Bir halda ki, hakimiyyət antikorrupsiya hay-küyünü böyüdür, müstəqil mətbuat da bu mövzunun üstünə daha çox getməlidir. Görək indi nə planlaşdırıblar, indi nə hiylə gözləyir bizi. Indiyədək biz bu halları yazanda deyirdilər ki, hər şeyi qara görürsünüz. Bəs indi nə baş verir, artıq gözləri qaranı görməyəmi başlayıb bizim hakimiyyətin? Etirafdırmı? Bunu da tezliklə biləcəyik. Odur ki, mövzuya daha tez-tez qayıtmalıyıq, xüsusən də köklü korrupsionerlərin izi ilə…
Bu gün gənc, lakin çox nəhəng korrupsionerlərdən olan Kərəm Həsənov haqda yazmağa qərar verdim. Bir neçə gün öncə RATI-də mətbuat konfransı keçirən bir vətəndaşın həyəcanı hələ qulağımdan getmir. Təsadüfən orada olsam da, oturub axıracan qulaq asdım. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin keçmiş əməkdaşı Oruc Orucov mətbuat konfransı keçirirdi. Bu vətəndaşın böyük miqdarda pulunun arxasına keçən Kərəm Həsənov o qədər özbaşınalıq etməyə başlayıb ki, yazıq Orucovu şikayət etdiyinə görə həbs etdirib. Onu polisə aparıblar, qorxudub yola salıblar ki, bir də Kərəm Həsənovun həndəvərinə hərlənməsin. Oruc Orucov uzun müddətdir hər yerə şikayət edir, amma səsini eşidən yoxdur. Əksinə, onu izləyir, qorxudur, həbs edirlər. Jurnalistlərdən biri dedi ki, Oruc müəllim ötən dəfə mətbuat konfransından sonra ondan 20 qəpik alıb ki, evinə gedə bilsin. Gör adamı nə günə salıblar. Ilham Əliyev deyir ki, özbaşınalıqlar haqda vətəndaşlar xəbər versin. Bəs illərdir bunları xəbər verən Oruc Orucovu niyə eşidən yoxdur? Kərəm Həsənov toxunulmazdırmı?
Mən absurd vətənpərvərliyi heç vaxt dərk etməmişəm. Bir ölkəni onun insanı ilə birgə sevəcəksən. Odur ki, Oruc Orucova edilən zülmü bütün ölkəyə edilən cinayət sayıram. Oruc Orucov Kərəm Həsənovun iş mexanizmindən şok yaradan məqamlar danışdı: “O, pulları yığır və deyir ki, özümə yığmıram ki, Heydər Əliyev Mərkəzini tikirəm”.
Belə çıxır ki, Kərəm Həsənov yığdığı pulların məsuliyyətini Ilham Əliyevin üstünə atır və ona görə də özündə Oruc Orucov kimi vətəndaşları əzməyə cəsarət edir.
Internetdə axtarış versəniz, Kərəm Həsənovun da Dubayda mülklərinin olduğunu görəcəksiniz. Bərəkallah, yarışdır bəlkə?! Bəlkə də komitə sədri deyir ki, o kimdən zəifdir ki?! Ramiz Mehdiyev cari iclaslar keçirəndə, nə vaxtsa “Bizim yol” qəzetində çıxmış fakt və fotoları da müzakirə etsin. Qəzet Kərəm Həsənovun Dubayda inşa etdirdiyi hotel və ofislərin fotolarını dərc edib. Bu hotel və ofisin binaları dünyanın ən hündür binası olan “Bürc Xəlifə”nin yaxınlığındadır. Binanın birinin adı “Clover Tower”, o birinin adı isə “Opal Tower” adlanır. Bəlkə Ilham Əliyev xalqdan bundan daha yaxşımı fakt və xəbərləri gözləyir. Faktın buynuzumu olur?
Bəs komitə sədri, nazir bu binaları necə tikir görəsən? Qoy bunu da özlərindən başlamağı vacib sayan Zakir Qaralov araşdırsın. Necə bəyəm, Oruc Orucov məhv olsun, onun övladları həmişəlik oruc qalsın, başqaları isə Dubayda, Bakıda mülkləri yan-yana düzsün?! Necə olur ki, Kərəm Həsənovlar Dubayda tikir, Bakıda tikir, Oruc Orucov isə almaq istədiyi kiçik mülk üçün verdiyi pulu da geri ala bilmir, ac-yalavac, səfil gününə düşür, avtobus pulu axtarır? Necə olur bu? Indiyədək qəzetlərin Kərəm Həsənova məxsus mülklər haqda yazdıqlarından 10 nüsxə “Koroğlu” dastanı çıxar, Oruc Orucovun düşdüyü vəziyyətdən isə ən azı o qədər Kərəm dastanı…
Ümumiyyətlə, korrupsiya ilə mübarizə aparanlar nə düşünür: Oruc kişinin şikayətini eşidən olacaqmı?
Kərəm Həsənovun dastanlarından biri
•