Tanınmış alim Cabbarın müdafiəsinə qalxdı


“Azadlığa çıxanadək onu müdafiə edəcəyəm”

 

Azərbaycan parlamentinin keçmiş deputatı, tanınmış tarixçi alim Cəmil Həsənli qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilmiş AXCP-çi gənc fəal Cabbar Savalanlının ictimai müdafiəçisi missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Alim əmindir ki, gənc öz siyasi fəaliyyətinə görə saxta ittihamla həbs edilib. O, son vaxtlar fərqli siyasi düşüncəyə malik vətəndaşların polis tərəfindən təqib olunması ilə bağlı narahatlığını bildirib. Bu zaman Həsənli bu yaxınlarda İslam Partiyası fəallarının qanunsuz silah saxlamaq ittihamı ilə həbslərini yada salıb.

Həsənli Savalanlının narkotikdən istifadədə ittiham edilməsinin əsassız olduğunu diqqətə çatdırır, belə ki, bu gənc nümunəvi tələbədir və “həmişə tərbiyəsi və nümunəvi davranışı ilə seçilib”.
Həsənli öz müraciətində Azərbaycan vətəndaşlarının hüquqlarının qarantı kimi prezident İlham Əliyevə müraciət edərək, fevralın 16-dan – ali məktəblərdə yeni semestr başlayanda təhsilini bərpa edə bilməsi üçün Savalanlının həbsdən azad edilməsinə yardım etməyə çağırır.

Həsənli həmçinin DİN rəhbərliyini vətəndaşlara qarşı qanunsuz əməllər törədən polis əməkdaşlarını cəzalandırmağa çağırır.

Eyni zamanda, Həsənli bəyan edir ki, Savalanlının hüquqlarının ictimai əsaslarla müdafiəsi öhdəliyini öz üzərinə götürür. “Polis zorakılığı ilə üzləşmiş bu gənc tələbənin hüquqlarını ölkə qanunları çərçivəsində müdafiə etmək niyyətindəyəm. Savalanlı azadlığa çıxanadək və ali məktəbə qayıdanadək onu müdafiə edəcəyəm”, deyə Həsənli bildirib.
Fürsətdən istifadə edərək, Cəmil Həsənli məşhur vəkil Aslan İsmayılovdan digər 2 vəkillə birlikdə Savalanlının hüquqi müdafiəsinə qoşulmağı xahiş edir (“Turan”).