki, söhbət hakimiyyətlərin münasibətlərindən gedir. Bu arada Ermənistanın həm də iqtisadi mənada Rusiyadan asılılığı Ermənistan-Rusiya birliyinin Azərbaycana təsir imkanlarını artırır. Yəni rəsmi Bakı girovuna çevrildiyi kürsü naminə buradakı çirkin oyunların tam mərkəzinə keçməli olur.
Qarabağda Rusiya, yoxsa Ermənistan nəzarəti var?
Əlbəttə, Qarabağın işğalı və bu işğalçılığın sürdürülməsi prosesində Ermənistan tək olmayıb. Rusiyanın aktiv hərbi siyasi dəstəyi həmişə olub. Sonrakı münasibətlərin göstəricisi isə Rusiyanın Ermənistana və Qarabağa tam nəzarətini təmin edib. Qərb dövlətlərinin bu çağırışı etmələrinin arxasındakı ilk məqam öz vətəndaşlarını demokratikləşmə tələbi ilə üzləşən Rusiyanın rəsmi nəzarətsiz zonası olan (əslində Rusiyanın nəzarətində olan) Qarabağda təhdid və təhlükələrdən qorumaqdır. Yəni bu coğrafiyada baş verənlərin rəsmi – beynəlxalq hüquqda tanınan bir günahkarı yoxdur. Elə ona görə də ilk addım bu olub.
Müharibə ehtimalı varmı?
Ehtimal olunan müharibə barədə danışmayaq. Amma onu ortaya çıxara biləcək səbəblər hələ də mövcuddur. Ilk növbədə bu, Rusiyanın ciddi siyasi və sosial təlatümlər qarşısında qalmasıdır. Qarabağ isə eyni anda “üçü birində” əksinqilabi proyektdir. Yəni istənilən qızışmış əməliyyatlar bu regionda siyasi dəyişiklikləri ikinci plana keçirə bilər. Amma indiki məqamda bu heç də real görünmür. Ona görə ki, bu proseslərin Rusiya ilə əlaqəsi birbaşa deyil, dolayıdır. Yəni istənilən halda Rusiya özünü xilas edə bilməyəcək. Bu isə təkcə Rusiyada dəyişiklik deyil, həm də Qarabağ münaqişəsində yeni vəziyyət yarada bilər. Aydın məsələdir ki, bu zaman heç bir sosial dayağı və siyasi taqəti qalmayan hakimiyyətlər müharibəni idarə edə bilməzlər. Yəni dünyada baş verən hazırkı hadisələr diktaturaların bütün manevr imkanlarını məhdudlaşdırıb. Onların özləri bir planın tərkib hissəsi ikən başqa bir xilas xəritəsi cızmaları elə də ciddi təsir bağışlamır. Qərb dövlətləri isə öz vətəndaşlarını xəbərdar etməklə əslində Rusiya, Ermənistan və Azərbaycanı xəbərdar ediblər…
Seymur Həzi