Nuridə Atəşi, BIZ amazon deyilik!

Aləm bir-birinə dəyib, inqilablar, üsyanlar dünyanı silkələyir, amma bizim qadınlar dolma bükə-bükə Rəqsanənin başındakı şişi, Viktoriya Bekhemin dördüncü hamiləliyini müzakirə edir. Amazon qadınlara belə mənasız söhbətlər yaraşarmı? Bəs Almaniyada yaşayan şairə xanım Nuridə Atəşinin on ildən çox çəkdiyi zəhmət necə olsun? Axı Nuridə xanım şeirlərində, məqalələrində, müsahibələrində hər dəfə inadla yayını çəkib, oxunu atır ki, amazonların əsli-kökü Azərbaycandadır. Hətta bu yaxında atəşli xanımın qafqazinfo.az saytında “Mehriban Əliyeva əsl amazondur” adlı böyük bir məqaləsini oxudum.
Deyim ki, Nuridə xanımın yazılarından öncə, saytlara yerləşdirilən rəngarəng, müxtəlf pozalarda olan şəkilləri diqqəti cəlb edir. Duruşundan-baxışından hiss olunur ki, şairə xanım yazılarından çox ehtiraslı pozalara önəm verir, qarderobu isə xeyli  zəngindir. Əcaba, Nuridə xanımın özü amazon deyilmi? Axı amazon qadınlar zəngin geyimləri, nazlı-qəmzəli yerişləri, ehtiraslı pozaları ilə tarixə düşməyiblər. Çox mahir savaşçı olan amazonlar heç kimə boyun əyməyiblər, düşmənləri ilə yaxınlıq etməyiblər. Həmişə haqqın, ədalətin, azadlığın tərəfində olublar. Onlar mal-mülk, var-dövlət düşkünü olmayıblar. Amazonlar əllərinə keçən yarpağı, heyvan dərisini bədənlərinin ora-burasına tez-tələsik bağlayıb savaşa yollanıblar. Daha indiki qadınlar kimi saatlarla güzgünün qabağında oturub makiyaj etməyiblər, son dəbdə geyinmək üçün səhərdən-axşama kimi dükanları gəzməyiblər. Amazonların nə sandıq dolu daş-qaşları, nə də şkaf dolu pal-paltarları olub. Ildə bir dəfə ilan kimi qabıqlarını dəyişməyə də vaxtları olmayıb.
Amazonlar daha yaxşı savaşmaq, rahatlıqla ox atmaq üçün sağ döşlərini, bəzən isə hər ikisini kəsiblər. Amma indiki qadınlar daha sərrast “ox atmaq” üçün döşlərini böyüdürlər. Amazonlar nəsillərini artırmaq üçün ildə bir dəfə erkəklərlə çiftləşiblər: doğulan qız övladlarını özləri, oğlan uşaqlarını isə ataları böyüdüb. Amma indiki qadınlar bətnindəki körpənin qız olduğunu bilən kimi ərlərinin xətrinə onu “uf” demədən kəsib-doğrayırlar. Bir oğlan uşağı dünyaya gətirənə qədər on qızı bətnlərində boğub öldürürlər. Yalnız “dahi, qəhrəman” ərlərinə “a kişi, oğlun olacaq” deyəndə özlərini xoşbəxt sayırlar. Rusiya bazarlarında, qürbətdə çürüyən ər də cibindən bir bazubənd çıxardıb arvadına verib deyir: “Arvad, işdir, gec qayıtsam, oğlum məni axtarmağa gələndə biləyinə bu bazubəndi bağlayarsan, qoy aslanımı tanımaqda zorlanmayım”.
On ildir “BIZ amazonlarıq” hayqıran Nuridə Atəşi “Azadlıq” radiosuna verdiyi müsahibədə isə daha dərinə gedib: “Azərbaycanda qadın yazarların durumu daha bərbaddır. Kişi şairlər sponsoru tez tapırlar. Amma qadın sponsor tapmaq üçün bəlkə də gedib hansısa kişinin qucağında yatmalıdır”. Əvvəla, Azərbaycanda kişi qucağı nə vaxtdan çap maşını, mətbəə olub? Bizdə kitab sevilir ki, qucaqlar da mətbəə olsun? Kitab sponsorların nəyinə lazımdır? Azərbaycanlı sponsorların paçalarının arası o qədər geniş və stratejidir ki, ora ancaq neft buruqları, körpülər, stadionlar, gəmilər, uçaqlar… və dövlət əhəmiyyətli sayılan daha vacib şeylər yerləşdirilir. Qucaqlarında yatanlar isə onlardan kitab yox, villa, maşın, fəxri ad… istəyənlərdir. Maraqlıdır, Nuridə Atəşi, qadınlarımızın daha hansı yanlış qərarlarından, məğlubiyyətlərindən sonra BIZim amazon əsli-kökündən, ruhundan çox uzaq olduğumuza əmin olacaq?..