Mübarəkin ardından

Hüsnü Mübarək cəhənnəmə vasil oldu. “Azadlıq”ın xəbərlə bağlı başlığı “Misirin sonuncu Fironu devrildi” idi.
Fironu Qırmızı dənizin suları boğmuşdu, Mübarəki isə xalq kütlələrinin coşqun dənizi. Istənilən halda diktatorlar boğulmağa məhkumdur…
Hüsnü Mübarəkin istefası mənə Heydər Əliyevin ölümünü xatırlatdı. 2003-ün iyulun 31-dən müxalifət mətbuatı “Heydər Əliyev vəfat edib” yazırdı, hakimiyyət isə dirəşirdi ki, “yox, ölməyib”. Dekabrın 12-də isə “Azadlıq” qəzetinin manşeti beləydi: “Heydər Əliyev rəsmən öldü”.
Neçə gündür Mübarək gedir-gedir, dedik, yazdıq, nəhayət, tiran rəsmən getdi. Diktatorlar necə də bənzərmiş…
Hakimiyyəti qorumaq, nəyin bahasına olur-olsun kürsünü tərk etməmək haqda fikirlər Azərbaycanda çox yayğındır. Xüsusən Əbülfəz Elçibəy hakimiyyətini tənqid etmək üçün girəvə gəzənlərin çörəyinə həmişə belə fikirlər yağ olub.
Indi biz başqa bir halla üz-üzəyik. Mübarəki qatır kimi tərsliyinə görə söyməyən qalmadı. Ilk gündə itilib getsəydi, hörmətli kişilərdən olardı, ölülərinə rəhmət oxunardı, “ağıllandı” deyərdilər haqqında. Etmədi, yaxşı ki, etmədi, layiq olduğu lənəti əbədiyyətə qədər üstündə saxladı.
Demək, məqamı gələndə getmək qalmaqdan faydalıdır. Xalqa qarşı dirəniş heç vaxt rəğbət qazanmayıb, qazanmayacaq da.
Mübarək gedən an “Facebook”da azərbaycanlıların sevinc saçan status yazıları bir-birini əvəz edirdi. Uzaqdan-yaxına Azərbaycan xalqına pisliyi keçməyən Mübarəki insanlar bunca söyüb yamanlayırsa, heydərizmin kürəyi yerə gələndə nələr olacağını təsəvvür edin…
Mübarək cəhənnəmə vasil olan gecə ən çətin iş kimə düşdü, bilirsinizmi? Bizim hakimiyyətin ideoloqlarına, yazıb-pozanlarına. Inqilab hadisəsini izləmək üçün onlar dörd gözlə “Al-Jazeera”, “CNN”, “Euronews”-ə baxarkən, mən həvəslə “AzTV”-nin xəbərlərini gözləyirdim. Hüsnünün simasında avtoritar Əliyevçi hakimiyyət dostunu, qardaşını itirmişdi. Buna sevinə bilməyəcəkdilər, dəqiq idi, bəs kədərlərini necə yansıdacaqlar, bax, bunu öyrənmək üçün AzTV-ni seçmişdim. AzTV isə susdu. Eşitdiyimə görə, “AzTV”yosunlu o biri kanallarımız da həqiqət qarşısında susmaqdan başqa əlac tapmayıblar…
Hakimiyyətin tumarı altında olan jurnalistlər başlarına bir çarə tapdılar, bəs Hüsnü Mübarəkin abidəsini Xırdalana qoyanlar nə edəcək?
Abidəni saxlayacaqlar, bir ayıb, götürəcəklər, lap pis ayıb. Mübarəkin heykəli Məhəmməd Əmin Rəsulzadənin postamenti deyil ki, bir gecənin içində ilim-ilim itirsinlər…
Bir abırlı yol ağlıma gəlir yalnızca. Ümid Kəmaləddin Heydərovadır. Bir saxta arayış yazıb, heykəli qəzalı elan edib, sonra sakitcənə götürüb, yox etmək olar.
Diktatorun arvadının adı verilmiş orta məktəbin adını isə qoy Misir özü düşünsün. Buna çarəni Misir dövləti ilə nazir Misir birgə tapmalıdır.