Büdcə təşkilatlarında “konvert”lər yığışdırılacaq?!

«Korrupsiyanın qarşısını almaq üçün regionçuluğun da kökü kəsilməlidir»

 

Bəzi büdcə təşkilatlarında verilən qeyri-rəsmi maaşların ləğv olunacağı haqda xəbərlər həmin orqanların kollektivlərində böyük çaşqınlıq yaradıb. Son zamanlar maliyyə-iqtisadi böhran səbəbindən gecikmələrlə verilən bu maaşların indi isə “korrupsiyaya qarşı mabarizə” kampaniyasına qurban gedəcəyi heç kəsdə şübhə yaratmır…
Azərbaycanda qeyri-rəsmi maaşların verildiyi dövlət qurumları əsasən Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Iqtisadi Inkişaf Nazirliyi, Dövlət Neft Şirkəti, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və digərləridir. Bu metod hələ Heydər Əliyevin hakimiyyəti illərində tətbiq edilmiş və məqsəd biznes strukturları ilə birbaşa təmasda olan həmin sahələrdəki rüşvətxorluğu “tənzimləməkdir”. Başqa sözlə, vəzifəli-vəzifəsiz məmurların ayrı-ayrı “bazar” açmalarına yol verməmək üçün yerlərdə iş adamlarından rüşvətlərin alınması mütəşəkkil qaydada həyata keçirilir və vahid “mərkəzə” ötürülür. Burada isə həmin pullar işçilərin qeyri-rəsmi maaş cədvəlinə uyğun bölüşdürülür və paylanılır. Bununla da yerlərdə “hərc-mərcliyə” son qoyulur, eyni zamanda maddi stimul yaratmaqla əmək kollektivlərinin enerjisi peşəkar fəaliyyətə cəlb edilir. Onu da bildirək ki, bu pullardan ali hakimiyyətin “cari xərclər”inə də pay ayrılır…
Müşahidəçilərin sözlərinə görə, sözügedən sahələrdə qeyri-rəsmi maaşların verilməsi burada rəsmi əmək haqlarının qaneedici olmaması ilə bağlıdır. Üstəlik, bu qurumlarda iş rejimi əsəbi, mənəvi-əxlaqi durum isə sıxıcıdır. Məhz bunları nəzərə alan hakimiyyət indiyədək həmin dövlət orqanlarında qeyri-rəsmi maaşların verilməsini labüd bilib və bu reallıqla beynəlxalq təşkilatlar da barışmalı olub. Lakin son dövr ölkədə korrupsiyanın görünməmiş səviyyədə tüğyan etməsi, eləcə də dövriyyədəki “çirkli pullar”ın məbləğinin fantastik həddə çatması və ona nəzarətin çətinləşməsi ciddi narahatlıq yaradıb. 
Belə ki, sözügedən qurumlarda on minlərlə adam çalışır. Bu strukturlarda təkcə sıravi şöbə işçilərinə 500-1000 dollar arasında qeyri-rəsmi maaş verilir (lakin rəhbərliyin “sevimlisi” olanlara daha yüksək məbləğ düşür). Şöbə rəisləri 1000-2000 dollar, idarə rəisləri 2000-5000 dollar arasında qeyri-rəsmi əmək haqqı alırlar. Nazir müavinləri, komitələrdə sədr müavinlərinə isə 10000-20000 dollar və ya daha çox məbləğdə qeyri-rəsmi maaş verildiyi söylənilir. Indi bu əmək haqlarının ləğv ediləcəyi təqdirdə rəsmi maaşların artırılacağı vəd olunur. Lakin rəsmi əmək haqları artırılsa belə, onun indiki məbləğlərə müvafiq olacağı inandırıcı görünmür.
“Əslində ”konvert”lərdə təqdim olunan maaşların yığışdırılması hazırkı mürəkkəb situasiyada ali hakimiyyətin də marağındadır. Çünki ayrı-ayrı oliqarxların əlində cəmləşən nəhəng pul kütləsi onlara öz ambisiyalarını gücləndirməyə münbit şərait yaradır. Bu isə ali hakimiyyətin mənafeyini ciddi təhlükə altına alır” – deyə, adının açıqlanmasını istəməyən mənbə bildirir. Qeyd edilir ki, həmin pul kütləsi ilə oliqarxlar nəinki öz komandasını yaradıb, hətta özünümüdafiə məqsədilə gizli silahlı dəstələr də formalaşdıra biliblər. Son zamanlar oliqarxlar arasında ali hakimiyyətə can atma və ya özünün nüfuz dairəsini hüdudsuz şəkildə genişləndirmək istəyinin güclənməsi də onların arxayınlaşmasından xəbər verir. Bu işdə rəqabətin sərtləşməsi isə oliqarxlar və ya onları təmsil edən dairələr arasında münasibətləri daha da dramatikləşdirir… 
Mənbənin sözlərinə görə, əgər ali hakimiyyət həqiqətən də korrupsiyaya və ya oliqarxlara qarşı mübarizə aparmaq istəyirsə, o zaman dövlət strukturlarını bürümüş regionçuluğun və qohumbazlığın da kökünü kəsməlidir. Çünki istər korrupsiyanı, istərsə də oliqarxları gücləndirən əsas amillərdən biri də budur. “Azərbaycanda regionçuluğun ən geniş yayıldığı dövlət qurumu Gömrük Komitəsidir ki, burada korrupsiyanın da dözülməz həddə olduğu hamıya məlumdur” – deyən mənbə, onu da əlavə edir ki, bu Komitədə kadr siyasətinin təməlini qurumun sabiq rəhbəri Kəmaləddin Heydərov qoyub. Ancaq hazırda fövqəladə hallar naziri olsa da həmin siyasət yenə də onun diktəsilə həyata keçirilir. “Gömrük Komitəsinin mərkəzi aparatında, eləcə də yerli orqanlarında rəhbər vəzifələrin mütləq əksəriyyəti onun həmyerliləri arasında bölüşdürülüb” – deyən mənbənin fikrincə, belə bir şəraitdə şəffaf idarəçilikdən danışmaq da yersiz olardı.

 

Analitik şöbəv