Rüşvət də qalıb, korrupsiya da…

«Yaxın vaxtlarda ciddi uğurlar gözləməyə dəyməz»

Samir Əliyev: «Qiymətləri inhisarçılar diqtə edir»

Hökumət rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə başladığını iddia etsə də, hələlik bunun nəticəsini görmək olmur. Yerlərdən gələn məlumatlar rəsmilərin səsləndirdiyi fikirlərlə üst-üstə düşmür. Bütün sahələrdə əvvəllər olduğu kimi rüşvət halları mövcuddur. Sadəcə olaraq bəzi hallarda rüşvət təklif edənin kimliyini bilməyəndə ondan pul almaqdan imtina olunur. Bu da nadir hallarda baş verir. Digər tərəfdən, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə başlanacağı təqdirdə bazardakı qiymətlərdə də bunu his etmək olardı. Heç kəsə sirr deyil ki, sahibkar yetişdirdiyi məhsulu şəhərə çatdırana qədər bir neçə yerdə ondan rüşvət tələb edilir. Bu da satış qiymətində öz əksini tapır. Eyni zamanda ölkəyə daxil olan məhsullara görə qanunsuz ödəmələrin tələb edilməsi idxal edilən məhsulların qiymətində özünü göstərir. Məhsulların cüzi də olsa belə ucuzlaşmaması rüşvətin əvvəlki qaydada qaldığını deməyə əsas verir. Bəs ekspertlər bu barədə nə düşünür?
Iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, hər bir vətəndaş ölkədə rüşvət və korrupsiyanın aradan qaldırılmasında maraqlıdır. Yəni bu proses imitasiya xarakteri daşımasın. Çünki ölkədə qiymətlərin baha olmasının səbəblərindən biri də korrupsiyadır: “Azərbaycanda bütün məhsulların və xidmətlərin qiymətinin baha olmasının əsasən iki səbəbi var. Bunlar korrupsiya və inhisardır. Hər hansı binanın tikintisindən tutmuş, gömrükdən keçən mallara qədər, hər yerdə rüşvət mövcuddur. Bu da nəticədə qiymətlərin qalxmasına təsir göstərir”.
Ekspertin sözlərinə görə, hökumətin bu addımının hansı nəticə verəcəyini bir müddət sonra demək olar. Iki-üç aydan sonra bu prosesin daimi, yoxsa müvəqqəti xarakter daşıdığı məlum olacaq. Korrupsiyanın aradan qaldırılması nəticəsində qiymətlərin aşağı düşməsinin müəyyən zamana ehtiyacı var. Bunun üçün qiymət artımına təsir edən digər amil, inhisarçılıq aradan qalxmalıdır: “Korrupsiya aradan qalxsa, bunun nəticəsində sahibkar izafi xərclərdən azad olsa, deməli, onun gətirdiyi malın maya dəyəri daha ucuz başa gəlir. Həmin malı daha ucuz satmaq imkanı var. Lakin burda başqa məsələ çıxır. Sahibkara həmin məhsulu satmağa imkan verəcəklərmi? Çünki qiymətləri inhisarçılar diqtə edir. Onların isə öz qiymət səviyyəsi var. Kiminsə öz məhsulunu bundan ucuz satmasına imkan verilmir. Bu baxımdan yaxın vaxtlarda ciddi uğurlar gözləmirəm”.

Fizzə