Misir dərsləri

11 fevral, 2011-ci il. Ötən yazılarımdan birində bu ili diktatorların nəslinin kəsildiyi il kimi görməyi arzuladığımı yazmışdım. Yuxu kimi olan arzum deyəsən, çin çıxır. 30 il fironluq eləmiş adam tarixin zibilliyinə atılırsa, ən yaxşı halda isə nəsli kəsilmiş diktatorlar muzeyinin bir eksponatına çevrilirsə, bu mənə sonsuz ümidlər verir.
Misir xalqının əsl inqilabı isə 11 fevraldan başlayır. Bu günəcən olanlar inqilabın jurnalı idi. Təəssüf ki, bu jurnal qansız ötüşmədi. Hətta Mübarək kimi qansız bir adam belə bu qana görə ürəyinin ağrıdığını, qəlbinin qırıldığını ikicə gün qabaq televiziya çıxışında dilə gətirmişdi. Mən onun qəlbinin qırıldığına səmimi-qəlbdən inanıram, çünki o da bu sözü səmimi-qəlbdən demişdi. Doğrudan da o, xalqın niyə onu devirməyə qalxdığından üzülmüşdü. Bu, bir diktator xəstəliyidi. Onlar heç vaxt anlaya bilmirlər ki, xalq birdən-birə niyə kükrəməyə başlayır.
Əslində Misir inqilabı yeni bir şey deyildi. Bu, tarixin öz keçmiş dərslərini bir daha öz şagirdlərinə təkrarlatması, xatırlatması və sorğu-sualıydı. Bu dərs həm xalq kütlələri, həm də diktatorlar üçün keçirildi. Anlamayan xalqlar yenidən kölə kimi yaşayacaq, qanmayan diktatorlar isə Mübarək kimi itdən düşmüş olacaqlar. Qoy bir də heç biri sarsaq yola düşməsin. Savadlı olmaq həm də bunun üçün lazımdı.
Misir inqilabı göstərdi ki, son məqamda diktatorlar, tiranlar, fironlar ən sevimli məmurlarını belə güdaza verməyə hazırdırlar. Mübarək hələ dünən ölkədə baş vermiş hadisələrə görə çox məmurların çox da sərt cəzalanacağına and içirdi. Arxayın ola bilərsiz ki, onun hökmranlığı davam eləsəydi, neçə-neçə məmur ipdən sallanacaqdı. Misirdə tüğyan eləyən korrupsiyaya, səfalətə görə. Meydanda tökülən qanlara görə. Və məlum olacaqdı ki, Mübarəkin zərrəcə bunlardan xəbəri yox imiş. Xalqın qanını şüşəyə tutanlar başqaları imiş. Eyni ssenari bu gün ölkəmizdə baş verir. Dövlət başçısı korrupsiyanı düşmən elan eləyir.
Və bu inqilab göstərdi ki, yaxşı çağlarında diktatorlarının istənilən yerini öpməyə hazır olan məmurlar son anda onun başını belə uf demədən kəsə, ona arxalarını çevirə bilirlər və bu dəfə tam başqa məqsədlə.
Mətbuatı da gördük. Yalan-yanlış yazan, vicdanını üç aylığında abort elətdirən, dövlət başçısının özünü, ailəsini göylərə qaldırıb yalaqlanan jurnalistlər, mətbu orqanlar, qəzet-televiziyalar son anda, su tülkünün boğazına çıxanda nəinki fironu, dədələrini belə ayaqlarının altında qoya bilirlər.
Diktatorların dovşandan qorxan Əhməd olduqlarını da göstərdi bizə Misir, Tunis. Onlar canlarını, dərilərini salamat qurtarmaq üçün hər an meydanı qoyub uşaq kimi qaçmağa hazırdırlar. Bu tip adamların dövləti necə qorumaq istədikləri heç cür anlaşılan deyil. Hüsnü Mübarəkin, Bin Əlinin qafalarına bir qurşun sıxmağa belə cəsarətləri çatmadı. Oysa bu soysuzlar minlərlə suçsuz insanın qanını bir anın içində tökər, gözlərini belə qırpmazlar. Qoy bəşəriyyət bir daha kimlərə dözdüyünü anlasın.
Nə qədər ki, insanlar yaradılışdan azad yaradıldıqlarını anlamayacaqlar, o zamanacan da Mübarək tipli zəlilər onların qanını soracaq, hələ üstəlik, minnət də qoyacaqlar. Indi Mübarəki şaqqa-şaqqa eləsələr də, o inqilab şəhidləri dirilməyəcək, 30 ildən bəri arzuladıqları azadlığı dada bilməyəcəklər. Ona görə də insan körpəliyindən azadlıq ruhunda böyüdülməlidi. Təəssüf ki, sabahın Azərbaycan övladları hələ də Misir dərsi keçir, köləliyə hazırlaşdırılırlar. Yeri gəlmişkən, görəsən Mərdanov Misir inqilabı haqda nə düşünür?