Nemət Əliyev: «Hökumət əvvəlcə rüşvət, korrupsiya və inhisarçılığı doğuran səbəbləri aradan qaldırmalıdır»
Bir anlıq təsəvvür edək ki, Azərbaycan hökuməti rüşvət və korrupsiyaya qarşı mübarizə bəyanatlarında həqiqətən də səmimidir. Və bu neqativ halların qarşısını almaq üçün bütün səylər ortaya qoyulacaq. Belə olan halda maaşları yüksək olmayan müəllimlər, həkimlər, hakimlər, gömrük işçiləri, hüquq-mühafizə orqanları əməkdaşları və digər peşə sahibləri həqiqətənmi rüşvətsiz işləyəcəklər?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, hökumətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərindən danışması eşidən hər kəsdə yalnız ironiya və gülüş doğurur: “Çünki bu illər ərzində hökumət özünü belə tanıdıb. Hökumətin bu məsələdə nə dərəcədə ciddi olduğu verilən bəyanatlardan yox, görülən tədbirlərdən dərhal hiss olunur. Hələ bir müddət əvvəldən dövlət səhiyyə müəssisələrində tibbi xidmətin və bəzi dərman preparatlarının pulsuz olduğu elan edilmişdi. Amma ötən dövr ərzində biz bunun şahidi olmadıq. Əksinə rüşvət alma prosesi əvvəlkindən də kəskin formada davam etdi. Insanlar yaxşı başa düşürlər ki, bu hökumət səhərdən-axşama qədər onları aldatmaqla məşğuldur”.
N.Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti ayrı-ayrı sahələrdə çalışan insanların əmək haqlarını artırmayınca rüşvətin və korrupsiyanın yığışdırılması prosesi heç bir effekt verməyəcək: “Elə addımlar atılmalıdır ki, insanlar buna inansın. Nə qədər ki, ictimai dəstək, ictimai inam yoxdur, bunun nəticəsi olmayacaq. O halda müsbət nəticə əldə etmək olar ki, rüşvətxorluğu, korrupsiyanı, inhisarçılığı doğuran səbəblər aradan qaldırılsın. Həmçinin əmək haqlarına ciddi artımlar edilsin. Təhsil, səhiyyə və bu kimi başqa sahələrdə niyə rüşvətxorluq var? Çünki müəllimin, həkimin maaşı çox aşağıdır. Onlar öz ehtiyaclarını ödəyə bilmirlər. Ona görə məcbur olub rüşvət alırlar. Səhiyyə sahəsində çalışan insanın maaşı normal olsa, onun gözü müalicəyə gəlmiş xəstənin cibində olmaz. Bu günə qədər hökumət elə bir siyasət yürüdüb ki, həmin o təhsil, səhiyyə, gömrük, prokurorluq işçisi rüşvət almağa öyrəncəlidir. Əməkhaqqı çox ciddi faktorlardan biridir. Əməkhaqqı qaldırılsa, rüşvətxorluq və korrupsiya əleyhinə aparılan tədbirlər də səmərə verəcək. Əks halda heç bir dəyişiklik gözləməyə dəyməz. Bütün tədbirlər də gözdən pərdə asmaq xatirinə olacaq”.
Gültəkin