Ilham Əliyev hər şeyi qara görməyə başlayıb…

Biz deyəndə korrupsiya yox idi. Biz yazanda əllərini atıb başlarını tuturdular ki, bunlar hər şeyi qara görür. “Transparency International” Təşkilatı var, adına Beynəlxalq Şəffaflıq Təşkilatı da deyirik. Onun hesabatları yayılanda və orada Azərbaycanın adı ən biabırçı yerlərə düşəndə, bu hakimiyyətin məmə deyənindən korrupsiya yeyəninədək hamısı ayağa qalxırdı ki, bəs bu təşkilatın hesabatı obyektiv deyil, yalandır, Azərbaycanda korrupsiya-zad yoxdur. 
Mənim yaxşı yadımdadır ki, hələ Kür daşanda (onda Misir daşqını olmamışdı) deputat Pənah Hüseyn parlamentdə demişdi: “Daşan Kür deyil, korrupsiyadır.” Bax həmin anda hamısı düşmüşdü Pənah bəyin üstünə. Hətta ilk etiraz spiker Oqtay Əsədovdan gəlmişdi: «Ay Pənah Hüseyn, heç olmasa vicdanla danış. Nə görürsən, orada korrupsiya tapıran.»

Indi Pənah Hüseyn Milli Məclisin qapısının ağzında durub Oqtay Əsədova tərəf qışqıra bilər: “Ay Oqtay Əsədov, nooldu, hara baxırsız, orda korrupsiya görürsünüz?!”
Mübariz Qurbanlı isə bir dəfə “Transparency International” təşkilatının hesabatını yıxıb-sürüyəndən sonra demişdi: “Korrupsiyanın kök saldığı bir ölkədə iqtisadi inkişaf deyil, geriləmə müşahidə edilərdi. Ancaq göründüyü kimi, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır.”
Indi bütün nazirliklər, idarələr elə bil Mübariz Qurbanlının acığına bir ağızdan ölkəmizdə kök atmış korrupsiyadan danışır. Hətta Ilham Əliyev də danışır bu haqda. Hətta deyirlər ki, o başlayıb bu söhbətlərə. Bəlkə hər şeyi qara görməyə başlayıb Ilham Əliyev?!

Bitərəflər partiyası

Parlamentdə də korrupsiya əleyhinə söhbətlər olub və orada guya müxalif olan partiyaların nümayəndələri fəallıq edib. Fazil Mustafa və s. Mən soruşmuram ki, bu cəsur antikorrupsiya çıxışları üçün niyə iqtidarı gözləyiblər. Bilirəm ki, tapşırıq onlara YAP-dan öncə çatıb. Amma gülməli odur ki, cib müxalifəti rolunu oynayan partiyayabənzər qurumların hamısı korrupsiya ilə mövcuddur. Onlar məhz korrupsiya ilə dolanır və dolandırılır. 
Fəqət bizim parlamentdə bundan da əcaib bir qurum varmış. Bitərəflər partiyası. Rejimin ürəyi soyumur, cib müxalifəti düzəldib siyasi tamaşaları yola verməkləri ona bəs etmir, üstəlik bitərəflər partiyası da düzəldirlər. Hətta bitərəflərə siyasi qüvvə statusu verib, onların adından MSK-ya üzv də seçirlər.
Dünən məşhur müxalif deputat Zahid Oruc AzadlıqRadiosuna bildirib ki, bitərəf deputatların iclası olub və onlar MSK-dakı nümayəndələrinin razılaşdırılması məsələsini müzakirə ediblər. Onlar 6 nəfər namizədlərini də müəyyən edib.
Buna deyirlər ki, məzəniz olsun, cənablar. Bitərəflər təkcə müxalifətə və iqtidara bitərəf deyil ki?! Hər bir bitərəf digər bitərəfə də bitərəfdir. Əgər onlar yığışıb birləşirsə, maraqlarını birləşdirirsə, daha bitərəf niyə olurlar. Oldular başqa bir tərəf. Hələ hakimiyyətin onları yığıb birləşdirməyini demirəm…

ITV-nin statusu bəlli oldu

Korrupsionerlərin təbliğatçısına çevrilmiş Ictimai TV-nin statusu mənə artıq tam bəlli oldu. Azərbaycan hakimiyyəti bu qurumu Azərbaycanın «Eurovision» mahnı yarışında təmsil edilməsi kimi anlayır.