Prezidentliyə namizədlərin dil imtahanı

Qazaxıstanda prezident olmaq istəyən ana dilindən imtahan verməlidir. Qayda yeni tətbiq olunub və qarşıdakı seçkiyə qatılmaq istəyən namizədlərin iştirak etdiyi imtahandan artıq kəsilənlər var.

Niyyətin nə olduğunu demək çətindir. Məsələn, müxalifətçilər iddia edirlər ki, prezidentliyə iddiaçıların ana dilindən məcburi imtahan verməsi siyasi fənddir və məqsəd müxalifət liderlərini seçkidən uzaqlaşdırmaqdır. Nursultan əkə 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 20 ildən artıq rəhbərliyi dövründə Qazax xalqına demokratiya dadızdırmayıb. Amma övladları üçün gərək olan-olmayan bütün imkanları yaradıb.

Qarşıdan prezident seçkiləri gəlir. Aprelin 3-də keçiriləcək seçkiyə Nazarbayev də qoşulmaq niyyətindədir və bu məqsədlə o da ana dilindən imtahan verib. Fəaliyyətdə olan prezidentin necə imtahan verməsini və imtahanın nəticəsini yazmağa gərək yox. 
“Azadlıq” radiosunda “Prezidentliyə namizəd imtahandan kəsildi” başlıqlı yazıya verilmiş şərhlərdən biri diqqətimi çəkdi. “Qoy Ilham Əliyev də ana dilindən imtahan versin. Imtahanı da Murad Köhnəqala götürsün”. Təsəvvür edə bilirsinizmi? Hə, çətin təsəvvür olunandı…

Amma bizdə də belə bir imtahan komissiyası yaradılsa, heç şübhəsiz, onun başında Murad Köhnəqala yox, Nizami Cəfərov duracaq. Dəxli olmasa da Yaqub Mahmudov özünü bu komissiyaya saldıracaq. Ramiz Mehdiyev onun xahişini yerə salmaz. Həmin komissiyaya düşəcək yetərincə namizəd (YAP hakimiyyətinin yetişdirdiyi) var ki, adlarını bu iki sütuna salmağa heyfim gəlir. Kağız parçası olsa da qəzetə böyük dəyər verirəm…

O imtahan, şübhə yoxdur ki, bağlı qapılar arxasında keçiriləcək və Nizami Cəfərov xeyli namizədi “durğu işarələrini yerində işlətmədiyinə görə” kəsəcək. Turqut Ərin heydərizmi ifşa edən kitabıyla bağlı onun ITV-də çıxışına baxandan bu professorda yeni keyfiyyətlər kəşf etmişəm. Atatürk Mərkəzinə rəhbərlik edib türkün düşmənlərinin təbliğatçısı olmaq hər adamın bacara biləcəyi iş deyil…
İcra başçısı karuseli

Dünən kimlərisə sevindirəcək və kədərləndirəcək sərəncamlar verilib. Ilham Əliyev yenə “icra başçısı karuseli” sərəncamları imzalayıb. Gəncəlilərin sevinib sevinmədiyini demək çətindir. Eldar Əzizovdan can qurtarmaq sevindiricidir, şübhəsiz, amma Elmar Vəliyevin Yevlaxa necə başçılıq etməsi də gəncəlilərə bəlli olduğundan bu xəbərin onlar üçün kədər yükü daşıdığı da göz altına alınmalıdır. O boyda tarixi, ənənəsi olan şəhərin belə talesizliyi doğrudan ürək ağrıdır. Amma dərd eləməyə də dəyməz, ən azı ona görə ki, onların hətta prezidentdən soruşmağa haqqı da var: “Bizim suçumuz nə?”. Düzdür, bütün başqa sorğular kimi Ilham Əliyev bunu da cavablandırmayacaq. Amma gəncəlilərin konstitusion hüququdur ki, öz başçılarını özləri seçsinlər, talelərinə biganə deyillərsə…
Sumqayıtlıları yeni təyinatla bağlı sevindirəcək yeganə məqam bu il prezidentin 50 yaşına hazırlanacaq tort ola bilər. Güman edirəm ki, Eldar Əzizov ənənəsinə sadiq qalacaq. Iqtisadi böhrana baxmayaraq yenə də tortunu bişirtdirəcək. Paytaxta daha da yaxınlaşan bu başçı hətta prezidenti də mərasimə dəvət edə bilər. Bakılıların da 50-dən, daha doğrusu 50 metrlik tortdan dadmaq şansı yaranıb, hər halda Sumqayıtla Bakı arasındakı məsafə buna imkan verir. Təbii ki, ilin sonuna – 50 illik yubileyə qədər situasiya dəyişməsə…

Ağzınız şirin olsun!