Saytlardan biri, adını da deyə bilərəm – milli.az, bir sorğu keçirir 8 martda xanımlarınızı necə təbrik edəcəksiniz deyə.
Dünən mən bu sətirləri yazarkən sorğunun nəticələrinə göz atdım: ən çox səs toplayan cavab – “Bu bayramı icad edənləri söyəcəm”. Səs verənlərin 40 faizinin 8 martı görməyə gözü yoxdur. Əminəm ki, onların hamısı üçün qadın çox doğmadır, çox əzizdir, hava və su kimidir. Elə isə qadını bu qədər sevib 8 martı sevməməyin anlamı nədir…
Axı 8 mart məsələn, 15 iyun kimi qondarma, altı boş, filfilo bir tarix deyil. Arxasında ciddi səbəblər, hadisələr dayanır. Bir yerdə xatırlayaq istərsəniz.
***
Illərdən 1857-ci il. Gün 8 mart. Yer ABŞ, Nyu-York. Bir tekstil fabrikində çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətilə qalxır. Işə polis qarışır, nümayiş dağıdılır.
Aradan illər keçir. Bu dəfə 1908-ci il. Yenə gün 8 mart. Yenə yer ABŞ, Nyu-York. Bu dəfə 15 min qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə, ayrıca ilk dəfə olaraq, dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül!” idi. Çörək həyat eşqini, gül isə rifahla dolu həyat tərzini ifadə edirdi.
Bundan cəmi iki il sonra isə Qadın Sosialist Internasyonalının qurultayında 8 martın Nyu-Yorkda başlayan mübarizənin – qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq qeyd olunması təklif və qəbul edilir. Yəni anlayacağınız 8 mart – hər birimizin həyatında ən doğma yeri tutan bir varlığın öz haqq və hüquqlarına sahiblənməsinin simvoludur. Qadını seviriksə, onun haqlarına da sayğı duymalı, qadın haqlarına sayğımız varsa, 8 marta da könül verməliyik. Türklər demiş, “ama neeerdə?”.
Bir baxırıq, Azərbaycanda 8 mart – lənət gününə çevrilmiş. Yazının girişində bəhs etdiyim sorğudan da bu görünür. Əcəba, niyə…
***
Məncə, “niyə?” soruşmaq yersizdir, hər birimiz öz həyatımızdan çox gözəl anlayırıq bu sualın cavabını: səfalət, səfalət, yenə də səfalət! Sərvətlərini əsrlərcə yığıb-yığışdırmağın mümkün olmadığı bir ölkənin insanlarının işsizlik, yoxsulluq içində çabalaması. Bir tikə çörəkdən başqa heç nə düşünməyəcək qədər miskin hallara düşməsi. Həyatında sevincli heç nə baş verməməsi. Özü belə, hüquqsuzkən, haqsızlıq altında əzilərkən qadınına hüquq və haqq tanıyan bir günün zərrəcə umurunda olmaması.
Əslində Əliyevlər istibdadına qəzəblənmək və nifrət etmək üçün o qədər səbəblər var ki… Say, say, bitən deyil. Amma mənim bu rejimə təpədən dırnağa qədər nifrət etməyimin ən birinci səbəbi onun öz vətəndaşlarının ruhunu oğurlamasıdır. Nefti oğurlamalarını, qazı oğurlamalarını, büdcə pullarını oğurlamalarını, səsimizi oğurlamalarını, ömrümüzün illərini oğurlamalarını keçmək olar bəlkə də, amma ruhumuzu oğurlamalarını – əsla!
Normalda qarın yağmasına sevinməliykən, qarın bir təmizlik, bir aydınlıq simgəsi kimi dadını çıxarmalıykən, baxın nə qədər narahatıq qar yağacaq deyə… Hər gün tanrıya dua edirik keşkə yağmasın deyə… Çünki bu “Şahdəniz” ölkəsində qazsız qalıb donmaq var. Həyatın donması – yolların iflic olması var, işıqsızlıq var. Qalın geyinmək var bir də, amma necə, nə ilə?
***
Həyatımızın ən gözəl varlığı – qadın. Onun adı ilə bağlı bir günə nifrət edəcək qədər ruhsuzlaşdırdı bizi bunlar.
Təbiətin ən gözəl hadisəsi – qar. Onun yağmaması üçün dua edəcək qədər ruhsuzlaşdırdı bizi bunlar.
Neftlə, qazla, qızılla doymadı gözləri. “Ömürlük prezident”liklə ürəkləri yerinə gəlmədi. Bir də bizim qadın sevgimizi aldılar əlimizdən, qar sevincimizi oğurladılar.
Nə deyim, sizə qadın doğmalığı, qar təmizliyi qənim olsun. Amin!