İranda inqilab havası güclənir

Deputatlar Musəvi və Kərrubinin asılmasını istədilər

Musəvinin müşaviri və islahatçı ayətullah hakimiyyətə ağır ittihamlar səsləndirdi

İranda fevralın 14-də baş verənlərlə bağlı ölkə parlamentinin bir qrup deputatı çox sərt cəza tələbi ilə çıxış ediblər.

Xatırladaq ki, fevralın 14-də Tehran və bir neçə başqa iri şəhərdə Misir və Tunis xalqı ilə həmrəylik yürüşü keçirilib, lakin hakimiyyət qüvvələri aksiyaların qarşısını zorakılıqla almağa çalışıb, nəticədə ciddi toqquşmalar yaşanıb. Məlumatlara görə, toqquşma zamanı bir nəfər müxalifət fəalı həyatını itirib.

İran parlamentinin 180 deputatı baş verənlərə görə müxalifəti ittiham edib və düşərgənin liderləri Mir Hüseyn Musəvi ilə Mehdi Kərrubinin edamını istəyiblər. Parlamentinin spikeri Əli Laricani isə “asayiş pozuntularına çağıranlara qarşı mübarizə metodlarını tədqiq edən” və müxtəlif parlament komissiyalarının nümayəndələrindən ibarət bir komitənin yaradılmasını təklif edib. Təklifə görə, bu komitə Tehranda baş verənlərə dair məruzə də hazırlamalıdır.

İran Baş Prokurorluğunun yaydığı bəyanatda isə deyilir ki, “Amerika və İran dövlətinin əleyhinə olan qruplarla əlbir olub iğtişaş törədənlər cəzalandırılacaq”.

“Hakimiyyət çıxılmaz vəziyyətdə qalıb”

Bu arada müxalifət təmsilçiləri də hakimiyyəti ittiham edən açıqlamalar veriblər.

Mirhüseyn Musavinin mühacirətdə yaşayan baş müşaviri Ərdəşir Əmir Ərcmənd “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında müxalifət tərəfdarlarının fevralın 14-də Tunis və Misir xalqlarının inqilabına dəstək məqsədi ilə keçirdiyi aksiyadan danışıb.

Ərdəşir Əmir Ərcməndə görə, 14 fevral etirazlarının hakimiyyətə mesajı odur ki, artıq zorakılıq yolu ilə xalqın qanuni tələblərini tapdaya bilməz: “Hakimiyyət İranda azad, sağlam və ədalətli bir seçkinin keçirilməsi istəyinə, xalqın öz müqəddəratını azad təyin etmək hüququna boyun əyməlidir. Lakin hakimiyyət qüvvələrinin dinc aksiyaçıların yürüşünü əzməsi, xalqa qarşı zorakılıq tətbiq etməsi onu göstərir ki, bunlar hələ də ötən il ölkədə, bu gün isə bölgədə baş verən hadisələrdən və siyasi dəyişikliklərdən dərs almayıblar. Bu gün hakimiyyət hər tərəfdən – istər nəzəri, istərsə də əməli baxımdan – çıxılmaz vəziyyətdə ilişib qalıb. Ümid edirik hakimiyyət ağıllı hərəkət edəcək, elə bir iş görməyəcək ki, ölkədə kor zorakılıq hökm sürsün. Bu, həm də ona xeyirdir”.

“Bu istibdad nə Allah tanıyır, nə peyğəmbər, nə siyasət”

İranın müxalif ruhanilərindən olan ayətullah Yusif Saneyi isə siyasi motivlərlə tutulmuş tələbələrin ailə üzvləri ilə görüşündə ölkədəki repressiyaları pisləyib.

“Media forum” saytının məlumatına görə, ayətullah Saneyi deyib ki, hakimiyyətdəkilər öz mənafelərini qorumaq, dinc müxalifləri əzmək üçün dindən geniş şəkildə sui-istifadə edirlər: “Bu gün ölkədə şahidi olduğumuz istibdadın tarixdə misli görünməyib. Bu istibdad nə Allah tanıyır, nə peyğəmbər, nə siyasət, nə də tələbə.

Məgər siyasi məhbusların ailələri yazıq deyillər? Məgər övladlarına zindanlarda işgəncə verdiyiniz məhbus ailələrinin ürəyi yoxdur? Məgər bacısı oğlunu şəhid etdiyiniz Mirhüseyn Musəvinin ürəyi ağrı içində deyil? Məgər son prezident seçkisinin rəsmi nəticələrinə qarşı etirazlarda uşaqlarını şəhid etdiyiniz ailələr dərd içində deyil? Axı bu nə siyasətdir ölkədə gedir?”.