Mübarəkin nazirlərini həbs gözləyir

Devrilmiş lider “Misirdə ölmək istəyirəm” dedi

 

Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir rəsmisi Misirin devrilmiş lideri Hüsnü Mübarəkin səhhətiylə bağlı açıqlama verib. O, keçmiş liderin hər şeydən imtina etdiyini və həyatının növbəti illərini Şarm Əl Şeyx şəhərində keçirmək istədiyini söyləyib.

 

Rəsmi Mübarəki Səudiyyə Ərabistanına dəvət etdiklərini, ancaq keçmiş prezidentin bu təklifi rədd etdiyini bildirib. O, qeyd edib ki, “Hüsnü Mübarək Misirdə ölmək istəyirəm” cavabını verib.

On səkkiz günlük dirənişdən sonra istefa verən Hüsnü Mübarəkin hakimiyyəti illərində çalışan vəzifəli şəxslərə və iqtidara yaxın iş adamlarına qarşı növbəti cinayət işi açılıb.

Bir müddət öncə korrupsiya hallarına görə keçmiş baş nazir, daxili işlər və informasiya nazirləri haqqında cinayət işi açılmışdı.

Rəsmi xəbər agentliyi “MENA”nın məlumatına görə, Mübarək dönəmində kənd təsərrüfatı naziri olmuş Emin Abaza, hakimiyyət partiyası Milli Demokrat Partiyasının öndə gələn üzvü və Kleopatra Seramik şirkətinin sahibi Məhəmməd Əbu Əl Eneyn və Əmr Əl Mansi adlı iş adamları haqqında cinayət işi açılıb. Bu şəxslərin ölkəni tərk etməsi qadağan olunub. Onların bank hesabları dondurulub.

İnformasiya şöbəsi