«Dinc şəraitdə baş verən bu olaydan sonra əlaqələrin tam olaraq mart ayında bərpa ediləcəyini demək, başa düşülən deyil»
Masallıda Telekommunikasiya Qovşağının partladılması hələ də günün əsas mövzusu olaraq qalır. Xatırladaq ki, partlayış nəticəsində 4 mərtəbəli binanın bir hissəsi tamamilə dağılıb.
Rəsmi qurumlar partlayışı “texnogen” səbəblərlə izah etsələr də, olayın terror aktı olması versiyası daha ağlabatan görünür. Rabitə və Informasiya Texnologiyaları nazirinin müavini Iltimas Məmmədovun açıqladığı bir fakt da terror barədə ehtimalları möhkəmləndirir. Iltimas Məmmədov demişdi ki, Avropadan Asiyaya gedən rabitə xətti Masallıdan keçir və partlayış nəticəsində həmin xətt də sıradan çıxıb.
Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov isə bu günlərdə mətbuata açıqlamasında deyib ki, Avropa ölkələri Masallıdakı partlayışla bağlı ciddi maraqlanırlar.
Nazirin bu açıqlaması onu deməyə əsas verir ki, hətta Avropada bu olaya ciddi yanaşırlar. Görünür, Azərbaycan hüdudlarından kənarda da partlayışın texnogen səbəblərlə bağlı olduğuna şübhə edirlər.
Ötən saylarımızda bildirmişdik ki, rəsmi qurumları daha çox narahat edən sıradan çıxmış xəttin yaddaş blokunun silinməsidir.Bu məsələ ilə bağlı söhbətləşdiyimiz ekspert Osman Gündüz bildirib ki, partlayışdan sonra həmin ərazidən alternativ telekommunikasiya çıxışına malik olan operatorlar var: “Ona görə də bu istiqamət üzrə (Avropadan Asiyaya gedən rabitə xətti) əlaqələri dərhal bərpa etmək mümkün olub. Əlaqə tranzit yolla təmin edilib. Yəni, partlayış olan binanın daxili resurslarından istifadə edilmədən. Azərbaycanda bu istiqamətlər üzrə alternativ kanallara Delta Telekom və digər bir neçə operator malikdir və güman ki, onlara məxsus kanallardan istifadə edilib.
O ki qaldı yaddaş məsələsinə, bu barədə dəqiq bir şey deməkdə çətinlik çəkirəm. Amma o da məlumdur ki adətən qeydə alınan informasiyaların ehtiyat variantları hər zaman olur, daha doğrusu olmalıdır. Xususən də bu tip müəssisələr strateji obyektler sırasındadır və məsul şəxslər informasiyanın hər bir şəraitdə qorunmasını təmin etməyə borcludur”.
Osman Gündüz bir maraqlı məqama da toxunub: “Müharibə labüd olan bir ölkədə, dinc şəraitdə baş verən bir partlayışdan sonra Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin əlaqələrin tam olaraq mart ayında bərpa olunacağını deməsi başa düşülən deyil. Sual olunur ki, bəs onda ”Milli Təhlükəsizlik haqqında” Qanunun informasiya təhlükəsizliyi ilə bağlı tələbləri harada qaldı? Nə üçün bu tələblər yerinə yetirilmir? Bu qanunun tələblərinə görə kommunikasiyanın dayanıqlığı, fəaliyyəti milli maraqlarımızın tərkib hissəsidir və təhdidlərdən qorunmalıdır. Əgər bərpa 3-4 ay çəkəcəksə, zəruri avadanlıqlar qonşu ölkələrdən təcili sifariş verilib gətiriləcəksə, deməli, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi – eləcə də hökumət bundan ciddi nəticələr çıxarmalıdır.
Bu tip hadisələr bir daha göstərir ki, yalnız bir texnologiyaya əsaslanıb iş görmək yetərli deyil, digər müasir texnologiyalar da regionlara çatdırılmalıdır ki, istənilən şəraitdə insanlar bunlardan yararlana bilsinlər. Internet yalnız telefon xəttinin üzərində olmalı deyil, mobil internet, mobil kommunikasiyalar da regionlara cəlb olunmalıdır”.
İnformasiya şöbəsi