Gənc cəbhəçi Cabbar Savalanlı ilə bağlı məhkəmə təxirə salındı; Sumqayıtda etiraz aksiyası keçirildi
Cabbarın qrup yoldaşları: «Onun narkotik ittihamıyla həbs olunduğunu eşidəndə şoka düşdük»
Fevralın 5-də narkotiklə şərlənərək həbs edilmiş gənc fəal, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı saxlanılan zaman onun müdafiə hüququnun pozulması, o cümlədən iki gün onun vəkillərilə görüşünə imkan verilməməsi, müdafiəçinin iştirakı olmadan, təzyiq altında dindirilməsi, həbsi barədə yaxınlarına məlumat verilməməsilə bağlı vəkilləri Anar Qasımov və Əsabəli Mustafayev məhkəməyə müraciət etmişdi. Dünən Sumqayıt Şəhər Məhkəməsində sözügedən şikayətə baxılmalıydı.
Saat 17.00-a təyin olunan prosesi izləmək üçün məhkəmənin qarşısına toplaşanlar sırasında Cabbarın qohumlarından tutmuş, tələbə yoldaşları, müxalifətçi gənclərə qədər xeyli adam vardı. Amma məhkəmə araşdırması baş tutmayıb. Buna səbəb isə vəkillərin işə baxan hakim Elman Məmmədova etiraz verməsi olub.
Məsələ burasındadır ki, Cabbar Savalanlının barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarı da məhz Elman Məmmədova məxsusdur. Belə olan halda, həmin hakimin Cabbarla bağlı başqa bir şikayətə də obyektiv, ədalətli baxacağı şübhə doğurur. Ona görə də vəkillər işə bu hakimin baxmasına etiraz ediblər.
Bundan başqa, Cabbarın özü məhkəməyə gətirilməyib. Bu da vəkillərin narazılığına səbəb olub. Çünki söhbət məhz Cabbar Savalanlıya münasibətdə yol verilmiş hüquq pozuntularından gedir ki, onun özünə də bu haqda danışmaq imkanı yaradılmalıdır.
Indi hakimə verilən etiraza Sumqayıt Şəhər Məhkəməsinin sədri baxıb münasibət bildirməlidir. Bu səbəbdən də məhkəmə fevralın 17-nə qədər təxirə salınıb.
Yeri gəlmişkən, dünən məhkəmə zalında çəkiliş aparılmasına da imkan verilmədi.
“Biz istəmirik çörək…”
Məhkəmədən sonra AXCP Gənclər Komitəsi Cabbar Savalanlının həbsinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya elə Sumqayıt Şəhər Məhkəməsinin yaxınlığındakı parkda baş tutub. Aksiya iştirakçıları “Biz istəmirik çörək, Tiryək, tiryək, tiryək gərək!”, “Hamımız Cabbarıq, hamımız narkomanıq!” kimi ironik şüarlar yazılmış, həmçinin Cabbar Savalanlının fotoları həkk olunmuş plakatlar nümayiş etdiriblər. 10 dəqiqəyə yaxın davam edən aksiya insidentsiz ötüşüb.
Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, onlar hər həftə Cabbarla bağlı müxtəlif tədbirlər keçirməyi planlaşdırırlar: “AXCP Gənclər Komitəsi, eyni zamanda Cabbarın Hüquqlarının Müdafiə Komitəsi olaraq onun dərhal azad olunmasını tələb edirik. Bu həbs sırf siyasi xarakter daşıyır. Nəinki ölkə ictimaiyyəti, hətta dünya ictimaiyyəti də bundan xəbərdardır. Biz həm də bundan sonra keçiriləcək məhkəmə proseslərinin açıq olmasını tələb edirik. Cabbarın yaxın dostları, eyni zamanda, onun hüquqlarını müdafiə edən şəxslər kimi məhkəmə proseslərində iştirak etmək istəyirik”.
“Cabbar bütün günü siyasətdən danışırdı”
Xatırladaq ki, Cabbar Savalanlı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir. Dünənki məhkəmə prosesini izləməyə gəlmiş Cabbar Savalanlının qrup yoldaşları baş verənlərlə bağlı fikirlərini bölüşdülər.
Universitetdə təzyiqlərlə qarşılaşmaq ehtimalını nəzərə alaraq, adlarının çəkilməməsini və fotolarının yayımlanmamasını xahiş edən tələbələr deyir ki, Cabbarın həbsini eşidəndə şoka düşüblər: “Biz eşidəndə ki, Cabbarın cibindən tiryək tapıblar, buna inanmadıq. Bütün günü universitetdə onunla birlikdə vaxt keçirən adamlar kimi, deyirik ki, Cabbar narkoman deyil. O, heç siqaret də çəkmirdi. Cabbar bütün günü siyasətdən danışırdı. Qrupda hamı onu savadlı, tərbiyəli, mədəni oğlan kimi tanıyır. O, bəzi qrup yoldaşları kimi bütün günü avaralanmırdı. Vaxtını kitabxanada keçirirdi. Əlində həmişə tarixə, türkçülüyə aid kitablar olurdu. Özü qəzet oxuyardı, bizə də məsləhət görürdü ki, qəzet oxuyaq”.
Dostlarından biri deyir ki, sonuncu dəfə elə hadisə baş verən gün onunla telefonla danışıb: “Ona zəng etmişdim. Bakıya, hansısa yığıncağa getdiyini dedi. Sonra əlavə elədi ki, onu izləyirlər. Nəsə olacağını hiss etmişdi. Mən də, ona məsləhət gördüm ki, izi azdırmaq üçün marşrutu dəyiş. Elə bir gün sonra eşitdim ki, belə bir hadisə baş verib”.
Bloggerlər Cabbardan nə yazır?
Internetdəki sosial şəbəkələrdə və bloqlarda Yaxın Şərqdəki inqilablarla yanaşı, Cabbar Savalanlının həbsi də əsas müzakirə mövzularındandır. Əsasən gənc bloggerlərin yazdığı “abzas.net” saytında Fərid Mirzəyev “Şərlənən gənclik” yazısında Cabbardan bəhs edib: “Həbsin motivlərini çözmək üçün çiyinlərində rütbə daşımağa gərək yoxdur. Görsənən kəndə bələdçi lazım deyil. Həbs olunan gün partiyasının müşavirəsinə tələsən Cabbarın lideri həmin müşavirədə mövcud rejimin ünvanına kəskin çıxışlar edərək, lazımi yerlərə lazımi mesajlarını çatdırdı. Cabbar da o müşavirədə özü üçün örnək kimi qəbul etdiyi Əli Kərimlinin çıxışlarından sonra daha da mübariz olurdu bu şər rejiminə qarşı”.
Mirzəyev yazıb ki, Emin və Adnandan sonra hökumətin daha gənclərimizi şərləməyəcəklərini düşündük, amma ölkədəki hakimi-mütləq bizləri yenə də yanıltmağı bacardı: “Nədən qaynaqlanır görəsən gəncliyimizi, genefondumuzu bu cür qaralamaq axı? Haqq səslərini ucaldanları, ədalət uğrunda savaşanları narkoman etməkdə məqsədiniz nədir?”
Yazıçı Kənan Hacı isə “Cabbar Savalanlıya tikilən torba” yazısında qeyd edib ki, Cabbar Savalanlının qondarma ittihamla həbs edilməsi onu göstərir ki, repressiya maşını dişlərini itiləməklə məşğuldur: “Kütlə hərəkətə keçsə, rejimÿ gözyaşardıcı qazdan, odlu silahdan və sair qırıcı vasitələrdən istifadə edib xalqı qan içində boğacaq. Bu, şəksizdir. Avtoritar rejimlər heç vaxt asanlıqla tarix səhnəsindən çəkilməyib, tarixdə belə bir təcrübə yoxdur. Cabbar Savalanlı Tunisdə özünü yandıran göysatanla ideya qohumudur”.
Blogger Emil Salamoğlu isə bu hadisəyə həsr etdiyi yazısında sual edir ki, niyə Cabbarı onun tələbə yoldaşları müdafiə etmir: “Cabbarın cibinə nəşə atdılar. Hanı indi onların tələbə yoldaşları? Niyə susublar? Niyə qrup yoldaşlarının müdafiəsinə qalxmır, şərin yanında dayanıblar?! Diplom alandan sonra işlə təmin olunacaqlarınımı gözləyirlər? Yoxsa, hələ də ölkədə hər şeyin eybəcər olmadığını düşünürlər? Hətta, Qərb təhsilli bloggerlər, Bəxtiyar Hacıyev də iqtidarın gözündə ”tərbiyəsiz Amerika uşağı” olanda ibrət dərsi almadılarmı? Nəticədə Təhsil Nazirliyi Amerikaya təhsil üçün yerləri azaldıb”.
Elmin