Hər evə bir intihar düşənə kimi…

Bu gün (18 fevral) gənc reportyor Ramin Dekonun doğum günüdü. Və bu gün onun intihar haqda daha bir yazısı çap edilib “Azadlıq”da. Daha bir yazısı! Hadisə yerindən gözəl reportaj yazıb. Bu, Azərbaycan jurnalistinin qismətidi – qanlı, ürəkparçalayan hadisədən gözəl yazmaq. Və bir dəfə deyil, dəfələrlə. Indi Ramini necə təbrik eləyəsən? Tez-tez intihardan reportaj yazmağa məcbur olduğu ölkədə doğulduğuna görəmi, ya o intiharlardan, özünəqəsdlərdən gözəl yazdığına görə? Bəlkə, hər doğum günü olana bir başsağlığı düşür? Nə deyim, Ramin, hər halda, keçmiş olsun. Sənə intiharlar seriyasından yazmayacağın illər diləyirəm.
Və… daha bir gəncin ömrü fidan ikən bitdi. Əli Həsənov özünü yandıran göysatan aramağın boşuna olduğundan yazır. Göysatan deyəndə dollar satanlardan gedirsə söhbət, bəlkə də adam haqlıdı. Bu dəfə özünə qəsd edən gənc Azərbaycan əsgərini müalicə eləyəcək, yarasını sarıyacaq gələcəyin həkimi idi. “Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ikinci kurs tələbəsi Elvin Əsgər oğlu Qasımov fevralın 16-da universitetin yataqxanasında intihar edib”.

“Yataqxanada yaşayanlar deyirlər ki, mərhum ”Anatomiya”nı gözəl bilirdi”. Əslində o, bu hakimiyyətin, bu cəmiyyətin anatomiyasını bilirmiş. Və buna görə də yaşamaqda bir məna görmədi. Ağası Gülüm olanın başına külüm olar,- deyib atalar. “Mərhum tələbə kəsirlərini silmək üçün 500 manat civarında pulu universitetə çatdırmalı imiş”. Çatdırammadı. Bu intiharın üstünə də “psixi pozğunluq” yazıb, işi xətm eləyəcəklər. Vətəndaşı intihara çatdıran dövlətin yaxasından kimsə yapışıb hesab istəməyəcək. Ta o vaxta kimi ki, bu ölkədə hər evə bir intihar düşəcək.

Hüsnü Mübarək isə hələ də Fəxri xırdalanlı olaraq qalır. Bu aralar onun mühafizəsinə xərclənən vəsaitin bir damcısını intihar eləyən o tələbəyə versəydilər, aparıb müəllimlərinə verər, kəsirdən, damarlarını kəsməkdən və özünü asmaqdan qurtulardı. Yox, olmazdı onu eləmək, onu devrilmiş bir diktatorun saxta heykəli qədər qorumaq. Azərbaycan insanının bu hakimiyyətin gözündə bir meyit diktator qədər də hörməti, dəyəri yoxdu. Yaşasın YAP, yaşasın Əliyevlər rejimi! Yaşasın Mübarək! Yaşasınlar, hər evə, hər ocağa bir intihar düşənə kimi…

Gözümüz aydın! Pensiyaçı ata-analarımız, qohum-əqrəbamızın alacağına bundan belə 2 manat 30 qəpik əlavə olunacaq. Bundan sonra bu ölkədə inqilab-minqilab baş verərmi? Yox, təbii. Ərəbistana yolu düşüb-eləyən olsa və Inqilabı görsə, ona desin ki, boşuna bizim tərəflərə gəlməsin bu il. Pensiyalarımızı 2 manat 30 qəpik artırıblar. Ölüncə yesələr, bəsləridi. Bundan sonra baş verəcək bütün intiharları da ədəb-ərkanla, mərifətlə, elin gözündə əksilmədən yola verə biləcəklər. Gəlməsin bu tərəflərə inqilab, oyanış, dirçəliş, dirəniş – hər evə bir intihar düşənə kimi.

Bu arada WikiLeaks-in Azərbaycan hakimiyyətini növbəti dəfə ifşa etdiyi xəbər verilir. Sayt Azərbaycanın adı keçən növbəti “gizli” teleqramı yayıb. Deyilir ki: “Azərbaycan iqtidarı dövlətlərarası münasibətlərdən sülalə rejiminin davamlı olması üçün yararlanır”. Pah, guya burda nəsə gizli bir şey varmış…
Fransanın “Le Monde” qəzetinin yaydığı məlumata görə, Tunisin devrilmiş lideri Zeynal Abidin Bin Əli infarktın ən yüksək həddini keçirib və komaya düşüb. Heç inandırıcı deyil. Hətta yalan xəbərdi. Məgər diktatorlar Ölməz Kaşşey deyil? Axı onlar əbədiyaşardılar. Elə olmasaydı, Azərbaycan hakimiyyətində mütləq bir ölçü götürərdilər.

ABŞ-da çap olunan “Foreign Policy” (“Xarici Siyasət”) jurnalı isə tam yanlış xəbər yayıb. Guya, ərəb ölkələrində baş verən inqilabın Azərbaycanda da baş verməsi ehtimalı yüksəkdir. Jurnal fikrini bununla əsaslandırır ki, “həmin ölkələrdə də sülalələr və avtokratik liderlər müxalifət partiyalarını, demokratik institutları iflic edib, xalqı seçim və hakimiyyəti dəyişmək hüququndan məhrum edib”. Nə olsun? Nə qədər ki, hər evdə bir intihar baş verməyib…