Şəki cəbhəçiləri yerli hökumətə xəbərdarlıq etdi

«Qısa müddətdə vəziyyət düzəlməsə, etiraz aksiyalarına başlayacağıq»

 

AXCP-nin Şəki üzrə yerli şöbəsi bu rayonda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Şəkidə məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya, qanunların işləməməsi, işsizlik, mənəvi tənəzzül geniş vüsət alıb.
“Şəkinin icra başçısı Murad Cabbarlı kiçik sahibkarlara işləməyə imkan vermir. Şəhərdə abadlıq yaradılması adı altında ticarət köşklərinin hamısı sökülür. Bu da işsizliyin geniş yayıldığı Şəkidə neçə-neçə ailənin son ümid çırağını söndürüb. Sahibkarlıqla məşğul olan Hikmət Səlimovun intiharı da Murad Cabbarlının əməllərinin nəticəsidir”, – deyə bəyanatda qeyd olunub. Partiyanın Şəki rayon təşkilatı bəyan edib ki, qısa müddətdə idarəçilikdə dönüş olmasa, Konstitusiyanın imkan verdiyi vasitələrdən yararlanaraq, etiraz hərəkatına başlamaq hüququndan istifadə edəcəklər.

 

İnformasiya şöbəsi