Opera səhnəmizin gözəl səsli ulduzu

İlk peşəkar qadın müğənnimiz Şövkət Məmmədova

 

Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədovanın adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb. O, həmçinin Azərbaycanın ilk qadın opera ifaçısıdır. Opera səhnəmizdə bir-birindən gözəl rollar yaradan, bənzərsiz səsi ilə milyonların qəlbini fəth edən bu sənətçinin bioqrafiyası parlaq hadisələrlə doludur. Mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. Ilk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəyovun, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılmışdır.
Ş.Məmmədova 18 aprel 1897-ci ildə Tiflisdə sadə bir ailədə anadan olub. Onun yaşadığı Tiflis mühiti mədəni həyatı ilə seçilirdi. O, 6 yaşında ikən Tiflisdə özəl məktəbdə təhsil alıb. Valideynləri Şövkətin məktəbdə musiqiyə olan xüsusi marağını görüb onu uşaq musiqi məktəbinin fortepiano sinfinə yazdırıblar. Şövkətin qeyri-adi musiqi duyumu ona dərs deyən gürcü müəllimlərin diqqətini çəkib. O, Motsartın, Baxın əsərlərini fortepianoda özünəməxsus bacarıqla ifa edir, bəzən müxtəlif romanslar, ariyalar da oxuyurdu. Atası övladının qeyri-adi istedadını görüb onu oxutdurmaq məqsədilə Bakıya gətirib.
Bakıya gələn Şövkət xanım maarifçi ziyalıların, ilk növbədə Üzeyir Hacıbəyovun, Məmmədhənifə Terequlovun, Hüseynqulu Sarabskinin, Müslüm Maqomayevin köməyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün Italiyanın Milan şəhərinə yola düşüb. Messenat, Bakı milyonçusu Zeynalabdin Tağıyev hər ay ona xüsusi təqaüd göndərirdi. Arada bu təqaüd gəlmədiyindən tələbə qız maddi çətinliklərlə üzləşib və təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmaq məcburiyyətində qalıb. 

İlk dəfə Bakı səhnəsində

Şövkət Məmmədovanın ilk sənət müəllimi məşhur opera müğənnisi, uzun illər Milanın “La Skala” teatrında işləmiş Dotti Ambrozio olub. O, gənc müğənni ilə səkkiz ay məşğul olub və həmin vaxtın tamamında Şövkət xanım artıq XVII və XVIII əsr Italiya bəstəkarları Montverdinin, Kovallenin, Krassiminin, Perqolezinin mürəkkəb əsərlərini məharətlə ifa edə bilirdi.
13 aprel 1912-ci ildə Üzeyir bəyin rəhbərliyi, həkim A.Axundovun qayğısı ilə Tağıyev teatrı binasında “Ər və arvad” operettası oynanılıb və yığılan vəsait bütünlüklə Şövkət xanıma verilib. Hətta tamaşadan sonra verilən konsertdə Şövkət xanım ilk azərbaycanlı qadın müğənni kimi səhnəyə çıxıb.
Konsert Bakı qoçularını bərk qəzəbləndirib və mənzilində yaşadığı həkim Axundovun riski ilə müğənni gizlin yolla teatrdan çıxarılıb və Biləcəri stansiyasından Tiflisə yola salınıb. Tiflisdə Ş.Məmmədova musiqi təhsilini davam etdirib. 1915-ci ildə müğənninin əri Yakov Isayeviç Lyubarski Tiflisə gəlib. O, Kiyevdə Politexnik institutunda təhsil almaq üçün yola düşəndə gələcəyin qüdrətli opera solisti də onunla gedib. Orada Şövkət xanım böyük musiqi xadimləri ilə, o cümlədən Reynqold Qlierlə, opera solistləri Flora Paşkseniya Dzejinskaya, Vorents Motvid, gələcəyin yazıçısı, tələbə Yusif Vəzir Çəmənzəminli ilə tanış olub. Kiyev konservatoriyasında A.Şperlinqin vokal sinfində oxuyub. Qlierlə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib. 1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri Gürcü dərnəyində hazırlanan Valerian Qunianın “Qardaş və bacı” (Marina), David Eristavinin “Vətən” operalarında, Şalva Dadianinin “Şeni çiri me” (“Qadan alım”) komediyasında, Valerian Qunianın “Vəkilin yanında” (Naznani), “Vəba vaxtı” (Eteri) məzhəkələrində çıxış edib.
1921-ci ildə Şövkət xanım Bakıya gəlib. Həmin illərdə Azərbaycan opera truppası Milli Dram Teatrı nəzdində fəaliyyət göstərirdi (1925-ci ilin avqustuna qədər). Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera Teatrosu adlanan kollektiv indiki Opera və Balet Teatrının binasında fəaliyyət göstərir, yalnız Avropa və rus operalarını tamaşaya hazırlayırdı.
1925-ci ildə Azərbaycan truppası da bu kollektivə daxil edildi, daha bir neçə il keçəndən sonra balet truppası təşkil olundu və sənət ocağı Azərbaycan Dövlət Opera və Balet Teatrı adlandı.
Sənətçi bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin “Traviata” operasında Violeninanın partiyasını oxuyub. 1948-ci ilə qədər müxtəlif fasilələrlə teatrın solisti olub. 1927-1929-cu illərdə ikinci dəfə Italiyaya gedib. Burada həm ustalığını təkmilləşdirib, həm də Roma, Venesiya, Neapol, Florensiya, Piza şəhərlərinin musiqi və memarlıq incəsənətini öyrənib. Dünyanın ən məşhur klassik və müasir bəstəkarlarının əsərlərindən, milli xalq mahnılarından ibarət zəngin konsert repertuarı yaradıb.

Onun musiqi mədəniyyətimizdəki önəmli yeri

Şövkət xanım opera solistliyindən, vokal ustalığından əlavə, həm də məşhur teatr xadimi idi. O, 1939-1945-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib.
Vaxtilə Azərbaycanda müxtəlif teatr cəmiyyəti və ittifaqı fəaliyyət göstərmişdir. 1945-ci ildə bu qurumlar Azərbaycan Teatr Cəmiyyəti adı ilə yenidən təsis edilmiş və onun ilk sədri Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər çalışmışdır. Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri Ittifaqı adlanır. 1945-ci ildə Teatr Cəmiyyətinə sədr seçilən Ş.Məmmədova Üzeyir Hacıbəyovun rektor olduğu Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Vokal Kafedrasının müdiri (1946-1947) və dekanı (1946-1950) olub.
1938-ci ilin aprelində Moskvada Azərbaycan Ədəbiyyatı və Incəsənəti Dekadası keçirilib. Orada Üzeyir Hacıbəyovun “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz” və Reynqold Qlierin “Şahsənəm” operaları, həmçinin Üzeyir bəyin “Arşın mal alan” operettası göstərilib. Şövkət xanım Şahsənəm və Nərgizin partiyalarını böyük sənətkarlıqla ifa edib.
Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova SSRI xalq artisti fəxri adı ilə təltif olunub.
Şövkət Məmmədova Tiflisin, Odessanın, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin, Parisin, Təbrizin ən böyük opera teatrlarında və nəhəng konsert salonlarında kamera-vokal nümunələri ifa etmiş, opera qəhrəmanlarının partiyalarını oxumuşdur.
Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınmış və vala yazılmışdır.
Şövkət Məmmədova 8 iyun 1981-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Bakıda onun adına Opera studiyası və küçə var.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir