“Qorxaqlar vətənpərvər ola bilməzlər” Proyekt “Azadlıq”ın oxucularına artıq yaxşı tanışdır. Hər halda, belə güman edirik. Çünki balaca azərbaycanlıların (yaşına görə, təbii ki) bugünkü və sabah baş verə biləcək hadisələr haqqında nə düşündüyü hər birimiz üçün maraqlıdır. Düzdür, onlar siyasətlə maraqlanmırlar, amma siyasi proseslərlə maraqlanırlar. İndi dünya bu balaca azərbaycanlılardan da kiçik olub. Buna görə də onlar dünyada baş verən hadisələri görür və bu hadisələri özlərinə məxsus şəkildə şərh edirlər.
Budəfəki müsahibimizlə tanış olun:
Vəliyeva Dursun Bakıdakı Tofiq Məmmədov adına 239 saylı orta məktəbin 7-ci sinfində oxuyur. Bu gülərüz, mehriban qız elə ilk baxışdaca adamda xoş təəssürat yaradır. Dursundan ilk növbədə özü haqqında məlumat verməsini istədik. O da gülə-gülə söhbətə başladı:
***
– Dərs əlaçısıyam, çalışıram ki, dərslərimə məsuliyyətlə yanaşım. Biologiya və kimya fənlərinə xüsusi marağım var. Gələcəkdə həkim olmaq istəyirəm, insanlara xeyir vermək arzusundayam. Bunun üçün də çox çalışmalıyam ki, daha da irəliyə gedim. Bir də çalışıram, ingilis dilini də mükəmməl mənimsəyim. Hara gedirsən, ingilis dilini bilib-bilmədiyini soruşurlar. Ən azı, özün üçün bilməlisən. Ingilis dilini bilmək həm də ona görə lazımdır ki, bir ölkəyə gedərkən utanmayasan və rahatca danışa biləsən.
– Düşünürsən ki, həkim olsan, insanlara daha çox xeyir verə bilərsən?
– Əgər bu peşəyə böyük marağım varsa, deməli, xeyir də verə bilərəm. Indi həkimlərə bir qədər başqa cür baxırlar, yəni pul almaq mənasında. Əminəm ki, mən belə həkim olmaram. Imkanı olmayandan heç zaman pul almaram.
– Əlavə hansısa kitablar oxuyursanmı? Bədii ədəbiyyatla maraqlanırsanmı?
– Bəli, oxuyuram. Mark Tvenin və adlarını indi xatırlamadığım müəlliflərin əsərlərini oxumuşam.
– Bu əsərləri oxuyarkən, hansısa bir qəhrəmanın yerində özünü təsəvvür edirsənmi?
– Məsələn, Azərbaycan ədəbiyyatında “Qaraca qız” əsərində Qaraca qızın yerində olmaq istərdim. Özümü dostluq uğrunda hər şeydən keçməyə hazır hesab edirəm.
– Dostların çoxdur?
– Insanın dostu çox ola bilər. Mənim fikrimcə, əsl dost bir olur. Mənim də əsl dost hesab edəcəyim birdir.
– Kimdir?
– …
“Elə yaşıdlarım var ki, ailəyə kömək üçün işləməyə məcburdur”
– Kompüterin varmı? Internetdən istifadə edirsənmi?
– Evdə də kompüterim var, məktəbdə də kompüter otağımız var. Internetə əsasən, dərslərimlə bağlı əlavə məlumat almaq üçün daxil oluram. Doğrudur, mən siyasətlə maraqlanmıram, amma dünyada baş verən hadisələri internet vasitəsilə izləyirəm. Həm də istəyirəm, hər kəsin kompüteri və interneti olsun ki, dünyada baş verənləri müşahidə edə bilsin.
– Sən necə görürsən, Azərbaycanda varlılar çoxdur, yoxsa, kasıblar?
-Varlılar da var, kasıblar da – demək olar ki, bərabərdilər. Mənim yaşıdlarımdan elələri olur ki, analarına köməklik etmək üçün işləməyə məcbur olurlar.
Avropa uşaqları daha azaddır
– Avropa ölkələrində yaşıyan uşaqlarla bizim ölkəmizdə yaşayan uşaqları necə müqayisə edərdin?
– Avropada yaşayan uşaqlar daha azaddır. Onlarda məhdudiyyət yoxdur. Bizdə deyirlər mentalitet var, uşaqlar çəkingən olurlar, utancaq olurlar. Xarici ölkələrdə oğlanlar və qızlar arasında fərq qoyulmur. Azərbaycanda da belə olsa, yaxşı olar. Azərbaycanın qəhrəman qadınları varsa, deməli, bu fərq olmamalıdır. Avropa ölkələrində qızlara məhdudiyyət yoxdur, onlar azaddır. Demək istəyirəm ki, qadınlarla kişilər eyni səviyyədə tutulsa, daha yaxşı olar. Mən bunun tərəfdarıyam.
“İstəyirəm azad olum”
– Valideynlərin səndən razıdılarmı?
– Əgər valideynlər əziyyət çəkirlərsə, onlara nə isə verməlisən. Əsasən razıdılar, amma hərdən olur ki, onlarla razılaşmıram. Istəyirəm azad olum. Məsələn, anam mənə “oxu” deyəndə mənim xoşuma gəlmir. Çünki özüm bilirəm nə vaxt oxumaq lazımdır. Anam görür ki, mən çalışıram, amma yenə də deyir “oxu”. Bu zaman mən hirslənirəm ki, anam mənə inanmır. Mənə azacıq da olsa, qoyulan məhdudiyyəti sevmirəm. Buna baxmayaraq, özümü də azad hesab etmirəm. Bəzi uşaqlar var ki, valideynləri onlardan ötrü çox çalışır, amma uşaqlar bunu qiymətləndirmir. Ola bilər, mənim anamın da narahatlığı bundan irəli gəlir.
– Musiqiyə münasibətini bilmək istərdim…
– Musiqini xoşlayıram. Çox zaman xalq musiqilərini zümzümə edirəm, deyilənlərə görə səsim də pis deyil. “Sarı gəlin”i zümzümə edirəm, indi bu mahnını ermənilər özününküləşdirmək istəyirlər. Biz öz musiqimizə dəyər verə bilmirik. Bizdə müasirləşmə getsə də, insanlar daha çox xaricə meyllənirlər.
“Misir xalqının mübarizliyi mənim xoşuma gəldi”
– Televiziyalarda əsasən, nəyə baxırsan?
– Uşaq verilişlərinə baxıram və bir də dünyada nələr baş verir, onu izləyirəm.
– Son zamanlarda səni cəlb edən hansı hadisələr olub?
– Son zamanlar Misirdə baş verən hadisələr diqqət mərkəzindədir. Maraqlısı odur ki, prezidenti xalq istəmirdi, amma o da getmək istəmirdi. Onlar da vuruşdular, nə qədər adam ölsə də, öz məqsədlərindən çəkinmədilər. Bu hadisələrdə daha çox Misir xalqının mübarizliyi mənim xoşuma gəldi.
– Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bu hadisə ilə bağlı nə söyləyə bilərsən?
– Xocalı hadisələri ilə bağlı videosüjetlərə baxa bilmirəm, ürəyim ağrıyır. Orada öldürülən uşaqları izləmək mənə ağır gəlir. O vəhşilikləri törədənlərin inanmıram ki, qəlbləri olsun. Bu hadisələri biz gərək bütün dünyaya yayaq.
“Vətənpərvərliyi olmayanlar ya qorxurlar, ya da…”
– Çevrəndə olan yaşıdlarının vətənpərvərlik səviyyəsi necədir? Sən özünü vətənpərvər sayırsanmı?
– Əgər bu Vətəndə doğulmuşamsa, bu Vətənə bağlı olmalıyam. O qədər insan var ki, bu Vətən uğrunda döyüşüb, deməli, mən də nə isə bir iş görməyə borcluyam ki, bu Vətənə xeyir verim. Qız olmağıma baxmayaraq, göstərməliyəm ki, qızların da igidi olur. Mənim yaşıdlarımın arasında bu mövzu ilə bağlı bəzi müşahidələrim var. Görürəm ki, qorxmayan və ürəkli olanlar, Vətənini sevənlərdir. Məncə, vətənpərvərliyi olmayanlar ya qorxurlar, ya da Vətənlə bağlılığı olmayanlardır. Bu həm də ailədən gələn bir məsələdir. Ailə mütləq övladına öyrətməlidir ki, sən bu Vətəndə doğulmusan və bu Vətəni sevməlisən. Bu torpaq sənin ana torpağındır, ona görə də bu Vətəni anan kimi sevməlisən. Baxın, Qarabağ uğrunda biz nə qədər şəhid vermişik. Bu torpaq bizim bir parçamızdır, biz onu itirə bilmərik. Mən inanıram ki, biz Qarabağı mütləq geri alacağıq. Əlbəttə, daha yaxşı olar ki, sülh yolu ilə alınsın və insanlar ölməsin. Əgər bu da alınmasa, ola bilər müharibə yolu ilə torpaqlarımız geri alınsın.
– Ümumiyyətlə, müharibələrə münasibətin necədir?
– Müharibələr olmasa, daha yaxşı olar. Müharibələr ona görə olur ki, işğalçı dövlətlər olur. Bir var ədalətli müharibələr, bir də var, ədalətsiz müharibələr. Ədalətli müharibədə sənə nə edirlərsə, yalnız onun cavabını verirsən. Ədalətsiz müharibədə isə ancaq işğal edirsən. Yəni, bu qədər də olmaz. Bununla işğalçı dövlət torpağını genişləndirə bilər. Amma onu da gec-tez səndən alacaqlar.