İlham Əliyev, Ramiz Mehdiyev! Yığışın – getməyin çağı çatıb!

Çağdaş dünyanın ən güclü diktatoru Hüsnü Mübarək xalqın dirənişi ilə hakimiyyətdən getdi. Mübarəkin ən güclü diktator olması faktı onun 30 il hakimiyyət başında olmasından daha çox ordunun içindən çıxması ilə bağlı idi. Mübarək elə orduya güvənməklə də ABŞ, Avropa liderlərinin hakimiyyəti xalqa ötürmək çağırışlarını qulaq ardına vuraraq deyirdi: “Mən Bin Əli deyiləm, hakimiyyəti atıb qaçam”.

Dirənişli qaçış

Mübarək xalqla 18 günlük dirənişdən sonra hakimiyyəti atıb qaçmalı oldu; onun başqa yolu qalmamışdı – bir az da qalsaydı, öldürüləcəkdi. Belə olur: diktatorlar ya hakimiyyətdən qovulur, ya da öldürülürlər. Mübarək Azərbaycan diktatoru H.Əliyevin yolu ilə gedərək, hakimiyyəti oğluna ötürmək istəyirdi. O, xalqın böyük dirənişi qarşısında addım-addım geri çəkilərək cürbəcür yalanlara əl atdı – otuz il aldadılan xalq daha aldadılmaq istəmədi. Beləliklə, Tunisdən sonra Misirdə demokratik devrim baş verdi. Misirdən sonra hara? Tunisdə, Misirdə xalqın üzləşdiyi problemləri bütünlüklə əliyevçi rejim, konkret desək, ata-oğul Əliyevlər Azərbaycan xalqına yaradıblar. Bunlar ANTIMILLI, ANTIDEMOKRATIK rejim gerçəyindən qaynaqlanan rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya faktlarına bağlı problemlərdir. 2003-cü ilədək bütün bu neqativ – ANTIMILLI, ANTIDEMOKRATIK – görsənişlərin başında ata Əliyev dururdusa, 2003-dən bu yana oğul Əliyev durur!
Ancaq indi – Tunis, Misir devrimlərindən sonra – özünü o yerə qoymayan oğul Əliyev virtual olaraq antikorrupsiya cəngavərliyi sərgiləməkdədir; özü də kiminlə… kiminlə… – ölkədə ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərin, eləcə də rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq- monopoliya siyasətlərinin, üstəlik, antidemokratik seçki siyasətlərinin baş ideoloqu, baş arxitektoru, baş iş icraçısı (antidemokratiya prorabı!) Ramiz Mehdiyevlə birlikdə! Kimi aldadırsız?!
Ilham Əliyev Tunis, Misir devrimindən sonra “qanunçu prezident” roluna girərək ölkənin batı bölgələrinə gəzintiyə çıxdı. Bu, virtual olaraq korrupsiya komandasından “qanunçuluq komandasına” transfer eləmiş komanda kapitanı idi – özünün dünyalarca ünlü korrupsioner komandasını Bakıda qoyub, bəlli bir bölgədə təkbaşına QANUNÇULUQ oyunu oynayan komanda kapitanı! Ayrıca olaraq vurğulamaq gərəkir: Orta Doğuda başlayan, yeyinliklə yayılıb genişlənən devrim dalğasından qorxuya düşən Ilham Əliyev-Ramiz Mehdiyev cütlüyü xalqı aldadıb sayxaşlaşdırmaq, çağ udmaq üçün ölkə boyu QANUNÇULUQ oyunu oynamaqdadır. Bununla bağlı I.Əliyev ölkənin o başından – Qazaxdan – “Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır” deyə, bütün xalqa səsləndi: “Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına (Ramiz Mehdiyevə!!!) və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da (daha da!- bu onun çox sevdiyi aldadıcı epitetlərdəndir) tezliklə aradan qaldıraq”.

Demokratiya yoxluğunda “ictimai nəzarət”

“Ölkədə ictimai nəzarətin” başlıca, ən güclü qarantı doğru-düzgün, demokratik seçki yolu ilə parlament formalaşdırılmasıdır. Sən elə o Qazaxda Leyla Mustafayevanın mandatını əlindən alıb bəlli bir rüşvət universitetinin rektoruna verirsənsə, hansı düzgünlükdən, antikorrupsiyadan danışırsan? Sən “müxalifətçidir” deyə, bir çoxlarının qazanılmış mandatını rüstəm xəlilov kimi savadsız, ancaq pullu kimsələrə, etibar hüseynov kimi antimilli, antidemokratik rejim nökərlərinə verirsənsə bu, xalqın istəyinə, xalqın səsinə tüpürmək deyil, nədir?!
Sən Teleradio Verilişləri Şirkətinin üç minlik jurnalist kollektivinin arasından Arif Alışanov adında bütünlüklə korrupsiyaya bulaşmış buxalterin birisini bu şirkətə başçı qoyursansa; Ictimai televiziyaya rüşvətxorluqda ad çıxarmış, antiictimai xarakteri ilə tanınan Ismayıl Ömərov adında birisini başçı qoyursansa; sən Misir Mərdanov kimi TƏHSIL, Oqtay Şirəliyev kimi SƏHIYYƏ-SAĞLAMLIQ düşmənini sevə-sevə nazir postunda oturdursansa; ən başlıcası, sən 7 illik (yeddi illik!) hakimiyyətin boyunca ölkəni, bütün dövlət strukturlarını başdan-ayağa bürümüş rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya faktlarına göz yumursansa, devrim dalğasından doğan indiki qanunçuluq, demokratiya ritorikası ilə kimi aldadırsan?!

Yerlərdəki korrupsiya hakimiyyətləri

“Yerli icra hakimiyyəti orqanlarına məlumat verin” deyirsən. Bircə fakt. Heydər Abbasov adında Rusiya alverçisi korrupsiya axarında gətirilib Sabirabad kimi böyük bir rayona icra başçısı qoyulursa, belə icra hakimiyyətinə “məlumat” verməyin nə anlamı ola bilər? Ölkəni bütünlüklə demokratiya yolundan döndərəndən, özün başda olmaqla bütün komanda yoldaşlarına “ömürlük” statusu qazandırandan sonra hansı antikorrupsiyadan, hansı demokratiyadan danışmaq olar? Olarmış! I.Əliyev bütün bunların üstündən Qazaxda hökumətin antikorrupsiya, demokratiya yolunda olduğundan danışıb. 18 il ölkəni yağıcasına çapıb-talayan bir komanda birdən-birə antikorrupsioner, demokratik ola bilərmiş!..
“Hökumət” anlayışı ortaya gələn yerdə bizim yadımıza istər-istəməz Artur Rəsizadə, onun bütünlüklə yararsız “Nazirlər Kabineti” düşür. “Yararsız” dediyimiz bu “kabinet” özünün PARAZIT komandası ilə rüşvəti, korrupsiyası bir yana, bircə elə aylıq donluq anlamında hər il Azərbaycan xalqının milyonlarla manat pulunu mənimsəyir. Bütünlüklə bir ailənin buyruğunda olan televiziyalardan, əliyevçi rejimə bağlı qəzetlərdən, eləcə də I.Əliyevin bölgə gəzintilərində rejim başçısına yaltaqlanmaq funksiyası boynuna qoyulmuş “ictimaiyyət nümayəndələrinin” çıxışlarından göründüyü kimi, bu gün Azərbaycan xalqı, Azərbaycan ölkəsi, Azərbaycan dövləti üçün çalışan üç başlıca fiqur var: Ilham Əliyev, Mehriban Əliyeva, Leyla Əliyeva. Belədə soruşulur: nəyə görə bu üç görkəmli əməkçiyə çatmalı milyonlarla dəyərində aylıq pulları indilikdə PARAZIT bir qurum olan “Nazirlər Kabineti” mənimsəməlidir? Ölkənin bu başından o başına, ən azman işlərdən tutmuş, ən xırdalarınadək bütün işlərin görülməsinə “şəxsən” prezident özü göstəriş verirsə, nəyə görə bütün bu dövlət aparatına, bütün bu PARAZIT qurumlara, PARAZIT subyektlərə verilən aylıq pullar – dövlət büdcəsindən ayırmalar bir adama – başlıca əməkçiyə – Ilham Əliyevə verilmir? Mən XALQ adından Prezident Administrasiyasına üz tutaraq bu qanunsuzluğu aradan qaldırmağa, Bakıdan Qazağadək dövlət aparatı üçün ayrılan bütün pulların aybaay MÖHTƏRƏM CƏNAB prezidentə verilməsi üçün PARLAMENTƏ qanun proyekti göndərməyə çağırıram. Bu proyektin PARLAMENTDƏ bir göz qırpımında keçərli olacağına mən özüm qarantiya verirəm!
Əliyevçi MƏHKƏMƏ-HÜQUQ sistemi çoxdan Avropa Insan Hüquqları Məhkəməsinin başlıca kriminal fiqurantlarından birinə çevrilib. Bu sistemin baş prokuroru Z.Qaralov olduqca dəyərli (“dəlidən doğru xəbər”) çıxışda bulundu: “Korrupsiya ilə mübarizəni özümüzdən başlamalıyıq”. Adam baş prokurordur, bilir 18 ildən bəri bu ölkədə DÖVLƏT SIYASƏTINƏ çevrilmiş rüşvət-korrupsiya görsənişlərinin başında kimlər durur. Hə, baş prokuror da işə qarışdı, qurtardı. Indi qalır  antikorrupsiya çarpışmasına başlamaq. Bu çarpışmanı bəlli bir ailənin Dubaydakı 75 milyon dollarlıq korrupsiya faktından da başlamaq olar; elə o ailənin Londondakı milyardlarla dəyərində (daşınmaz əmlak!) korrupsiya faktından da; bir daha o ailənin Avropa, Amerika, Rusiya banklarındakı milyardlarla korrupsiya yığımından da. Başlıcası başlamaqdır. Haydı, irəli, Azərbaycan korrupsionerləri!