Sülalənin sonuncu fəndi

Bəlkə bu, hakimiyyətin artıq sonuncu təklifidir. Mən Iranı nəzərdə tuturam. Artıq bu, hansısa telekanalın fərdi təşəbbüsünə bənzəmir. Bu hakimiyyət Qərbə özünün sonuncu xidmətini təklif edir. Burada azacıq ziddiyyət də var. Bu, həm xidmət təklif etməkdir, həm də şantaj etmək. Bir vaxt Azərbaycanla Iran arasındakı toqquşmadan danışanda bunun perspektivdə belə nəzərdə tutulmadığını deyirdilər, hətta belə fikirlər səsləndirənləri həbsə atırdılar. Nə oldu? Nə baş verdi? Bəli, bu hakimiyyətin gərəkliyini şərtləndirən amillər də azalmaqdadır. Bu vaxta qədər bir siyasi qüvvə kimi bunları maraqlı edən nə idi? Neft və bir də Qarabağ problemi! Artıq birinci məsələ özünün həllini tapıb, daha bunlara ehtiyac yoxdur. Qalır ikinci məsələ – Qarabağ problemi. Sonuncu həll olunmaqdan hələ çox uzaqdır.
Amma Misir hadisələri maraqlı bir detalı üzə çıxardı. Məlum oldu ki, bəzi ölkələrdəki demokratikləşmə və islahatlar prosesini uzunmüddətli münaqişələrin əsirinə çevirmək lüzumsuz bir məşğuliyyətdir. Məsələn, Misirə ancaq Yaxın Şərq münaqişəsinin həlli prizmasından baxmaq xalqların və dövlətlərin haqlı etirazlarına səbəb olur. Ona görə də artıq Qarabağ probleminə də fərqli münasibət formalaşır. Hamı hiss edir ki, hakimiyyətə fərqli qüvvələr gəlsə belə, onlar da tarazlaşdırılmış siyasət yürüdəcək və populist addımlardan çəkinməyə çalışacaqlar. Üstəlik, əvvəl dediyim bir məsələ – bəzi münaqişələrin temporal xüsusiyyətləri ilə dünyadakı dəyişikliklərin temporal xüsusiyyətləri arasında ziddiyyətlər var, münaqişələr daha gec həll olunur. Həm də ki, avtoritar rejimlərə tələsik sülh müqaviləsi imzalatdırmağın da perspektivləri yoxdur, əsl sülh rejimlər deyil, xalqlar arasında baş verəndə daha etibarlı olur…
Hakimiyətdəkilər də bunu hiss edirlər, onlar da başa düşürlər ki, daha əvvəlki kimi gərəkli deyillər və artıq problemləri həll etməkdən daha çox problem yaratmaqla məşğuldurlar – elə bu səbəbdən də özlərinin sonuncu xidmətlərini təklif edirlər. Əvvəl də qeyd etdim ki, burada bir şantaj cəhdi də var. Indi bizim hakimiyyət qədər Misirdə islamçıların qalib gəlməsini arzulayan ikinci bir hakimiyyət bəlkə də yoxdur. Ona görə ki, belə bir perspektiv onların “radikal islam” haqqındakı nağıllarını həqiqətə çevirə bilər və Qərb də yasəmən inqilabından soyuyar. Amma ümid edək ki, onların bu arzusu həyata keçməyəcək, Misir dünyəvi dövlət kimi qalacaq, dünyəvi dövlət tərəfdarları bir siyasi qüvvə ölkədə tam üstünlük təşkil edəcəklər. Hər halda hadisələrin indiki gedişi bir qədər rahat nəfəs almaq üçün əsas verir – “Müsəlman qardaşları” güclü təşkilat olsa da ölkədə həlledici təsirə malik deyildir. Bəlkə də ABŞ-da hakimiyyətdə indiki siyasi qüvvə – demokratlar deyil, respublikaçılar olsaydı bizim hakimiyyətin xidməti dərhal nəzərə alınar və qiymətləndirilərdi. Amma indi hakimiyyətdə demokratlardır. Mənə elə gəlir, demokratların özü respublikaçıların apardığı xarici siyasətin bəzi gizlinlərinin işıqlanmasında maraqlıdırlar. Indilər daha əvvəlki tabu yoxdur – Azərbaycan və onun hakimiyyəti haqqındakı həqiqət nəinki ABŞ mətbuatında, hətta Türkiyədə də işıq üzü görür. Bunlar strateji müttəfiqliyi də hökumətlər arasındakı müttəfiqlik kimi başa düşürdülər və bir vaxtlar elə belə də olurdu. Amma artıq qatar gedib. Əgər belə olmasaydı bunlar risqli geosiyasi təşəbbüsə əl atmazdılar, Iran məsələsi çox risq tələb edən bir məsələdir. Bilirsiniz, ən gülməli bir detal nədir? Bunların hüquqları pozulanda yadlarına düşür ki, Iranda 30 milyon azərbaycanlının da hüquq və azadlıqları tapdanır və başlayırlar lap fədailər kimi danışmağa. Hə, ziyanı yoxdur, qoy danışsınlar, bir az praqmatik olmaq, hər şeydən faydalanmaq yaxşıdır.

Kiçik sözardı

Hər halda, hadisələr müsbət istiqamətdə cərəyan edir. Ola bilsin ki, növbəti seçkidə YAP da bəlli sual qarşısında qalsın: Görən, partiyanı hakimiyyətdə saxlamaq, yoxsa sülalənin hakimiyyətini təmin etmək?! Hər halda, “2013-cü ildə prezident kim olacaq?” sualının cavabı elə də birmənalı görünmür…