“Haqq işi uğrunda səsini qaldırmaq hər kəsin borcudur”

Nüşabə Sadıxlı: “İqtidarda olub güclü olmağa nə var ki. Hünər müxalifətdə olub ləyaqətini, şəxsiyyətini və qürurunu saxlamaqdır”

ZƏRİF SİYASƏT

Rubrikamızın budəfəki qonağı xalq hərəkatının mübariz iştirakçılarından biri, Müsavat partiyasının divan üzvü, dosent Nüşabə Sadıqlıdır.

“Normal dövlət cəmiyyətin etirazına cavab verir”

– Bu yaxınlarda qadınlar parlamentin buraxılması ilə bağlı müraciət edib. Bu müraciətə müsbət cavab veriləcəyi nə dərəcədə inandırıcıdır?
– Azərbaycan qadını həmişə ölkədə baş verən proseslərin önündə gedib. Bildiyiniz kimi, 2010-cu ildə keçirilən qeyri-demokratik parlament seçkisi hər kəs kimi bizi də hiddətləndirdi və o üzdən etiraz əlaməti olaraq bəyanat qəbul etdik. Cəmiyyətdə etirazın müxtəlif formaları var. Bəyanat da bu formalardan biridir. Normal dövlətin borcudur ki, cəmiyyətin etirazına cavab versin. Amma doğrusu mən bunu Azərbaycan hakimiyyətindən gözləmirəm. Buna baxmayaraq, haqq işi uğrunda səsini qaldırmaq hər kəsin borcudur.

“Milyonçu dövlətin dilənçi övladı olmaq insanları bezdirib”

– Siz də seçkidə haqqı tapdalananlardan birisiniz. Sizin kimi haqqı tapdalananların haqqının bərpası üçün hansı üsullardan istifadə etməyi lazım bilirsiniz?
– Hər seçkidə olduğu kimi, builki seçkilər də total saxtakarlıqla keçirildi. Illərlə Azərbaycan cəmiyyəti eyni hallarla üzləşir. Xalqın etimad göstərib seçdiyi şəxslərin əvəzinə sonda qutulardan iqtidarın təyin etdiyi şəxslər çıxır. Etiraf edim ki, ölkəyə bələd olan adam kimi insanların yaşam tərzinin ağır olduğunu bilirdim. Amma bu dərəcədə zirzəmilərdə, səfalət içində yaşadıqlarını, insanlıqdan kənar bir həyat keçirdiklərini bilmirdim. Seçicilərinin üzünü görməyən millət vəkillərinin yüksək tribunalardan yaşayış şəraitinin yaxşı olması, iş yerlərinin bolluğuna dair fikirlərini eşidəndə təəccüblənmirəm. Çünki xalqın içindən çıxmayan, onlardan biri olmayanlar, onun hansı durumda yaşadığını hardan bilə bilər. Əminəm ki, milyonçu dövlətin dilənçi övladı olmaq insanları bezdirib. Nə qədər ki, Azərbaycanda demokratik islahatlar keçirilmir, azad və ədalətli seçkilər yoxdur, bu durum belə davam edəcək. Azərbaycan ziyalısının borcu xalqa bunu başa salmaqdır. Bundan çıxış yolu olaraq hazırkı iqtidardan qeyri-legitim parlamentin buraxılmasını və yeni, demokratik seçkilərin keçirilməsini tələb etməkdir. Buna nail olmaq üçün isə etirazın bütün formalarından istifadə etmək lazımdır.

“Müxalifətdən düşmən obrazı yaratmaq ən yarıtmaz siyasətdir”

– Azərbaycanın müstəqilliyinin qazanılmasında gənclərin rolu böyük olub. Bütün dünyada da belə hərəkatlarda gənclər öndə olur. Ancaq indi Azərbaycanda analar öz övladlarının öndə olmasını arzulamır, buna mane olur. Bunu necə qiymətləndirmək olar?
– Haqlısınız. Istər Azərbaycanın müstəqilliyinin qazanılmasında, istərsə də demokratik dövlət qurmaq cəhdində gənclərimizin rolu böyükdür. Hazırda həm Müsavat partiyasında, həm AXCP-də, həm də heç bir siyasi partiyada təmsil olunmayan, amma Azərbaycanın gələcəyini düşünən “Yalniz mənim qarnım tox olsun” düşüncəsi ilə yaşamayan gənclərimiz var. Onlardan bir çoxları fəal siyasətdədir. Digərləri isə müxtəlif yollarla mübarizələrini davam etdirirlər. Müxtəlif saytlarda gənclərin şərhlərini görəndə xalqın, millətin yolunda hər cür fədakarlığa hazır olan gənclik üçün qürur keçirirəm. Çox ağrıdıcı faktdır ki, gənclərimizi müxtəlif bəhanələrlə həbsxanalara salan bu iqtidar, onları susdurmağa, mübarizə yolundan çəkindirməyə çalışır. Lakin bilmək lazımdır ki, sel gələndə qarşısındakı bütün maneələri dağıdıb tökür. Misir inqilabı bunu bir daha sübut etdi. Müxalifətdə olanlardan düşmən obrazı yaratmaq ən yarıtmaz siyasətdir. Əminəm ki, Azərbaycan gəncliyi həm torpaqları, həm də azadlığı uğrunda mübarizəyə həmişə hazırdır və bu mübarizənin önündə getməyə qadirdir. Övladını mübarizədən yayındıran, “qoruyan” analara Fransanın böyük yazarı V.Hüqonun sözləri ilə cavab verərdim. “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı isə xalqa xidmət etməkdir”. Əziz analar, övladlarınızı əsl insan olmaqdan məhrum etməyin. Onların Azərbaycanın bugünkü durumuna laqeydlikləri gələcəkdə sizin nəvələrinizin faciəsinə çevrilə bilər. Ən əsas isə, bir deyimi unutmayın: “Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad ölmək yaxşıdır”.

– Deməli, Siz bu cür analardan deyilsiniz. Bəs övladlarınız necə, yolunuzu davam edir?
– Təbiidir ki, hər övladda öz valideynindən nə isə var. Nitsşenin belə bir fikri var: “Ata-analar öz övladlarının cismində yaşamaqda davam edirlər”. Mən də övladlarımın cismində özümü görürəmsə, deməli, artıq onlar da mənim yolumun yolçusudurlar. Əgər erkən yaşlarından övladlarına cəsarəti, ədaləti, ləyaqəti təlqin edə bilirsənsə, onda onun gələcəkdə namuslu və ədalətli olacağına şübhən olmasın. Mənim övladlarım da məhz bu tərbiyə ilə böyüyüblər.

– Ümumiyyətlə, cəmiyyətdə fəal qadın azdır. Bunun səbəbi nədir?
– Mən belə düşünmürəm! Günümüzdəki reallıq, siyasi arenada Azərbaycan qadınının heç də kişilərdən geri qalmadığını göstərir. Sadəcə olaraq Azərbaycanda mövcud olan problemlər – işsizlik, bürokratiya, sosial durum, insan haqlarının tapdanması qadınlarımıza da təsir edir. Lakin buna baxmayaraq, qadınlarımız yenə də ayaqdadırlar və mübarizələrinə davam edirlər. Cefersonun belə bir fikri var: “Azad mətbuatı olmayan ölkədə yaşamaq zillətdir”. Hazırda ölkəmizdə beş barmağın sayı qədər müstəqil mətbuat yoxdur. Xüsusilə də telekanallara nəzər yetirsək, onlar manqurtluq kompleksi yaratmaq uğrunda yarışa qoşulublar. Belə bir şəraitdə nəinki qadınların fəaliyyəti, bütövlükdə müxalifətin fəaliyyəti gözə görünmür. Son vaxtlar Müsavat partiyasının qadın qolunun, Qarabağ Azadlıq Təşkilatının qadın qolunun və bir çox digər təşkilatların tədbirləri keçirildi. Bu tədbirlərdə çox cəsarətli bəyanatlar qəbul edildi. Dəvət olunmaqlarına baxmayaraq, bu tədbirlərdə heç bir telekanal iştirak edib bunu işıqlandırmadı. Məhz bu kimi səbəblərdən Azərbaycan qadını fəaliyyətsiz görünür. Halbuki, reallıq bunun əksidir.

“Heç bir təhlükə əqidəli adamı yolundan döndərə bilməz”

– Özünüz fəal xanımsınız. Indi də Azərbaycanda müxalif mövqedə dayanmaq təhlükəli sayılır. Yaxınlarınız Sizi bu yoldan çəkindirmək istəyib?
– Bir dəfə iqtidarda olan qadınlardan biri müsahibəsində “mən çox güclü qadınam” dedi. Doğrusu, bu söz mənə gülünc göründü. Çünki iqtidarda olub güclü olmağa nə var ki. Hünər müxalifətdə olub ləyaqətini, şəxsiyyətini və qürurunu saxlamaqdır. Əsl güc bax, budur. Bu baxımdan mən müxalifətdə olan bütün qadınları güclü sayıram. Əslində təhlükə hər bir işdə və hər bir yerdə var. Ancaq düşünmürəm ki, hər hansı bir təhlükə əsl əqidəli adamı öz yolundan və əqidəsindən döndərə bilər. Ailəmə gəlincə, onlar bu yolda həmişə mənə dəstək olublar. Etiraf edim ki, onların dəstəyi olmasaydı, bu yolu keçmək daha da çətin olardı.

– Bu vaxta qədər hədələrlə, yaxud təhlükə ilə üzləşmisiniz?
– Doğrusu riyadan və yalandan uzağam. Özünə reytinq yığmaq xatirinə yalan söyləyən adamlara da nifrət edirəm. O üzdən sizə doğrusun deyəcəm. Siyasi fəaliyyətim boyu heç bir hədələrlə üzləşməmişəm.

“Heç bir mübarizə nəticəsiz qalmır”

– Bəzi adamlar mübarizənin nəticəsiz qaldığını bəhanə edib kənara çəkilir. Belələrinə sözünüz nədir?
– Əsl mübarizə nəticəsiz ola bilməz. Insan mübarizdirsə, o mütləq nəticə əldə edəcək. Sadəcə bu nəticə bir az gec və ya tez ola bilər. Gəlin yaxın keçmişə nəzər salaq. Azərbaycanın azadlığı uğrunda milyonlarla insan meydanlara çıxdı. Bu yolda hər cür çətinliklərlə üzləşdilər. Qışın soyuğunda çadırlarda meydan hərəkatı vaxtı qalmaq, yaxud rus ordusunun tanklarının qarşısına çıxmaq asan idi? Lakin bu çətinliklərin hamısına baxmayaraq, sonunda Azərbaycan xalqı öz müstəqilliyini qazandı. Mübarizə sözünün anlamında eyni zamanda çətinlik də yatır. Çətinliklərdən qaçanlar isə qorxaq və zəif insanlardır. Belələrinə demək istəyirəm: “Sülh vaxtı vətən yolunda göstərdiyiniz xidmətlər, müharibə zamanı vətən üçün nələrə qadir olduğunuzu göstərir. Əgər bugünkü gündə haqq səsini çixarmaqdan qorxursansa, elə müharibədə də qaçıb gizlənənlərdən biri olacaqsan.

“Tutduğum yolun faydasını görəcəyimə əminəm”

– Bəs özünüz nə vaxtsa “bəsdir, yoruldum, bu işin faydası yoxdur” demisiniz?
– Şübhəsiz ki, fiziki olaraq bəzən yorulduğum vaxtlar olub. Amma tutduğum yolun haqlı və ədalətli bir yol olduğunu bildiyim üçün heç vaxt bu yolda yorulmayacağıma və bu yoldan dönməyəcəyimə əminəm. Tutduğum yolun faydasını isə, inşaallah, görəcəyimə əminəm. Bu, mənim övladlarımın və nəvələrimin azad və demokratik Azərbaycanda yaşadıqları gün olacaq. Son olaraq isə söhbəti böyük Azərbaycan şairi Şəhriyarın bir neçə misrası ilə bitirirəm:
Övladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver! Üsyan eylə! Oyan! Oyan! Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Fizzə Heydərli