“Eynulla Elmarın qətli ilə bağlı dəfələrlə ipucu verib”

Şahvələd Çobanoğlu: «Hökumətin bu qətli açmaqda maraqlı olmadığı beynəlxalq qurumlar üçün də sirr deyil»

 

Jurnalistlərin Müdafiə Komitəsinin (Nyu-York) Azərbaycanda medianın vəziyyətinə dair son bəyanatı xüsusilə diqqətçəkəndir. Qurum ölkədə söz və mətbuat azadlığının ağır vəziyyətindən söz açarkən Eynulla Fətullayevin hələ də həbsdə qalmasına toxunub. Və bildirib ki, E.Fətullayev “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdırdığı üçün məhbəsə atılıb: “Fətullayev iddia edir ki, Elmar Hüseynov Bakıda yüksək səviyyəli rəsmilərin sifarişi ilə qətlə yetirilib və rəsmilər cinayəti ört-basdır etməyə çalışır”. Qurum bu qətlin araşdırılması istiqamətində Azərbaycan hökumətinin heç bir addım atmadığını da dilə gətirib: “Rəsmilər Elmar Hüseynovun işi ilə bağlı istintaqın nəticələri haqda da heç bir məlumat vermirlər”.
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu hesab edir ki, Eynulla Fətullayevin həbsi Azərbaycanda azad sözü boğmaq, azad mediaya basqılar niyyətilə həyata keçirilib. Eyni zamanda burada Elmar Hüseynovun qətli amili də var: “Eynullanın bu istiqamətdə bəyanatları və açıqlamaları olub. O dəfələrlə bildirib ki, Elmarın qətlini araşdırdığı üçün uzun müddət təqib olunub və sonra da həbs edilib. Jurnalistlərin Müdafiə Komitəsinin mövqeyi də buradan doğur. Eynulla dəfələrlə bu qətllə bağlı ipucları verib, yazılarında və həbsxanadan göndərdiyi bəyanatlarında bu məsələyə toxunub”.
Ş.Çobanoğlu onu da qeyd edir ki, Azərbaycan hökumətinin E.Hüseynovun qətlinin araşdırılması istiqamətində heç bir iş görmədiyi artıq beynəlxalq qurumlar üçün də sirr deyil: “Qətlin necə araşdırıldığı barədə heç kimə məlumat verilmir. Verilən açıqlamalar da ziddiyyətli olub. Sonuncu dəfə Gürcüstan hökuməti bəyan etmişdi ki, onlara bu iş üzrə heç bir sorğu verilməyib. Artıq Azərbaycan ictimaiyyətində də, beynəlxalq aləmdə də belə bir fikir formalaşıb ki, bu hökumət qətlin açılmasında maraqlı deyil”.

 

Gültəkin