Misir diktatoru Hüsnü Mübarəkin istefası uzandıqca neçə diktatorun ömrü uzanır, inanın. Inanın ki, hər dəfə Mübarəkin istefa verəcəyi xəbəri yayılanda yerdə qalan diktatorlar əsməcə keçirməyə başlayırlar. Mübarəkin keçirdiyi bütün hissi-həyəcanı, ürəkbulanmasını, qarınağrısını, taxt-tacdan ayrı düşmənin əzablarını bəri başdan onunla birgə çəkir, necə deyərlər, ölüb-dirilirlər. Və hər dəfə bu xəbər qismən yalan çıxanda onlar illər boyu çilə və zülm çəkmiş adam kimi dərindən nəfəs alır, bəlkə də hələ hər şey itirilməyib deyə, köks ötürürlər. Intizar çox pis şeydi.
Eyni şeyi diktatura zülmü altında inləyən xalq kütlələri də keçirir, ancaq əksinə. Zülm verənlər zülm verənlərlə, zülm görənlər zülm görənlərlə bir ürək kimi döyünür bu günlər… Maraqlıdı, bəs Allah? Allah kimə verəcək görəsən? Dini acıdan yanaşanda, deyək ki, Misir xalqını 30 il, birini 20, birini 17 il sınağa çəkən Tanrı sonunda kimə verəcək? Xalqa, ya yenə də müstəbidlərə, fironlara, özünü Allah sayanlara? Mən deyərdim indi də xalqlar O-nu sınayır…
Bir daha əmin oldum ki, diktatorlarda ləyaqət, şəxsiyyət və utanan üz olmur. Mübarək televiziya ilə çıxışında xalqa səslənib. Dediyindən belə çıxıb ki, hər bir dövlət, hökumət səhv edə bilər. “Əsas olan həmin səhvləri etiraf etmək və günahkarları məsuliyyətə cəlb etməkdir”. Baxın, insan həyasız olanda bu sözləri çox rahatca deyə bilərmiş. 30 il mədəniyyətin beşiyi Misirdə fironluq elə, xalqı inlət, milyardları zəli kimi sorub xalqın qanından çıxar və sonra da utanıb-qızarmadan de ki, səhv ola bilər. Və günahkarlar cəzalanmalıdı.
Səhv uzağı 4-5 il olar. Hakimiyyətə gələrsən, səhv elərsən və gələn seçkidə xalq səni seçməz, məsələ də bitər. Yoxsa sən 30 il allahlıq iddiasında ol, taxtdan parazit kimi yapış və sonda da belə de. Hə, əlbəttə, günahkarlar həmişə tapılır. Uzağı 4-5 naziri vəzifədən atırsan, 4-5-ni qəbirdən çıxarırsan və bütün günahları onların boynuna yükləyib, təzədən öldürürsən. “Keçəl suya getməz” deyirlər. Görəsən Misir xalqının suya getmək həvəsi qalıbmı? Çətin. Artıq bəndlər dağılıb.
Hələ onun bu sözünə baxın: “”Faciəvi hadisələr zamanı şəhid olanlar”ın qanı yerdə qalmayacaq, qan tökənlər cəzalandırılacaq”. Sanki o qanı Mübarək özü yox, hansısa dılğır polis töküb. Baxın, 30 illik şərəfsizlik hələ də bitmir, hələ də bu adamcığaz ibrət götürə bilmir, hələ də bu boyda inqilabın niyə baş verdiyini anlamaqda çətinlik çəkir.
“Mübarəkin bildirdiyinə görə, onu məyus edən ”xarici qüvvələrin müxtəlif səbəblər və bəhanələrlə Misirin daxili işlərinə qarışması, öz iradəsini Misirə diktə etməsidir” (“Azadlıq” radiosu). Bəli, xarici qüvvələr nə qədər ki, Mübarəkin ətəyindən yapışmışdı, onda onlara hər şey olardı, indi ki, onlar xalqın tərəfini tutmağa başladılar, oldular “xarici qüvvə”. Bu diktatorlar belədi də, onları hakimiyyətə gətirəndə, xarici qüvvələrə “atam Əliş” deyirlər, elə ki, işləri buruldu, eləcə “Əliş”… Əliş olmasın ABŞ olsun, nə fərqi?..
Vitse-prezident Süleyman isə xalqa “xarici peyk telekanallarına qulaq asmayın, onlar Misir haqda mənfi imic yaradırlar” deyib. “Öz vicdanınızın səsinə qulaq asın”.
Süleyman əfəndi, Misir xalqı düz 30 il vicdanının səsinə qulaq asmayıb, bundan sonra isə məhz siz deyən kimi eləyəcək – heç kimə yox, yalnız öz vicdanının səsinə qulaq asacaq. Mübarəkdən isə narahat olmayın. Azərbaycan hakimiyyəti onu hələ də sevir, heykəlini Xırdalanda göz bəbəyi kimi qoruyur. Xalqımız isə hələ də vicdanın səsinə yox, Tünzalə Ağayevanın Misirin birinci xanımının bəstəsində sevə-sevə oxuduğu mahnıya qulaq asır. Bura Bakıdı.
Tünzalə Ağayevanın, yoxsa vicdanın səsi…
•
•