“Qələbə mənim üçün gözlənilməz oldu”

Bu il ölkəmizi Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək iki iştirakçıdan biri Eldar Qasımov milli seçim turundakı qələbə sevincini ANS PRESS-lə bölüşüb.

 

-Eldar, səni təbrik edirik. Qalib olacağına inanırdınmı? Adını eşidəndə hansı hissləri keçirdin?
-Bu, mənim üçün gözlənilməz oldu. İçimdə hələ də həyacan dolu bir sevinc var.

-Azərbaycanı “Eurovision”da layiqincə təmsil edəcəyinə inanırsanmı?
-Hər şeyin super olacağına İnanıram!

-Münsiflər heyəti Almaniyaya səninlə birgə Nigar Camalı da göndərmək qərarına gəldi. Münsiflərin bir qız, bir oğlan seçəcəyindən az da olsa, məlumatın var idimi?
-Qətiyyən yox! Elə bir şeydən xəbərim olsaydı, mən artıq finaldan öncə özümü seçilmiş bilərdim. Çünki beşlikdə oğlan ifaçı təkcə mən qalmışdım.

-Sənə tək çıxış etmək daha asandır, yoxsa duet şəklində?
-Məncə, Eurovision səhnəsində, yəni böyük səhnədə tək olmamaq daha yaxşıdır. Amma duetin də öz çətinlikləri ola bilər. Hazırda çətinliklər barədə düşünmək belə istəmirəm. Hər şeyin super olacağına inanıram.

-Nigardan başqası ilə seçilsəydin, sənin üçün fərq olardımı?
-Heç bu barədə düşünməmişəm. Bütün iştirakçılar özlərinə görə bacarıqlı idilər. Hər halda peşəkar münsiflər heyətinin qərarı belə oldu. Nagarla ikimizin adımdan belə bir etimada layiq görüldüyümüzə görə münsiflər heyətinə təşəkkür edirik.

-Artıq “Eurovision” səhnəsi üçün mahnı seçimi olub?
-Hələ bu barədə məlumatım yoxdur.

-Hazırlıq prosesləri, səsyazmalar harada olacaq?
-Heç nədən xəbərim yoxdu. Sözsüz ki, tezliklə hər şey bəlli olacaq, axı vaxta az qalıb!

-Qarşıda sizi gərgin hazırlıqlar, məşqlər gözləyir. Bütün bünlara psixoloju cəhətdən hazırsanmı?
-Hələ ki, qələbənin sevincini yaşayıram. Əlbəttə ki, həyəcan var. İnanıram ki, hər şeyin öhdəsindən gələcəm. Nigaran olmayın, mənə verilən etimadı doğruldacam!