Bizdən uzaqlardakı demokratiya (III yazı)

Bizim çoxumuzun yaxından tanıdığımız bir qrupun çox sevdiyi tezis var: “Elçibəy yüz il sonranın prezidenti idi”. Bildiyimiz kimi, “Elçibəy gözəl adam idi, ancaq prezident olmamalıydı” deyənlər də var. Nəyə görəsə birincilər dost, ikincilər düşmən gözündə görülür. Göz önünə oxşar görsəniş gəlir: ortada bir stəkan var, bir adam (bir qrup) ona baxıb, “stəkan yarıyadək boşdur” deyir; başqası baxır, “stəkan yarıyadək doludur” deyir. Indilikdə bəlli bir subyektlə bağlı toplumun iki kəsiminin dediyi də elə budur. Biri sözünü birbaşa deyir, o birisi dolayısıyla. “Elçibəy yüz il sonra prezident olmalıydı” demək Elçibəyin indiki prezidentliyinin, ən azı, hansısa ümidləri doğrultmaması deməkdir. Ortaya bəlli bir gerçəyin doğurduğu anlamca bir, formaca ayrı düşüncə gerçəyi çıxır. Burada qruplardan birinin o birini qınaq obyektinə çevirməyi (“stəkan” gerçəkliyinə ayrı-ayrı prizmadan yanaşanlar!) özünü qınaq obyekti anlamına gəlmirmi? Məntiq olan yerdə – hə; olmayan yerdə -yox. Bu yerdə önəmlisi simpatiya-antipatiya aşamalarını aşaraq məntiq üstünə gəlməklə UZLAŞMA yolu tutmaqdır.

Elçibəyin prezidentliyini “indi” istəməyənlərlə “sonra” istəyənlərin arasında “barrikada” yaradan bir başlıca faktor var: prezident olarkən onun tutduğu yol – yönətim stili. Qabaqkı yazılardan birində üç yönətim stilinin olduğu göstərilmişdi: avtoritar, demokratik, liberal. Faktlardan göründüyü kimi, bizdə kimi dindirsən göstərilən üç stildən Elçibəylə bağlı ikincini dilə gətirəcək: demokratik. Ancaq prezident Elçibəyin yönətim stili bu deyildi; liberal stil idi. Çağa görə, onun yanlışı da belə bir yol tutmağında idi. Özləri də bilmədən kimlərsə elə bu baxımdan “Elçibəy yüz il sonranın prezidenti idi” deyir. “Yüz il sonranın” demək başqa çağların, başqa dönəmin deməkdir. Bəs o başqa çağ, o başqa dönəm haçaq deməkdir? Sözsüz, bu, ölkədə demokratiyanın oluşduğu, oturuşduğu çağ-dönəm deməkdir. Burada biz istər-istəməz olduqca düzgün yanaşma ilə qarşılaşırıq: prezident olaraq Elçibəyin tutduğu yol – üstünlük verdiyi yönətim stili oluşmuş, oturuşmuş demokratiya çağının, dönəminin yolu, stili idi.

Prezident olaraq tutduğu yol – üstünlük verdiyi stil baxımından Elçibəyin uduzması, özü də yerini avtoritar, diktator baxışları, vərdişləri ilə tanınan kimsəyə verərək uduzması qaçılmaz idi. Elçibəyin uduzması faktı ilə bağlı nədənləri yalnız onun hakimiyyətinin son günlərində axtaranlar, uğurlu gələcəyimiz baxımından, gərəkən gerçəyi buçağadək görə bilmədikləri kimi, bundan belə də görə bilməyəcəklər – gərəkən gerçəyi gərəkən yerdə axtarmadıqlarına görə! Sonradan bəlli olduğu kimi, gərəkən işlər çağında görülmədiyi üçün 2010-cu ilin yazında Kürün bənd-bərəni yıxması necə qaçılmazlığa çevrilmişdisə, 1993-cü ilin yazında da əliyevçilərin, əliyevçi kriminal nomenklaturanın Elçibəy hakimiyyətini yıxması eləcə qaçılmazlığa çevrilmişdi. Bu qaçılmazlığın kökündə çağına görə düzgün seçilməmiş yönətim stili – liberal liderlik dururdu. Başqa cür, obrazlı desək, bənd-bərəni yıxma faktının kökündə Kürün axarını illərlə arıtmamaq faktı dururdusa, Elçibəy hakimiyyətinin yıxılmasının kökündə bir il boyunca demokratik rejim axarını arıtmamaq (demokratiyanın oluşmasına əngəl törədən faktorların aradan qaldırılmaması!), liberal yönətim prinsiplərinə uyğun olaraq, proseslərin özbaşına buraxılması faktı dururdu.

Bizim dünənki-bugünkü bir çox gərəkən gerçəkləri görməməyimizin, onu gərəyincə dəyərləndirə bilməməyimizin kökündəsə gərəkən prinsipləri gərəyincə öyrənib-bilməməyimiz kimi gözdeşən bir fakt durur. Bax, belə bir yerdə, gözdeşən fakt önündə biz illərlə gözüyumulu durmağa alışmışıq. Çox yerdə, çox çağda yanmağımız (uduzmağımız!) da belə bir yersiz-gərəksiz alışqanlığımızdandır!